Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:48

Sayman Aruz. Adımı qeyd elə inqilaba


Adımı qeyd elə inqilaba.

Devrilmiş ağac kimiyəm.

Arzularım intihar-deyə düyünləniblər bədənimə

Və alma verdiyim yerdə,

Adam gətirirəm.

Dərinliyin qayıtmazına batanda

Qaranlığı inkar eləmə,

Ağ-appaq ol!

Ağ-appaq ol!

Səni ananın göbəyinə çarmıxlayan

Atan deyildi,

Talein idi.



Hansı tüfəng,

Hansı mərmi idi səni səsləyən?

Və səsini dağlar boyu təkrarlayan.

Bir pivədən sonra unudulan qız

Kafelərin soyqırımında bitəcək.

Burası Bakıdır

Iyunun 17-si

Və son görüşümüzdən

17 ay keçib!



Səni unutduğum yeri xatırlayıram

Buraya oxşar bir yer idi

Saysız-hesabsız qulaqlar

Və saya gəlməyən gözlərlə.

Birisi adımı çalıb

Soyadıma sahib çıxdı

Sənə sahib çıxdı.

Izdihamlı bir şəhər idi.

Ehtiras dolçalarının ortasından sürüşürdüm

Kədərimi kəndi əllərimlə boğurdum.

Adam bə adam azalırdım.

Bir inqilab mahnısı kimi

Bir başı bəlalı düyün kimi bağlanırdım ayaqlara.

Tükənirdim, sən başlayırdın,

Tükənirdim, sən başlayırdın.



Ölüm olduğun yerdə

Həyatı çağırışa çevir,

İnkar eləmə,

İnkar eləmə!.
XS
SM
MD
LG