Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:35

Abbas Səhhət. Aşpaz və pişik


Keçmiş əyyamda, köhnə dövranda
Bir böyük padişahın İranda,
Bir nəfər kamil aşpazı var idi,
Təbx işində ziyadə pərkar idi.
Bişirərdi gözəl fisincanlar,
Hazır eylərdi dürlü büryanlar.
Dadlı-dadlı, lətif müsəlmmalar,
İştəha artıran mürəbbalar,
Leyk mətbəx pişikləri hər vəqt.
Yazıq aşpaz edən kimi qəflət,
Ittifaq eləyib cumarlar idi,
Ətdən, aşdan qapıb qaçarlar idi.
Aşpazın təlx olardı övqatı,
Xərci artıb itərdi zəhmatı.
Darıxıb pusquda çəkirdi keşik,
Rastına düşsə idi hansı pişik,
Fikri ondaydı kim, vurub yıxsın,
Onları öldürüb əvəz çıxsın.

Vardı ormanda bir qanan meymun,
Çox fərasətli, kardan meymun,
Düşdü təşvişə, yapdı bir şura,
Yığdı meymunları, dedi guya:
-Cümlə qəflətdəsiz, a qardaşlar!
Başımızda böyük fəlakət var.
Padşah aşpazı gəlib qəzəbə,
Etmək istər pişiklərə qələbə.
Olacaqdır müharibə burada,
Qorxuram biz tələf olaq arada.
Yetməmişkən bizə bu işdə zərər,
Edəlim başqa bir diyara səfər.
Dedilər: - Ay qoca, zəifləmisən.
Biz hara, padşah sarayı hara,
Biz hara, cəng, təbl, nay hara?
Yaxşı fikr et bir, ay canım, sən özün,
Bizə aya nə dəxli var bu sözün?
İstər aşpaz pişiklə cəng etsin,
Bizə ondan neçün ziyan yetsin?
Hansı aqil edər buna bavər –
Ki, yetər bizlərə bu işdə zərər?
Qoca meymun çox eylədi israr,
Sözünə heç kəs etmədi iqrar.
Gördü şey çıxmayır mübahisədən,
Qorxduğuyçün o qanlı hadisədən,
Özü yalqızca etdi tərki-vətən,
Başqa ormanda eylədi məskən.
Aşpaz isə gəlib daha təngə,
Hazır olmuşdu ol zaman cəngə:
Bişirib yığmış idi yağlı pilov,
Mürğu-turş, dolma, küftə, şorba, çilov,
Doldurub düzmüş idi nimçələri,
Bəzəmək istəyirdi xönçələri –
Ki, qəfildən pişiklər etdi yürüş,
Getdi talana mürği-turşü xuruş.
Qaçdılar dişrə, çəkdilər mirrov.
Qapdı aşpaz yanar bir odlu kösöv.
Birin öldürdü, qoymadı dəbərə.
Birisin damda vurdu, saldı yerə,
Birinin arxasınca silbələdi,
Filhəqiqət olarla cəng elədi.
Lakin od düşdü, dam-dirək yandı,
Padişahlıq, təvilə odlandı.
Gərçi söndürdü yanğını hüzzar,
Heyf, yanmışdı bir neçə atlar.
Yığdı baytarları o dəm soltan,
Dedi: - Tez atlara edin dərman!
Ərz qıldı tamam baytarlar:
-Şahım, at yansa bircə dərmanı var.
Xeyli meymun yağı gərək buluna –
Ki, yanan atlara əlac oluna.
Soltan əmr etdi, ləşgər atlandı.
Çıxdı fərman, sərəsgər atlandı.
Pəhlivanlar götürdü tirü kaman,
Oldu fövrən mühasirə orman.
Dörd tərəfdən atıldı qurşunlar,
Gülləbaran olundu meymunlar.
Qoşun öldürdü onları yeksər,
Qaçıb ancaq qutardı bircə nəfər.
O da artıq əzabü zəhmət ilə.
Min bəlalarla, min əziyyət ilə,
Ol qoca meymuna gedib çatdı,
Surəti-macəranı anlatdı.
Ağlaşıb oldularsa çox qəmgin,
Qoca sonra ona verib təskin,
Söylədi: - Baxmayan böyük sözünə,
Şübhə yoxdur, ziyan vurar özünə.

1913

balalar-az.com
XS
SM
MD
LG