Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:25

MTN və Baş Prokurorluq keçirdiyi əməliyyatla bağlı məlumat yayıb


Arxiv foto
Arxiv foto
Baş Prokurorluğun mətbuat xidməti Milli Təhlükəsizlik Nazirliyi ilə Baş prokurorluğun birgə keçirdiyi əməliyyatla bağlı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, əməliyyat nəticəsində saxlanan şəxs- Rafiq Hüseynov özünü Təhsil Nazirliyinin əməkdaşı, Bakı Dövlət və Dövlət İqtisad Universitetlərinin müəllimi kimi təqdim edərək, Azərbaycan vətəndaşı S.Yusubovaya onu 2010-2011-ci tədris illəri üzrə Moskva Humanitar Universitetinin maliyyə-kredit fakültəsinə qanuni yolla tələbə kimi qəbul etdirdiyini bildirib. 2011-ci ildən onu Azərbaycan Dövlət İqtisad Universitetinin eyniadlı fakültəsinə köçürəcəyinə vəd verməklə ondan 5 min manat pul alıb. O, S.Yusubovaya Moskva Humanitar Universitetinin 1-ci kurs tələbəsi olması barədə rus dilində saxta arayış və tələbə bileti təqdim edib. Bundan başqa adı çəkilən şəxsdən təhsil haqqı üçün əlavə olaraq 1300 manat pul da alıb.

Baş Prokurorluğun məlumatına görə, Rafiq Hüseynovun bu deyilənləri etiraf edib.

Məlumatda qeyd olunur ki, Rafiq Hüseynovun evində aparılan axtarış zamanı onun evindən dövlət və özəl ali təhsil müəssisələrinə, kollec və orta məktəblərə aid 33 adda 63 ədəd möhür, çoxlu sayda doldurulmuş və yazılmamış halda diplomlar, hazır tələbə biletləri və s. sənədlər aşkar olunub.

Rafiq Hüseynovun ümumilikdə 326 min manat, o cümlədən saxta sənədlərin hazırlanmasına görə 170 min, bir təhsil müəssisəsindən digərinə köçürülmələrin həyata keçirilməsi məqsədilə 17 nəfərdən 156 min manat pul əldə etdiyi bildirilir.

Fakt üzrə Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq), 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 320.1-ci (rəsmi sənədləri, möhürləri, ştampları, blankları, saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb və Rafiq Hüsynov barəsində həbs qətimkan tədbiri seçilib.

Məlumatda cinayətin iştirakçısı olan daha iki şəxsin həbs edildiyi, digər iştirakçılarının müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirildiyi bildirilir.

İyunun 6-da Təhsil Nazirlyindən verilən məlumatda isə qeyd olunur ki, həmin şəxsin saxlanması Təhsil Nazirlyinin bir ay əvvəl Baş Prokurarluğa müraciəti əsasında baş verib. Baş Prokurorluğun yaydığı məlumatda şübhəli şəxs qismində saxlanan digər şəxslərin adları aşıqlanmasa da Təhsil Nazirliyinin mətbuat xidməti onlardan birinin nazirliyin iqtisadiyyat şöbəsinin müdir müavini Orxan Kərimov olduğunu açıqlayıb.
XS
SM
MD
LG