Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:51

Gülyanaq Məmmədova: «Mən hələ belə siyasi suallara cavab verməyə hazır deyiləm»


Gülyaz və Gülyanaq Məmmədova bacıları. Foto: Big.az
Gülyaz və Gülyanaq Məmmədova bacıları. Foto: Big.az
Artıq müğənni GülyazGülyanaq Məmmədova bacıları Yeni Azərbaycan Partiyasının tədbirlərinə üzv kimi qatılacaqlar. Çünki bu günlərdə partiyanın icra katibi Əli Əhmədov YAP-ın Nərimanov rayon təşkilatının üzvlük vəsiqəsini onlara və bir neçə sənət adamına şəxsən təqdim edib. Bacıların hər ikisi ayrı-ayrılıqda AzadlıqRadiosunun suallarını cavablandırarkən dedilər ki, onlar onsuz da indiyə kimi hakim partiyanın bir çox tədbirlərinin mədəni hissəsinin iştirakçısı olublar. Gülyaz Məmmədova isə daha kəsə danışdı:

«Öz-özümüzə dedik ki, YAP-ın niyə «knijka»sını da almayaq»- Gülyaz Məmmədova daha sonra da deyir:

«Onsuz da özümüzü üzv bilirdik, hər zaman onların tədbirində olurduq, amma biri var bədii, biri də var rəsmi. Qoy «knijka» deyirlər də, o da olsun. Amma biz gözləmirdik ki, Əli müəllim bizə şəxsən təqdim edəcək, təmtəraqlı olacaq. Elə bilirdim ki, elə kartımı alıb qayıdacam».

«İXTİYARIMIZ ÇATAN MƏSƏLƏ OLARSA...»

- YAP-ın vəsiqəsini almaq həyatınızda nəyi dəyişəcək?

- İndiyə qədər vəsiqə rol oynasaydı, çoxdan alardıq də. Sadəcə, bu kollektivlə çalışmaq bizə xoş idi.

- Sizdən qabaq bir neçə gənc müğənni, «Evrovision» iştirakçıları da YAP üzvü oldular. Bəlkə gənclər sizi həvəsləndirdi ki, niyə geri qalasız...

- Yox, bundan heç xəbərim yox idi. Birinci dəfədir ki, sizdən eşidirəm. Baxmamışam, gündə tədbirlərdə oluram. Bu öz seçimimiz olub.

- Yəqin ki, partiyanın Nərimanov rayon təşkilatının iclaslarına qatılacaqsız.

- İnşallah.

- Yenə müğənni kimi qatılacaqsınız?

- Müğənni kimi.

- Gülyaz xanım, onsuz da müğənni kimi qatılırdız, əgər iclaslarda iştirak edib öz fikirlərinizi söyləməyəcəksinizsə, onda bu addımı atmağa nə ehtiyac vardı?

- Bizə aid olarsa, ixtiyarımız çatan məsələ olarsa, məmnuniyyətlə qoşularıq. Mənə aid olmayan şeyə qarışmağı sevməmişəm.

«GECİKMİŞ ADDIMI NƏHAYƏT...»

Gülyanaq Məmmədova
Gülyanaq Məmmədova isə hələlik özünü siyasi suallara hazır saymır, amma ümid edir ki, hakim partiyaya üzv olandan sonra siyasi məsələləri də öyrənəcək. Deyir ki, hakim partiyanın vətənpərvərlik təbliğatı ona cəlbedici göründüyündən «gecikmiş addımı nəhayət atmağı» qərara alıblar:

- Hamımızda vətənpərvərlik hissi var. Bilirsiniz ki, repertuarımızda Azərbaycanla bağlı çoxlu mahnılar da var. Azərbaycan deyəndə də bir partiyanı-Yeni Azərbaycan Partiyasını ürəyimizdə tutduq, bura gəldik.

- Dediniz ki, siyasi suallara hələ hazır deyilsiniz, amma hər halda bu addımı atanda siyasi suallar eşidəcəyinizi də təxmin etmiş olarsınız. Məsələn, mən sizin müxalifətin bir-iki gün öncə Bakının Nərimanov kinoteatrının qarşısında keçirmək istədiyi aksiyaya münasibətinizi bilmək istəyərdim. Necə bilirsiz, ölkədə islahatlar tələb edən müxalifət haqlıdırmı?

- Mən o hay-həşiri elə evimdə oturanda eşitdim. Yasamalda yaşayıram, bir də gördüm bir neçə gənc «Azadlıq» qışqıra-qışqıra gedir. Düzdür, qarşısı da tez alındı. Onların bu hərəkətinə münasibətim yaxşı olmadı, tələbləri bilmədim nədir, elə bircə «Azadlıq» eşitdim. Hər halda biz azad ölkədə yaşayırıq. Azadlığımız da, hər şeyimiz də var. Problemlərimiz də var, onlar da yoluna düşəcək.

«BİZİM BİR PROBLEMİMİZ VAR, QARABAĞ»

- Necə bilirsiniz, Azərbaycanda bir partiyalılıq olsa yaxşıdır, yoxsa çox partiyalılıq?

- Nəyə lazımdı ey... Bu qədər qırğınlar gördük. Vətəndaş müharibəsinə gəlib çıxırdı az qala. Azərbaycanın nə boyda milləti var ki, bir-birimizin üstünə qalxaq. Bizim bir problemimiz var, Qarabağ.

- Amma müxalifət hesab edir ki, Azərbaycanda demokratiya Qarabağ qədər ciddi problemdir.

- Mən hələ belə siyasi suallara cavab verməyə hazır deyiləm. Amma başqa partiyaları seçənlərə də hörmət edirəm.

- Siz bayaq dediz ki, ölkədə birpartiyalı sistem olsa yaxşıdır, amma Misirdə məhz xalq ayağa qalxıb birpartiyalılığı ləğv elədi ki, çoxpartiyalı sistem yaransın. Dediklərinizlə dünyada baş verən proseslər arasında ziddiyyət görmürsüz?

- İstəmirəm özümüzü kiminləsə müqayisə edim. Sadəcə arzulayıram ki, hamı bir-birinə sevgi ilə yanaşsın. Qarşıdurma olmasın.

- Sizcə belə bir qarşıdurma varmı bu gün Azərbaycanda?

- O gün gənclərin qışqırığına qaçdım ki nə səsdi. Çoxdandı belə şeylər olmur, sakitçilik idi.

- Necə bilirsiniz, Azərbaycanda sərbəst toplaşmaq azadlığı varmı?

- Bilmirəm. Əlbəttə ki, hər şeydə azadıq biz.
XS
SM
MD
LG