Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:41

Bu il Gürcüstan 3 milyon turist gözləyir


Yanvar-may aylarında ölkəyə 880 min qonaq gəlib
Yanvar-may aylarında ölkəyə 880 min qonaq gəlib
Məqaləni yazmağa başlayanda, özümü Gürcüstanda istirahət etmək istəyən xarici turist kimi təsəvvür etməyə çalışdım. Bundan ötrü «Google» axtarış sistemində «Tourism in Georgia» ifadəsi yazdım. «Georgia» «Corciya» kimi tərcümə olunduğundan, «Google» ABŞ ştatlarından birinə səyahət təklif etdi. İkinci dəfə cəhd edib, axtarış sistemində «travel to Georgia» yazdım. Bu dəfə «Google» Gürcüstanın turizm informasiya mərkəzinin ana səhifəsini verdi. Səhifəyə daxil olub bir neçə şəhərin şəkillərini tapdım. Burada həmin şəhərlərin tarixi, Gürcüstan mədəniyyəti, ənənəsi və mətbəxi ilə tanış olmaq olar. Nəzərəçarpan cəhətlərdən biri də bütün şəhərlərin fotolarında azı bir pravoslav kilsəsinin olmasıdır.

Bu məlumatlar bir turisti Gürcüstana gəlməyə həvəsləndirməyə kifayət edirmi, demək çətindir. Ancaq statistikaya əsasən, ötən illə müqayisədə Gürcüstanda turizm bumu müşahidə olunur. Yanvar-may aylarında ölkəyə 880 min qonaq gəlib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44 faiz çoxdur. Bu il isə hökumət 3 milyona yaxın turist gözləyir.

Yaxınlarda İqtisadiyyat və Sabit İnkişaf naziri Vera Kobaliya turizm biznesinin nümayəndələri ilə turizm biznesində mövcud problemləri müzakirə edib:

«Bu ilin may ayında Gürcüstana gözlədiyimizdən çox turist gəlib. İlin sonunadək ölkəyə gələcək qonaqları qarşılamağa hazır olmalıyıq. 3 milyon turistin gəlişi gözlənilir. 2015-ci ilədək gözlənti isə 5 milyondur».

GÜRCÜSTANA ƏN ÇOX AZƏRBAYCANDAN GƏLİRLƏR

2010-cu ildə Gürcüstanı ən çox Azərbaycandan olan turistlər ziyarət ediblər. İkinci yerdə Türkiyə, üçüncü isə Ermənistandır.
2010-cu ildə Acarıstanda 926 min turist istirahət edib
Bu ölkələrin turizmdə payı 26 faizdir. Gələnlərin yarıdan çoxu Acarıstanda olublar. Bütövlükdə 2010-cu ildə Acarıstanda 926 min turist istirahət edib, bu isə 2009-cu il ilə müqayisədə 78 faiz artıqdır.

Amma turizm mütəxəssisləri bildirirlər ki, yüksək qiymət və xidmətin səviyyəsi problem olaraq qalır. Gürcüstanın Turizm Assosiasiyasının sədri Nata Kvaçantiradze:

«Qiymətlər hələlik xidmət səviyyəsinə uyğun deyil. Ancaq mehmanxana və qonaq evlərinin sahibləri qiyməti servisə uyğunlaşdırmağa çalışırlar. Bu cür narazılıqlar həmişə olub».

«ŞƏXSİ QONAQLARIMIZA YAXŞI QULLUQ EDİRİK AMMA TURİSTLƏRƏ YOX»

Son zamanlar mehmanxanaların vəziyyəti və müvafiq «ulduz»ların verilməsi məsələsi xüsusi diqqətdədir. «Global Star» Assosiasiyası bir neçə ildir ki, Gürcüstanda mehmanxana və restoranlara ekspert baxışı keçirib müvafiq «ulduz»lar verir. Assosiasiyanın təsisçisi və direktoru David Sucaşvili deyir ki, Gürcüstandakı mehmanxana və qonaq evləri əsasən 2-3 «ulduz»ludur. Onun fikrincə, mehmanxana sahiblərinin münasibətini dəyişməyə ehtiyac var:

«Qonaqpərvərliyimiz hamıya məlumdur, ancaq kommersiya şəraitində hər şey dəyişir. Qəribədir - şəxsi qonaqlarımıza pulsuz qulluq etdiyimiz halda, bundan ötrü pul ödəyən turistlərə keyfiyyətli xidmət təklif edə bilmirik».

ƏN YAXŞI DAĞ KURORTU - SVANETİ

Kutaisidə köhnə məhəllə
Tur Operatorları Assosiasiyasının icraçı direktoru Eter Cinçveladze bildirir ki, dəniz kurortlarında istirahət edənlərin sayı ilbəil artır. Yerli və beynəlxalq səviyyəli mehmanxanalar turistlərə normal servis təklif edir. Dağ kurortları arasında isə ən yaxşı şərait Svanetidədir:

«Uzun müddətdir Svanetidə inkişaf proqramı həyata keçirilir. Qonaq evləri yüksək qiymət alıb, iki yeni mehmanxana istifadəyə verilib».

Gürcüstanı turistlər üçün daha cəlbedici etmək üçün bir sıra infrastruktur layihələri də həyata keçirilir.

YENİ TURİZM OBYEKTLƏRİ AÇILIR

Ötən il yeni turistik obyektlərin açılması və bərpası ilə fərqləndi. Onların arasında Kvarel gölü, Mestiyada dağ-xizək mərkəzi, Msxeta və Kutaisinin tarixi hissələrinin bərpası, Satapliya və Prometey mağaralarının yenilənməsi var.

Bir neçə ay əvvəl Milli Turizm Agentliyinin rəhbəri Maya Sidamonidze Gürcüstanın xaricdə tanıdılması üçün xeyli işlərin görüldüyünü bildirib:

«Gürcüstanın dünya bazarında turistik ölkə kimi tanıdılması üzərində çalışırıq. Yalnız beynəlxalq sərgilərdə iştirak etmirik, mətbuat konfransları və tanıdıcı turlar təşkil edirik, müxtəlif reklam çarxları və marketinq kampaniyası aparırıq».

Gürcüstanda yay turizm mövsümünə iyunun 11-dən rəsmən start verilib.
XS
SM
MD
LG