Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:52

Koroğlu dastanı ("Koroğluynan Aypara" qolu) - 13


əvvəli

Koroğlu oturub mağarada dəlilərdən küsmüşdü. Bu tərəfdən də Eyvazı gözləyirdi ki, Eyvaz gələ.

Eyvaz gəlib çıxmadı. Koroğlu çox darıxıb durub gəldi Qıratın yanına, sazını kök eləyib görək nə dedi:

Qurban olum qara telə,
Eyvazı yolladım gələ,
Al yanağı döndü gülə,
Qoçum Eyvazım gəlmədi.
Havalarda uçan dunra,
Qanadları burma-burma,
Həm dəf çaldım, həm də zurna,
Qoçum Eyvazım gəlmədi.
Göy üzündə vardı ulduz,
Hər dəlimə aldım bir qız,
İstər gəlin, istərsə qız
Qoçum Eyvazım gəlmədi.
Gedibən halallaşmadı,
Dedim getmə, barışmadı,
Qoç içinə qarışmadı,
Qoçum Eyvazım gəlmədi.
Gedin deyin o cavana,
Gül çiçəyi qıydı cana,
Nöş gəlmədin sən bu yana,
Qoçum Eyvazım gəlmədi.
Qoçum, Eyvaz, qoçum, Eyvaz,
Getdin, könül oldu nasaz,
Divandasan mənə sən yaz,
Qoçum Eyvazım gəlmədi.
Koroğlu ağlayırdı. Elə bu dəmdə Eyvaz özün Koroğluya yetirdi.
Koroğlu qolunu saldı Eyvazın boynuna, öpüşdülər. Səhəri gün Koroğlu
Qıratı Eyvaza tapşırıb aşıq paltarı geydi, sazını qoltuğuna vurub çıxıb
getdi.
Koroğlu bir neçə mənzil yol gedib, gəlib çatdı İstanbul şəhərinə.
İndi gəlin xəbəri İstanbul paşasının qızı Aypara xanımnan verim.
Aypara xanım əmisi oğlu Osmana adaxlı idi.
Aypara bilirdi ki, atası Xəlil paşaynan Koroğlunun arası yoxdu.
Aypara xanım eşitmişdi ki, Koroğlu çox şücaətli adamdı. Pis məqamda
olsa da düşmənə boyun əyən deyil. O, çox tələsirdi ki, Koroğlunu görə.
Bir gün Aypara eyvanda gəzinirdi, bu dəmdə Koroğlu aşıq paltarında
gəlib eyvanın qabağından keçdi. Aypara xanım gördü ki, eyvanın
qabağından keçən oğlan çox gözəl, möhkəm adama oxşayır.
Ayparanın qulluqçusu dedi:
– Xanım, bu Koroğludu!
Aypara xanım dedi:
– Koroğlu atamın qorxusunnan bu tərəflərə gəlib çıxmaz.
Qulluqçusuynan xanımın sözü çəp düşdü.
Aypara xanım dedi:
– İndi ki belədi, get çağır onu, görək kimdi?
Qulluqçunun adı Sənəmdi. Aşağı düşüb Koroğlunu çağırdı. Koroğlu
gəlib dayandı eyvanın qabağında, gördü ki, iki qız yan-yana durub, birbirindən
gözəl.
Aypara xanım xəbər aldı ki, kimsən?
Koroğlu sazını sinəsinə basıb dedi:
Birisinin ayağında məsti var,
Birisinin can almağa qəsti var,
Koroğlunun bu yerlərdə əsri var,
Koroğluyam, gəldim mən bac almağa.
Sənəm Aypara xanıma dedi:
– Gördün Koroğludu!
Aypara xanım saçın saz eləyib görək nə dedi:
Koroğlu gəzdirir qolunda laçın,
Sədası gələndə düşmənnər, qaçın,
Görməmişəm doqquz hörük mən saçın
Hanı Qıratın, gəldin bac almağa!
Koroğlu:
Koroğlu küsəndə meydan eliyir,
Buraxıb Qıratın sazın köklüyür,
Dəliləri Çənlibeldə bəsliyir,
Koroğluyam, gəldim mən bac almağa!
Aypara xanım dedi:
– Sən Koroğlu deyilsən. Əgər Koroğlusansa de görüm onun ən yaxın
dəliləri kimlərdi?
Cavabında Koroğlu dedi:
Bir dəlim vardı ki, adıdı Eyvaz,
Sağında, solunda düşməni saymaz.
Uzağa getsə də o mənsiz durmaz,
Koroğluyam, gəldim mən bac almağa.
Aypara xanım Eyvazın adını eşidib yəqin etdi ki, Koroğludu. Bu
tərəfdən də Koroğlu hörüyünü Ayparaya görsətdi. Aypara xanım Koroğlunu
tanıyıb, əmisi oğlu Osmanın məhəbbətini ürəyindən çıxartdı. Bir
könüldən min könülə vurulub özünü ona nişan verdi:
Adımdı Aypara, nəslim duduman,
Yaşıl çimən, axar sular, şux orman,
Atam Xəlil paşa, adaxlım Osman
Hayıfsan, ay oğlan, görəllər səni.
Koroğlu:
Adındı Aypara, nəslin duduman,
Ay qız, sənin adaxlındı Osman,
Mən gəlmişəm alım burda qana-qan,
Verib mənə nişan dəlilər səni.
Aypara:
Dəlilərin nolur burda olaydı,
El-obanı çalıb-çapıb soyaydı,
Ayparaynan baş yastığa qoyaydı,
Heyifsən, ay oğlan görərlər səni.
Koroğlu bir az da irəli gəlib Aypara xanımı təpədən dırnağa kimi
süzdü, sazı döşünə basıb görək nə dedi:
Mən gedəndə burda tikdirdim qala,
Koroğlu dönübdü bu bürcü ala,
Koroğlu boynuna qulac qol sala,
Nişan verib mənə dəlilər səni.
Koroğlu sözünü tamam elədi. Eyvana çıxıb Aypara xanımla qolqola
verib girdilər otağa. Koroğlu burda bir neçə gün qalıb Ayparaynan
keyf çəkməkdə olsun, sizə deyim Sənəmdən.
Sənəmin də gözü Koroğluya düşmüşdü. Bir gün girəvə tapıb təklikdə
Koroğluya dedi:
– Gəl baş yastıq olaq.
Koroğlu iki barmağıynan Sənəmin ağzından bir sillə vurdu.
Sənəmin ağzı, burnu qanla doldu. Sənəm gəlib bulağa əl-üzünü yudu,
tez özünü yetirdi Osmanın yanına. Çatcağın ona dedi:
– Bəylik taxtın yıxılıb; anan qara geysin, nə durmusan. Aypara
Koroğluya aşiq olub. Bu saat onun yanındadı.
Osmanın əhvalı dəyişdi. O, bir tərəfdən qorxuya düşdü, o biri
tərəfdən də qeyrət hissi onu boğdu. Osman at minib, qoşun götürüb
Koroğlunun üstünə yeridi.
İndi eşit Ayparaynan Koroğludan.
Koroğluynan Aypara xanım oturmuşdular eyvanda. Çay içib söhbət
eləyirdilər. Birdən Koroğlunun gözü sataşdı yola, gördü ki, Osman
atdılarnan ona sarı gəlir. Tez sazı döşünə basıb dedi:
Düşdü üzüyümün qaşı,
Olmamışdım mən heç naşı.
Sağ buraxdım qarabaşı,
Çənlibeldə Eyvaz qaldı.
Bu sözdən Aypara bir şey başa düşmədi.
Xəbər aldı ki: – Nə olub?
Koroğlu dedi:
Nə təmizdi üzü ayın,
Yoxdu Rum elində tayın,
Sənəm çıxdı bizə xayın,
Dörd yanımı düşmən aldı.
Aypara bu sözü eşidən kimi Koroğlu baxan tərəfə baxıb gördü ki,
Osman qoşunnan gəlir. Üzün tutub Koroğluya dedi:
– Doğrudu, gəlirlər. Amma məəttəl qalmışam ki, Sənəm bizi nə
üçün satıb.
Koroğlu Sənəmnən olan əhvalatı Ayparaya danışdı.
Aypara dedi:
– İndi ki, məni bu qədər sevib vəfalı çıxıbsan, gəl mən səni davasızşavasız
buradan qurtarım.
Koroğlu dedi:
– Mən gərək meydanda cövlan vuram. Osmana qan ağladam.
Aypara xanım yalvarıb qoymadı. Durub gəldilər evə. Aypara xanım
Koroğluya bir dəst arvad paltarı geyindirib bu biri qapıdan yola saldı.
Koroğlu arvad paltarında çıxıb yolun bir tərəfində gizlənməkdə olsun,
sizə deyim Osmandan. Osmangil bu tərəfdən gəlib çatdılar Ayparanın
eyvanının qabağına. Eyvanı dövrəyə alıb dayanmışdılar ki, Koroğlu
səsinin nazik yerinə salıb qışqıra-qışqıra atılıb üz qoydu Osmanın
qoşununa sarı.
Osman xəbər aldı ki, ay qarı, nə üçün qışqırırsan?
Koroğlu dedi:
– Necə qışqırmayım, Koroğlunun yeddi min yeddi yüz yetmiş
yeddi dəlisi Xəlil paşanın evini alt-üst elədilər.
Koroğlu bunu deyib gözdən itdi, dərəyə çəkilib əlini belinə qoyub
dayandı. Osman əmr verdi ki, qoşun əmisinə köməyə qayıtsın. Qoşun
qayıdanda əl atıb atdarın birinin cilovuna, çəkdi dərəyə. Atdını boğub
atını aldı. Qılıncını bağlayıb belinə, gözlədi. Bu tərəfdən qoşun gözdən
itib getdi. O biri tərəfdən də tək qalan Osman özünü yetirdi Ayparanın
qapısına. Qapını döydü. Aypara xanım qapını açmadı. Bu dəmdə
Koroğlu Osmana özünü yetirdi. Osmanın qolun bağlayıb atdı bir yana.
Aypara xanım eyvandan baxırdı. Bunu görüb Koroğluya dedi:
– At quyuya!
Koroğlu Osmanı yernən sürüyə-sürüyə götürüb saldı dərin bir
quyuya. Ağzına da bir dəyirman daşı çevirib çıxıb getdi Ayparanın
yanına. Oturub keyfə başladılar.
Dəlilər Koroğlunun yadından çıxmışdı. Koroğlu ikinci gün Ayparanı
götürüb keçdi başqa bir yerə. Xəlil paşa işdən xəbərdar olub
Koroğlunun dalısıncan adam saldı. Bu tərəfdən də Sənəm Koroğlunun
dalısıncan gəzirdi. Koroğluynan Ayparanı tapa bilmədilər. Xəlil paşanın
ovqatı təlx olub elan verdirdi ki, kim Koroğlunun yerini desə bir
kisə qızıl verəcəyəm.
Koroğlu dəlilərdən düz bir ildi ki, ayrılmışdı. Ayparadan bir oğlu
olmuşdu.
Dəlilər çox gözlədilər. Doqquz ay başa çatandan sonra Eyvaz dedi:
– Dəlilər, gərək gedək Koroğlunun dalısıycan. Çünki Koroğlu
bizdən çox ayrı düşsəydi bir ay düşərdi. Amma doqquz aydı ki, ondan
xəbər yoxdu. Gəlin üç aylıq yolu bir aya başa vurub gedək Koroğlunun
dalısıycan. Dəlilər razı olub Qıratı da özləriynən götürüb getdilər.
Dəlilər oba-oba, şəhər-şəhər gəzib Koroğlunu axtarırdılar.
Dəlilər gəzməkdə olsun, xəbər verək Xəlil paşadan. Xəlil paşa
elan verdirmişdi ki, kim Koroğlunun yerini bilib desə bir kisə qızıl
verəcək.
Sənəm Koroğlunun əlindən yanıqlıydı. Özlüyündə and içdi ki,
harda olsa Koroğlunu tapacam. Düşüb oba-oba onu gəzdi.
İndi xəbər verək Koroğludan.
Koroğluda bir xasiyyət vardı, həmişə işi bərkə düşəndə, ya pis
yuxu görəndə çıxıb hündür bir yerdə namaz qılardı. Koroğlu dəliləri
yuxuda görüb, əhvalı bir az dəyişmişdi. Qalaçanın təpəsinə çıxıb namaz
qılırdı. Sənəm də el-obanı gəzib gəlib çıxmışdı bura. Birdən gördü ki,
ucadan səs gəlir. Sənəm yeridi irəli, gəlib yetişdi qalaçaya, baxıb
diqqət etdi ki, Koroğlu burdadı. Ayparanın da qucağında uşaq eyvanda
gəzişir. Tez özünü Xəlil paşaya yetirib dedi:
– Koroğlunun yerini tapmışam. Qızın Aypara xanım da onun yanındadı.
Xəlil paşa əmr verdi ki, qoşun hazır olsun. Qoşun hazır oldu. Sənəm
qoşunu birbaş götürüb çıxartdı Koroğlu olan yerə. Sənəm qoşuna
sərkərdəlik edib qoşunu dağın döşündə gizlətdi. Gecədən xeyli keçmişdi
ki, Sənəm qoşunu götürüb gəldi Koroğlunun qalaçasına. Sənəm
kəmənd atıb düşdü həyətə. Qapını açıb qoşunu çəkdi içəri. Eyvana çıxıb
gördü ki, Koroğlu Aypara xanımnan yatıb. Uşağı da qoyublar özlərindən
bir az aralı. Əmr verib tez Koroğlunun, Ayparanın əl-ayağını
bağlatdı. Bir vədə Koroğlu uşağın səsinə ayılıb gördü ki, düşmən dört
tərəfi alıb. Burda bir qapa qapdı ki, gəl görəsən.
Koroğlu bir uşağa, bir də Ayparaya baxıb dedi:
Dərələrdə ucalıbdı bol qamış,
Qamışı qırmağa gəlibdi camış,
Biz yatmışıq, Sənəm çoxdan oyaqmış,
Oyan, qollarımı Sənəm bağladı.
Aypara xanım səs ayıldı. Amma yuxuluydu. Oturub yerinin içində
baxırdı, bilmirdi ki, nə olub. İstədi gözlərini ova ki, yuxusu qaçsın,
gördü qolları bağladı. Koroğlu alıb dübarə dedi:
Düşman gəlib dörd tərəfim haxladı,
Koroğlunun ürəyini dağladı.
Bu məclisdə Koroğludu ağladı,
Ayıl, qollarımı Sənəm bağladı.
Koroğlu dartınıb qollarını açdı, oğlunun qoluna bir bazu bənd bağladı.
Sənəm Aypara xanımı, Koroğlunu, bir də uşağı götürüb qatdı
qoşunun qabağına. Üz qoydular Xəlil paşanın imarətinə sarı. Sənəmgil
yolda Koroğlunun uşağını bir daşın dibinə qoyub çıxıb getdilər.
Xəlil paşaya xəbər çatdı ki, Koroğlu tutulubdu. Paşa əmr elədi ki,
Koroğlunu aparıb salsınlar quyuya. Qızı Ayparanı da zindana saldırdı.
Koroğlunu gətirib bir dərin quyuya saldılar.
Sizə xəbər verək bir qarıdan. Yaxınlarda bir qarı özünə ev tikmişdi,
həyətində toyuq-cücə saxlamaqla məşğul olurdu. Qarının bir iti
var idi. İt təzəcə doğmuşdu. İt bir gün bir çaqqal səsi eşidir, çıxıb üz
qoyur səsə tərəf. Gəlib bir daşın dibində ay yarımlıq bir oğlan uşağı
tapır. İtin uşağa yazığı gəlir. İstəyir onu aparsın, görür ki, uşaq acdı.
Başlayır uşağa süd verməyə. Bir neçə gün it bu uşağı burda öz südü ilə
saxlayır. Qarı itdən şəklənir. Bir gün itin dalısıncan düşüb gəlib çıxır
həmin daşın dibinə. Görür ki, daşın dibində bələkli bir uşaq var, it onu
əmizdirir. Qarı tez uşağı götürüb evinə gəlir. Başlayır uşağı saxlamağa.
Sizə deyək Koroğlunun dəlilərindən. Dəlilər gəlib çatmışdılar İstanbula.
Qıratda bir xasiyyət vardı ki, Koroğlu hansı dəlikli daşda olsaydı
iynən gəlib onu tapardı. Eyvaz Qıratı buraxmışdı qabağa. Qırat gəlib
özünü yetirdi Aypara xanımın eyvanına. Buranı dolanıb iylədi. Sonra
özünü yetirdi bir quyunun ağzına. Ayaqlarını döydü yerə. Eyvaz bildi ki,
Koroğlu burdadı. Səs verdi. Koroğlu səsdən bildi ki, dəliləridi, dedi:
– Kəmənd atın.
Dəlilər kəmənd atıb Koroğlunu quyudan çıxartdılar. Aldı, Koroğlu:
Dəlilərlə barışanda Koroğlu,
Yedirdər onlara nabatnan noğlu,
Səhərsi kəsdirər yüz əlli toğlu,
Ayparam qalıbdı düşmən əlində.
Səməndin qolunda qızıl bazubənd,
Xəlil paşa bürcdən asılsın gərək.
Qıymayın əldə qala bir aylıq Səmənd,
Ayparam qalıbdı düşmən əlində.
Hindidən Rumatək salaram soraq,
Dəlilərim olur Qırat tək qovraq,
Yıxıban Xəlili bu eldən qovaq
Ayparam qalıbdı düşmən əlində.
Koroğlu sözünü tamam elədi. Qıratı çəkib ayaq qoydu üzəngiyə,
dəlilərə dedi:
– Gəlin dalımcan.
Onlar atlarını sürüb yetirdilər şəhərə. Xəlil paşanın nə ki qoşunu
vardı, hamısını qırıb-çatdılar başa. Koroğlu Xəlil paşanı öz əliynən
öldürüb əmr verdi ki, Səməndi tapsınlar. Özü də Ayparanı axtarmağa
getdi.
Koroğlu Ayparanı tapdı. Onlar bir-birinə sarıldı. Koroğlu Səməndi
xəbər aldı.
Aypara xanım ağladı. Koroğlu bildi ki, Səmənd yox olub, çox
heyifsiləndi. Dəlilər axtardılar, Sənəmi də tapa bilmədilər.
Koroğlu dəlilərini yığıb şadlıq məclisi qurdu. Dəlilərnən bir yerdə
üç gün, üç gecə keyf çəkdilər. Siz də burda kefdə, damaqda olun.

davamı
XS
SM
MD
LG