Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:24

Nüsrət Kəsəmənli. Nə biləydik...


Nə biləydik bu sevginin sonu yox,
Nə biləydik dünya belə dönəcək.
Nə biləydik sevgi adlı bu qonaq
İkimizin aramızda öləcək...

Ulu sevgi göydən yerə endimi,
Nə dayandı yolumuzun üstündə?
Bu məhəbbət soyuduqca sən demə
Can verərmiş qolumuzun üstündə.

Hər görüşə sürünürdü ayaqlar...
O çəmənlər – bir baharlıq səməni.
Dodaqları yandıranda dodaqlar
Ürəyimiz üşüyürmüş deməli.

Əyləncələr qoymadı ki göz açaq;
Hər istəyi biz beləcə bitirdik.
Payız gəldi toy-bayramla, biz ancaq
Yarpaq-yarpaq günümüzü itirdik.

Şirin oldu yalanların zəhəri,
Həqiqəti gizləmişik həmişə.
Sevgililər oyaq açdı səhəri.
Biz axşamı gözləmişik həmişə...

Yuxu gördük... gah qorxulu, gah da şən,
Boğdu bizi tərəddüdülər axarı.
Yuxularda əllər gördük birləşən,
Nə yozduqsa hicran oldu axırı...

Nə biləydik bu sevginin sonu yox,
Nə biləydik dünya belə dönəcək.
Nə biləydik sevgi adlı bu qonaq
Üzümüzə baxa-baxa öləcək...
XS
SM
MD
LG