Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:28

CAVİDAN. Kişinin ölümü...


Pəncərəmdən mənzərə...

Yayın ən isti günündə
Səttarxanın tinində
başıləçəkli, arıq,
qəhvə rəngli
kəndçi qadın
əzik-üzük,
sınıq-salxaq
bir əyalət kişisiylə...
söhbət edir...

Yayın ən isti günündə
ŞÜURun tam altında
bu qadın
bu kişini
min dəfə soyundurur,
milyon dəfə zorlayır,
döyür.
söyür,
əzizləyir,
bir az sevir
və bir qədər nifrət edir...

Yayın ən isti günündə
ŞÜURun tam üstündə
bu qadın
bu kişiyə
sadəcə dərd danışır,
dünən ördəyi itibmiş,
bu gün əri dəli olub,
söyüb təzə gəlinini,
gəlin şalvar geyinibmiş,
oğlu kormuş,
bax bu küçədən keçən
şalvarlı, mini yubkalı
qızlar da heç qız deyil ki,
ətli-mətli
broyler cücələridir...
bunların atası yoxmu?
bunların qardaşı yoxmu?
bəs əmisi?
bəs dayısı?
yoxmu?
yoxmu?
...???

Yayın ən isti günündə
Səttarxanın tinində
bu kişi
fürsət tapıb
enir ŞÜURun altına,
orda qapıb
ətli-mətli
broyler cücələrini
didir, didir...
qəhvə rəngli əllər isə
tutub onun xirtdəyindən
zülm edir,
zülm edir...
-bunların yiyəsi yoxmu?
yoxmu? - deyir...
bu kişinin
İlahidən tək istəyi
bu qadının əllərindən qurtulmaqdır...

qəhvə rəngli
quru əllər
havada oynayır elə
bir cüt
yoluq
toyuq qanadı kimi...

Yayın ən isti günündə
Səttarxanın tinində
bədənlərin içindəcə
sınaq imtahanı verir
sınıq-salxaq ruhlar...

ŞÜUR
sanki qıl körpüsü


Öz surətində...

Gözü tutar,
könlü sevər,
“əsl mənim malımdı” deyə
əlinə keçəni
yoğurar, yapar,
öz surətində
bir şey yaratmaq istər kişilər…
sonra baxar yaratdığına
güzgüyə baxdığını unudaraq…

bəyənməyib
tüpürər surətinə…
sonra isə
“kişi tüpürdüyünü yalamaz “ deyə
gedər
bir başqasını axtarmağa
yenə özünə bənzətmək üçün…


Kişinin ölümü...

Kişilər acizləşəndə
pələngə, şirə dönərlər,
nərə çəkib
əllərinə keçəni
çırparlar təpələrinə
məsələn,
içində siqaret közərən külqabını…
sonra
yumruqlar, təpiklər işə düşər,
saçlarını yolub
başlarını çırparlar divarlara,
və evdə olan hər şeyə…
döyərlər özlərini,
söyərlər özlərini,
sonra haldan düşüb
bir qırağa çəkilərlər,
çatlamış külqabını tapıb
əlləri əsə-əsə
siqaret yandırarlar,
qəzəblə baxarlar
qorxudan
rəngi ağarmış uşaqlarına…

xalçanın üzərində
bir qadın cəsədi
inildəyər…


Kölənin himni

Mən ərimin
gün dəyməyən yeriyəm
ay çıxmayan göyüyəm
saçlarımı
günəş görməz,
külək hörməz…
Mən ərimin əl ağacı-
yorulanda, yıxılanda
söykənib də tutar məni,
hirslənəndə
öz başıma çırpar məni…
mən ərimin
aşpazıyam,
dayəsiyəm,
Gecə-gündüz
qəhbəsiyəm…

Ay Allah!
Mən nə gündəyəm…


Ölüm doğulanda...

Çətiri olmayan uşaqlar
buludlarla dil taparlar,
yağışlara qarışacaq
göz yaşları.

Sevmədən ərə gedən qızlar
qandan başqa
bir şey verəmməzlər ərlərinə
və o qan
bir ömür boyu
laxtalanıb qalar ürəklərində.

İstəmədən hamilə olanlar
ölüm gəzdirər bətnində
hər ölüm doğulanda
ağlayacaq Tanrı
göz yaşları
süzüləcək buludlardan
çətiri olmayan
uşaqların başına...


Ax!..

Əvvəl
Atamız bizi əkir,
Sonra
Biz atamızı...

Anamızdansa
Heç cür
Qisas ala bilmirik...
Ax,
Bu
Cənnəti ayaqaltı edib də
Bizi doğanlar!..
XS
SM
MD
LG