Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:46

Koroğlu dastanı ("Koroğluynan Dəli Həsən" qolu) - 2


əvvəli

Günlərin bir günü Koroğlu Qırat minib Çənlibelin ətəyindəki yola çıxmışdı.

Bir də baxdı budu, bir dəstə yaraqlı-yasaqlı atlı gəlir. Amma atlıların qabağında bir oğlan gəlir ki, dünyalara dəyər.

Üzündən, gözündən igidlik yağır.

Oğlan Koroğlunu görcək, dəstəsinə hay vurdu. Atlılar o saat Koroğlunu araya aldılar.

Koroğlu dayandı.

Gözlədi ki, görsün işin axırı nə olacaq. Oğlan atı cövlana gətirdi, süzdürüb düz Koroğlunun qabağında dayandı. Sonra bir Koroğluya baxdı, bir atına baxdı, soruşdu:

– Əyə, de görüm kimsən? Bu yerlərdə nə gəzirsən?
Koroğlu dedi:
– Yoldan keçənəm.
Oğlan bir də Koroğlunun atına baxıb soruşdu:
– Bu atı haradan alıbsan?
Koroğlu dedi:
– Mən sənə məsləhət görürəm öz yolunla düz gedəcən. Yoxsa
yaxşı olmaz.
Oğlan bu sözdən qəzəbləndi. Hirslə atının başını çəkdi. At iki dal
ayaqları üstünə qalxdı. Üzünü Koroğluya tutub dedi:
– Görünür ki, sən məni tanımırsan? Əgər tanısaydın belə danışmazdın.
Mənə Dəli Həsən deyərlər. Bu yollardan kim keçsə, mənə
bac-xərac verməlidi.
Koroğlu onu tanıdı. Bildi ki, atasının dediyi Dəli Həsəndi. Bir də
diqqətlə atına, özünə baxdı. Gördü yox, Dəli Həsən doğrudan da igid
oğlandı.
Koroğlu atası ölən gündən bəri onu axtarırdı. Onunla dostlaşmaq,
əlbir olmaq fikrində idi. Ancaq bilirdi ki, bu iş elə-belə baş tutmayacaq.
Dava-dalaşsız məsələ düzəlməyəcək. Fikir onu götürdü ki, indi
nə təhər eləsin. Elə bu fikirdə idi ki, Dəli Həsən bir də qışqırdı:
– Əyə, sənə atdan düş demirəmmi? Yoxsa əcəlin çatıb?
Koroğlu aramla dedi:
– Dəli Həsən, səsinə qüvvət vermə, igid dil açmaz, əl açar.
Dəli Həsən dedi:
– Əyə, sən kimsən ki, mənim qabağımda belə yekə-yekə danışırsan?
– Dayan, deyim kiməm.

Bunu deyib, Koroğlu atın başını çəkdi. At elə qalxdı ki, dırnağının
altından qopan daş bir neçə adam boyu Dəli Həsənin başının üstündən
keçib, o tərəfə düşdü. Koroğlunun ətrafını bürümüş atlılar çaxnaşmaya
düşdülər. Koroğlu sazı çiynindən aşırıb döşünə basdı, dedi:

Məndən salam olsun əcəm oğluna,
Meydana girəndə, meydan mənimdi!
Qıratım köhləndi, özüm qəhrəman,
Çalaram qılıncı, düşmən mənimdi!
Meydana girəndə meydan tanıyan,
Haqqın vergisinə mən də qanıyam.
Bir igidəm, igidlərin xanıyam,
Bu ətrafda bütün hər yan mənimdi!
Adımı soruşsan, bil, Rövşən olu,
Atadan, babadan cinsim Koroğlu;
Mənəm bu yerlərdə bir dəli, dolu,
Gündoğandan ta günbatan mənimdi.

Dəli Həsən bir Koroğluya baxdı, bir dönüb başının adamlarına
baxdı, hündürdən bir şaqqanaq çəkib güldü. Atlılar da gülüşdülər.
Onların bu gülüşməyi Koroğluya dəydi. Bir istədi Misri qılıncı çəkib,
özünü onlara göstərsin. Sonra lənət şeytana deyib, aldı sazı görək nə
dedi:

İgid meydana girəndə,
Qaynayıb coşmamaq gərək.
Əgər olsa haqq vergisi,
Qismətdən qaçmamaq gərək.
Baxmaram düşmən hayına,
Haqq bəla versin, xayına,
İgid igidin payına
Köndələn düşməmək gərək.
Qoç Koroğlu çıxar düzə,
Baxmaram əlliyə, yüzə.
Mən dəlidən öyüd sizə,
Həddindən aşmamaq gərək.

Koroğlunun belə yekə-yekə nəsihət verməyi Dəli Həsənə lap acıq
gəldi. Başınının adamlarına hay vurub, Koroğluya hücum eləmək istədi.
Koroğlu dedi:

Gəl sənə söyləyim, ay Dəli Həsən,
And içmişəm bu gün döyüş olmasın.
Yoxsa aslan kimi cuşa gələrəm,
And içmişəm bu gün döyüş olmasın.
Mərd igidlər müxənnətdən seçilsin,
Qarı düşmən dərələrə tökülsün,
Bizim aramızda münsif tapılsın,
And içmişəm bu gün döyüş olmasın.
Çəkərəm qılıncı, kəsərəm yolu,
Mənəm igidlərdə bir dəli, dolu
Hələ coşmayıbdı bu qoç Koroğlu,
And içmişəm bu gün döyüş olmasın.

Dəli Həsən elə bildi ki, Koroğlu ondan qorxur. Geri qanrılıb, başının
adamlarına dedi:

– Əyə, mən də elə bilmişəm ki, bu doğrudan da igiddi. Sən demə,
bu yanşaq gəvəzənin birisi imiş. Tutun, yekə-yekə danışdığına görə
atını əlindən alın, özünə də bir-iki vurub yola salın.
Koroğlu baxdı iş davasız keçməyəcək. Misri qılıncı çəkib, aldı
görək nə dedi:

Acıqlanma, Dəli Həsən,
Misri qılınca qataram.
Atılaram şeşpər kimi,
Bağrın başına bataram.
Namərd nədi özün öyə?
Meydanda mərd igid söyə?
Qaçıb çıxar olsan göyə,
Kəmənd tullayıb tutaram.
Nə baxırsan küsür kimi?
Yarpaq necə əsir kimi?
İndi sənin yesir kimi
Qolların dalda çataram.
Hayqırıb açsam meydanı,
Su tək axıdaram qanı,
Dəstələyib bəyi, xanı,
Qırat döşünə qataram.
Qoç Koroğlu öz karında,
Yalan olmaz ilqarında.
Çəkib Hələb bazarında
Səni qul deyib sataram.

Koroğlunun bu sözündən Dəli Həsən qızışdı. Özü çəkildi bir kənarda
durdu, başındakı adamlara hökm elədi ki, Koroğlunu tutsunlar.
Dəli Həsənin dəstəsi Koroğluya hücum elədi. Koroğlu atı cövlana
gətirib, qışmız şir kimi onların üstünə cumdu.

Bir yandan Koroğlu, bir yandan Qırat az vaxtda dəstəni qatımqatım
qatlayıb əldən-ayaqdan saldılar. Dəstədən qırılan qırıldı, qalanlar
da qaçıb dağıldılar. Koroğlu dəstəni dağılmış görüb, Qıratı ildırım
kimi süzdürdü, çəkilib bir yanda duran Dəli Həsənin üstünə sürdü.
Üzünü ona tutub, aldı görək nə dedi:

Qıratı gətirdim cövlana, indi
Varsa igidlərin meydana gəlsin!
Görsün mən dəlinin indi gücünü,
Boyansın əndamı al qana, gəlsin!..
Qorxum yox paşadan, sultandan, xandan,
Gəlsin mənəm deyən, keçirdim sandan,
Ərlər daldalanıb qorxmasın qandan,
At sürsün, qovğaya mərdana gəlsin!..
Koroğlu əyilməz yağıya, yada,
Mərdin əskik olmaz başından qada.
Nərələr çəkərəm mən bu dünyada,
Göstərrəm məhşəri düşmana, gəlsin!..

Dəli Həsənlə Koroğlu dava eləyəsi oldular. Qılınclarını çəkib, birbirinə
hücum elədilər. Qılıncdan murad hasil olmadı, əmuda əl atdılar.
Əmuddan murad hasil olmadı, nizəyə əl uzatdılar. Nizədən də kar
aşmadı. Axırda atdan düşdülər, güləşməyə başladılar. Dəli Həsən ilə
Koroğlu çox güləşdilər, gah o buna güc gəldi, gah bu ona güc gəldi. Qoç
Koroğlu axırda bir dəli nərə çəkib Dəli Həsəni götürüb yerə vurdu.
Dizini sinəsinə dayadı, əlini qılınca atanda, Dəli Həsən bir ah çəkdi.
Koroğlu dedi:
– Bir qaşıq qanından qorxub niyə ah çəkirsən?
Koroğlunun cavabında Dəli Həsən dedi:
– Ey igid, mən canımdan qorxub ah çəkmirəm. Əhdim var idi.
Əhdimə çatmadım.
Koroğlu soruşdu:
– Əhdin nə idi?
Dəli Həsən dedi:
– Mən əhd eləmişdim ki, hər kim məni bassa, onunla dost, qardaş
olam. Ölənə qədər onun yanında qalam. İndi sən məni basdın, ancaq
öldürürsən, əhdimə çata bilmirəm.
Dəli Həsənin bu sözü Koroğlunu sevindirdi. Ayağa qalxdı, Dəli
Həsənin qolundan yapışıb qaldırdı, əlini üç dəfə onun dalına vurdu.
Dəli Həsən onun qılıncının altından keçdi, ölənəcən ona qardaş
olub, qulluğunda durmağa and içdi. Ondan sonra üzünü Koroğluya
tutub dedi:
– Qoç Koroğlu, düz yeddi ildi ki, mən bu yolların ağasıyam. İndiyə
qədər hələ bir adam mənim qabağıma çöp sala bilməyib. Bu yeddi ilin
ərzində bir bəzirgan mənə bac verməmiş bu həndəvərdən keçə bilməyib.
Bəylərdən, xanlardan, tacirlərdən alıb yığdığım mal-dövlətin,
qızıl-gümüşün, cavahiratın hamısını saxlamışam. İgidlər arasında olan
adətə görə indi onların hamısı sənə çatır. Buyur, gedək malına sahib
ol!
Koroğlu qabaqca ona inanmadı. Şübhələndi ki, bəlkə hiylə qurub
onu topa salmaq istəyir. Sonra fikirləşib öz-özünə dedi: “Eybi yoxdu,
elə belə yaxşıdı. Bu başdan yoxlayıb, sınaqdan çıxardaram. Qoy
mərddirsə də indidən bilinsin, müxənnətdirsə də indidən bilinsin”.
Özü Qıratı mindi, sonra da üzünü ona tutub dedi:
– Min atını, sür, gedək!
Dəli Həsən qabağda, Koroğlu dalda az getdilər, üz getdilər, gəlib
bir sıldırım qayanın dibinə çatdılar.
Qayanın dibi yaman kol-kosluq idi. Dəli Həsən atını kol-kosluğa
vurdu. Koroğlu da onun dalınca. Elə bir az getmişdilər ki, qabaqlarına
bir mağara çıxdı. Dəli Həsən atdan düşdü. Sonra Qıratın cilovundan
yapışıb dedi:
– Çatmışıq. İndi atdan düş, içəri girək.
Koroğlu yenə də Dəli Həsəni qabağına salıb mağaraya girdi. Baxdı
ki, burada o qədər qızıl-gümüş var ki, elə bil yeddi padşahın xəzinəsi
buradadı. Koroğlu mağaranı tamam-kamal gəzdi. Hamısını gözdən
keçirdi. Sonra Dəli Həsənə dedi:
– Qoy bunlar elə buradaca qalsınlar. İndi bunlar bizə lazım deyil.
Amma elə ki, Çənlibeldə yurd-yuva saldıq, başımıza dəlilər, igidlər
yığıldı, onda bunlar bizə lazım olacaq.
Doğrudan da elə oldu.
Bu gündən Koroğlunun başına yavaş-yavaş adamlar yığışmağa
başladı. Çox çəkmədi ki, Çənlibel qoçaq oğlanların, igidlərin məskəni
oldu.

davamı
XS
SM
MD
LG