Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:37

Bakı Eurovisiona hazırdmı?


Eurovision-2011-in qalibləri Bakıda
Gözlə

No media source currently available

0:00 0:02:40 0:00
Direct-ə keçid
Eurovision-2011 müsabiqəsində Azərbaycanın qələbəsindən iki gün keçib. Sevinc hissi ilə yaşayan adamlar indi həm də düşünürlər ki, Azərbaycan 2012-ci ildə 57-ci Eurovision mahnı müsabiqəsinə necə ev sahibliyi edəcək? Dünyanın 50-yə yaxın ölkəsindən qonaqlar qəbul etməyə ölkə nə dərəcədə hazırdır?

«NEFT PULLARI VƏ AĞILLI STRATEGİYA HESABINA... »


İqtisadçı ekspert Natiq Cəfərlinin «Facebook» sosial şəbəkəsində paylaşdığı fikirlərə baxanda aydın olur ki, o bir mütəxəssis kimi narahatdır.

Natiq Cəfərlinin deməsinə görə, Bakıda cəmi 89 hotel və hotel tipli müəssisə var. Onların da cəmi 16 faizi lüks, 46 faizi isə 1-ci dərəcəli nömrələrdir.

Bakıdakı otellərdəki qiymətlərə gəlincə, qiymətlər 60 manatla 3 min manat arasında dəyişir.

İqtisadçı deyir ki, Almaniyanın Düsseldorf şəhərində keçirilən Eurovision-2011 mahnı müsabiqəsində ölkələrin nümayəndəliklərinin, jurnalistlərin, və fəxri qonaqların sayı 2500 nəfər, turistlərin sayı isə 70 mindən çox olub.

Natiq Cəfərliyə görə, hazırda Azərbaycanın eyni vaxtda bu qədər qonağı qəbul etməyə infrastrukturu yoxdur.

Vaxtın az, görüləsi işlərin çox olmasına baxmayaraq iqtisadçı neft pulları və ağıllı strategiya hesabına bütün işləri vaxtında çatdırmağı mümkün sayır:

«Vaxt çox az olduğundan hökumət daha çox işləməli, daha çox qərarlar qəbul eləməlidir ki, bütün işlər bir müddətinə görülsün»

İqtisadçı düşünür ki, təkcə infrastruktur, otel, qonaqların necə yerləşməsi problem deyil.

Natiq Cəfərli
«2012-YƏ QƏDƏR POLİS DƏ, METRO DA , MARŞRUT DA DƏYİŞMƏLİDİR»


Natiq Cəfərliyə görə, 2012-ci ilə qədər ölkədə siyasi problemlər, söz və mətbuat azadlığından tutmuş polisin insanlarla davranışına qədər dəyişikliklər edilməlidir. Eyni zamanda şəhərdaxili marşrutlarda, metroda Avropa standartlarına uyğun yeniliklər olmalıdır.

«Asayişi qoruyan insanların normal davranması, hər hansı Avropa dilində müəyyən suallara cavab verə bilməsi və s. bunlar çox vacib şərtlərdir. Bütün bunlar olmasa nə qədər güc və maliyyə sərf olunsa da bu ölkənin imicini düzəltməyə bəs etməyəcək».

NAZİRLİK DEYİR BAKININ İMKANI DA VAR, İRADƏSİ DƏ

Mədəniyyət və Turizim Nazirliyində isə narahatlığa əsas görmürlər. Nazirliyin mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətov deyir ki, elə 2011-ci ildə Bakıda yeni 5 beş ulduzlu otel istifadəyə veriləcək.

«Mənə belə gəlir ki, Bakının belə tədbirlərə ev sahibliyi etmək imkanı və iradəsi var. İnfrastruktur və s. işlər isə qarşıdakı bir ildə həyata keçiriləcək».

Eurovision-2011 mahnı müsabiqəsində Azərbaycanı təmsil edən nümayəndə heyətinin rəhbəri Adil Kərimli də Bakının ev sahibliyinə həm inanır, həm də güvənir. Amma deyir ki, digər bütün suallara mayın 17-də keçiriləcək mətbuat konfransında aydınlıq gətirəcəklər.

Polislə bağlı yeniliklərin gəlincə, Daxili İşlər Nazirliyində hesab edilər ki, müsabiqədəki qələbədən iki gün sonra bu barədə danışmağa hələ çox tezdir.

Eldar və Nigar
MAHNI HƏM DƏ SİYASƏT MƏSƏLƏSİDİR


Azərbaycanın 57-ci mahnı müsabiqəsinə ev sahibliyini qazanmasını siyasi şərhçilər də təhlil edirlər. Təhlillərə görə, Qərb bu kimi mötəbər tədbirlərin insan haqlarına və demokratiyaya hörmət edən, Avropaya inteqrasiya olunmaq istəyən dövlətdə gerçəkləşməsini istəyər.

Bu baxımdan da şərhçilər hesab edirlər ki, ölkədəki siyasi problemlər, jurnalistlərə qarşı basqılar qarşıdakı bir ildə həllini tapmalıdır.

Təhlilçilərə görə, bu olmayacaqsa hər şey ölkənin əleyhinə işləyəcək.

AZƏRBAYCAN ÜÇÜN GÖZƏL FÜRSƏT

Mayın 16-da Azərbaycan xalqını təbrik edən Avropa İttifaqı Nümayəndəliyinin rəhbəri Roland Kobia da növbəti mahnı müsabiqəsinin Bakıda keçirilməsini beynəlxalq ictimaiyyətin diqqətinin ölkəyə cəlb edilməsi baxımından əlamətdar hadisə sayır. Bunu Azərbaycan cəmiyyətinin qəti və radikal şəkildə müasirləşdiyini dünyaya göstərmək üçün gözəl fürsət sayır.

VİZA REJİMİNİN SADƏLƏŞDİRİLMƏSİ


Azərbaycan Miqrasiya Mərkəzinin İctimai Birliyi isə viza rejiminin sadələşdirilməsi və ya Avropa ölkələri ilə Azərbaycan arasında viza rejiminin ləğv edilməsini təklif edir. Mərkəzin rəhbəri Əlövsət Əliyev deyir ki, ölkə qanunvericiliyində sadələşdirilmiş viza rejiminin tətbiqi ilə bağlı müəyyən qaydalar mövcuddur. Əlövsət Əliyevin deməsinə görə, əgər Azərbaycana gələcək həmin qonaqları qanunla müəyyən edilmiş səlahiyyətə malik orqan dəvət edəcəksə onlar Bakı hava limanında sadələşdirilmiş vizanı əldə edə biləcəklər.

Əlövsət Əliyev
«Əks halda bu mümkün deyil və əcnəbilər öz ölkələrindəki Azərbaycan konsulluqlarına müraciət edəcəklər və 15 gün müddətində viza alacaqlar sonra Azərbaycana gələcəklər».

Əlövsət Əliyevə görə, əgər o vaxta qədər qanunda dəyişikliklər olmasa çox sayda əcnəbilərin ölkəyə gəlməsində müəyyən çətinliklər yaşanacaq.

Üstəlik nəzərə almaq lazımdır ki, Eurovision müsabiqəsinin ən müxtəlif qonaqları olur. Mütəxəssislərin fikrincə Azərbaycan gələn qonaqlara dini, irqi fərq qoymamalı, hətta cinsi azlıqlara belə dözümlü yanaşmalıdır.
XS
SM
MD
LG