Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:49

Nehrəmdə nə baş verir?


Arxiv şəkil, Nehrəmdə keçmiş etiraz aksiyalarından biri.
Arxiv şəkil, Nehrəmdə keçmiş etiraz aksiyalarından biri.

MƏCBURİ DEPORTASİYA?

-Yolda getdiyim yerdə mülki geyimdə adamlar məni saxlayıb maşına oturtdular. Həmin gün saat 6-da yığıncağımız var idi. Bir də onu gördüm ki, Culfanın gömrüyünü keçirəm. Məni məcburi İrana keçirdilər. İrana kimi də müşaiyət etdilər ki, geri qayıtmayım.

Nehrəm kənd sakini Rzaqulu Həsənov mayın 31-də Naxçıvandan məcburi deportasiya olunduğunu deyir. O, həmin gün Babək rayonunun Nehrəm kəndində etiraz aksiyasına qoşulan 100-ə yaxın sakindən biridir.

Etiraz edən nehrəmlilər kənddəki işsizlik və digər sosial problemlərin həll olunmamasından narazıdırlar. Kəndin problemlərinin həlli tələbi ilə 10 nəfərdən ibarət Təşkilat Komitəsi də yaradıblar. Rzaqulu Həsənov həm də həmin komitənin üzvlərindən biridir.

Komitənin digər üzvü Yasin Hüseynovsa deyir ki, polis təzyiqinə məruz qalan təkcə Rzaqulu Həsənov deyil.

- Bizim 10 nəfər nümayəndədən Zahid Əliyevi çağırıblar şöbəyə, incidiblər. Sonra onu buraxıblar. Bu adam qorxu altındadır, evindən bayıra çıxmır.

«NEHRƏMDƏ İCTİMAİ TUALET YOXDUR»

Nehrəm kənd sakinlərinin etiraz səbəblərinə gəlincə isə, Yasin Hüseynov deyir ki, onlar təzyiq altındadırlar, sakinlərin motosiklet, maşın və kənd təsərrüfatı texnikaları köhnə adı altında əllərindən alınır, kəndin qaz, işıq, su problemi də həll olunmur.

- Son vaxtlar Nehrəmdə camaata həddən artıq əziyyət verirlər. Camaatı əsasən qorxu altında saxlamaq istəyirlər. Nehrəm kəndində bizim böyük bir stadionumuz var idi, onu söküb dağıtdılar. İndi bizim uşaqlar heç bir yerdə idmanla məşğul ola bilmirlər.

Həmçinin 12-13 min əhalisi olan Nehrəm kəndinin bu gün bir yerində ictimai tualet də yoxdur.

Bu gün öz həyətimdən məhsul çıxır, satmaq istəyirəm, incidirlər bizi.

«HAMISI YALANDIR »

Deyilənlərlə bağlı Nehrəm kəndinin icra nümayəndəsi Təvəkkül Ələkbərovun mövqeyini öyrənmək istədik. Amma sualımıza cavab vermədən telefonun dəstəyini asdı. Babək Rayon İcra Hakimiyyətinin özünü təqdim etməyən əməkdaşı isə Nehrəmlə bağlı deyilənlərin yalan olduğunu bildirdi.

- Yalan şeylərdir hamısı, mən elə şey eşitməmişəm.

- Kimlə danışıram?

- Sizə nə lazımdırsa mən deyim də, AzadlıqRadiosu gəlir, özü kimi adamları tutur burda, Nehrəmdə nə narazıçılıq ola bilər ki?!

Naxçıvanın Bakıdakı daimi nümayəndəsi Həsən Hacıyev də deyir ki, Nehrəmdə nə sosial problem var, nə də bu problemlərdən şikayəçi olanlar.

- Mən maraqlanmışam, belə şeylər yoxdur. İndi kimsə nəsə deyirsə, onun öz vicdanına qalır bu. Bundan əvvəl də Naxçıvandakı «hadisələr»i – Püsyan, Bənənyar kəndindəki məsələləri heç nədən şişirdib yazırdılar.

MƏSƏLƏ ARAŞDIRILACAQ

Həsən Hacıyev Rzaqulu Həsənov adlı Nehrəm kənd sakininin məcburi deportasiya olunmasından isə xəbərsiz olduğunu bildirdi, dedi ki, bu məsələni araşdıracaq.

Nehrəmdən olan Təşkilat Komitəsinin üzvlərinin polis təzyiqinə məruz qalmalarına gəlincə isə, məsələ ilə bağlı nə Babək rayon polis idarəsindən mövqe öyrənmək cəhdimiz baş tutmadı.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə isə AzadlıqRadiosuna bildirib ki, Nehrəmdə nəinki kiminsə polis təzyiqinə məruz qalması, ümumiyyətlə etiraz aksiyanin keçirilməsi ilə bağlı məlumatlar həqiqəti əks etdirmir.

2009-cu ilin sonunda Naxçıvanın Bənənyar kəndində Aşura mərasimində əvvəlcə 10 nəfər həbs edilib, daha sonra isə bu həbslərə etiraz edənlər saxlanıb, onlarla adam döyüldüyü haqda məlumatlar vardı. Amma rəsmilər isə Bənənyarda baş verənlər adi xuliqanlıq motivli hərəkətlər olduğunu bildirirdi.

Ötən ilin 7 noyabr parlament seçkisindən sonra isə AXCP- Müsavat blokunun 2 saylı Şərur dairəsindən namizəd olmuş Səxavət Əliyevin Püsyan kəndindəki qohumlarına təzyiq göstərilməsi və onların döyülməsi ilə əlaqədar xəbərlər yayılmışdı. Naxçıvanın Bakıdakı nümayəndəliyi bu məlumatları təkzib edirdi. Ancaq həm Bənənyar, həm də Püsyan hadisələri ABŞ Dövlət Departamentinin illik insan haqları hesabatlarında da yer alıb.

«NEHRƏMDƏ SOSİAL PARTLAYIŞ OLA BİLMƏZ»

Milli Məclisə Naxçıvandan millət vəkili seçilən Eldar İbrahimov isə ümumiyyətlə deyilənlərdən məlumatsızdır. Nehrəmdə sosial problemlərin mövcudluğuna isə sadəcə inanmır.

-Nehrəmdə heç bir sosial partlayış ola bilməz, yoxdur da – mən buna inanmıram. Heç bir şikayət daxil olmayıb. Olsa elə Naxçıvanın deputatıyam, ya mənə, ya da Siyavuş müəllimə (Siyavuş Novruzova- müəl.) daxil olardı.

Bir neçə gün əvvəl AzadlıqRadiosu Naxçıvanın Şərur rayonunda Moskviç maşınlarının köhnə adı altında yığışdırılması barədə yazı hazırlamışdı.

Ondan əvvəl isə Naxçıvanda motosikletlərin istismarına qadağa qoyulmasına dair məlumatlar gəlib.
XS
SM
MD
LG