Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 22:37

Heminqueyi intihar həddinə casuslar çatdırıb?


Heminquey balıqçı gəmisində. Kuba
Heminquey balıqçı gəmisində. Kuba
50 il qabaq - 1961-ci il iyulun 2-də özünə qəsd etməsindən bəri Nobel mükafatlı Amerika yazıçısı Ernest Heminqueyi intihara sürükləmiş səbəblər ətrafında mübahisələr səngimir.

Bu günlərdə dostları bir daha bildiriblər ki, Heminqueyin özünü gülləylə vurmasının xəstəlik və depressiya ilə bağlı olması haqda şayiələr yalandır.

Məşhur yazıçının dostu, dramaturq Aaron Edward Hotchner iddia edir ki, Heminqueyin özünü öldürməsi onun casuslar tərəfindən izlənməkdən bezməsi ilə bağlı olub.

Hotchner-in iddiasına görə, Amerikanın Federal Təhqiqatlar Bürosu (FTB) Kubanın kommunist rejimi ilə əlaqələrindən şübhələndiyi üçün Heminqueyi izləyirmiş.

Hotchner məşhur yazıçı haqda "Papa Heminquey" və "Heminquey və onun dünyası" adlı kitabların müəllifidir.

Onun "New York Times"da yazdığına görə, yazıçı ölümündən az əvvəl casuslər tərəfindən izlənməsi haqda narahatlıq yaşasa da, bu narahatlıq o zaman paranoidal illüziyalar kimi yozulmuşdu.

Hotchner-in bildirdiyinə görə, Hemnquey izlənməsinə və gizli dinlənmə qurğularına görə vahimə içində idi.

Dostunun fikrincə, izlənməsi Heminqueyi intihara sürükləyən əsas səbəblərdən olub.

Hotchner dostunun casuslar tərəfindən izlənməsi ilə bağlı olayları nəql edir:

Bunlardan biri 1960-cı ilin noyabrında baş verib:

Hotchner Aydahoya - Heminquey və müştərək dostları Duke MacMullen-lə görüşməyə gedib. Onlar birlikdə balıq tutmağa gedirmişlər. Amma çox narahat görünən Heminquey həmişə oturduqları yerli bara girməməyə və həmişə balıq tutduqları yerə yox, başqa bir yerə getməyə qərar verir

Hotchner deyir ki, Heminquey bunun FTB tərəfindən izlənməsiylə bağlı olduğunu bildiribmiş:.

"Bu, cəhənnəm əzabıdır. Lənətə gəlmiş cəhənnəm. Onlar hər yeri dinlənmə qurğuları ilə doldurublar. Buna görə də Duke-un maşınından istifadə edirik. Mənim maşınımda da dinlənmə qurğusu var. Hər yerdə var. Telefondan da istifadə edə bilmirəm. Məktublarımı da açıb oxuyurlar".


Heminquey ailəsi balıq ovu zamanı

Hotchner deyir ki, Heminquey balıq ovuna gedən zaman - yolda daha da həyəcanlanmışdı. O, maşını saxlayıb sahildə işləyən iki nəfərə diqqət etməyi tələb etmişdi. Yazıçı əmin idi ki. həmin iki nəfər casusdur.

Hotchner xatırlayır ki, həmin səfər zamanı Heminquey daha iki nəfər yad adamdan şübhələnmiş, onların onu izləyən casuslar olduğunu bildirmişdi.

Bu iki insidentdən sonra Heminquey xəstəxanaya yerləşdirilmiş, orada onu şok terapiyası ilə müalicə etməyə cəhd etmişdilər. Yazıçı bundan sonra müxtəlif yerlərdə intihara bir neçə uğursuz cəhd də etmişdi.

Məhz bu cür davranışı onun FTB casusları tərəfindən izlənməsi haqda iddialarını ciddiyə almağa qoymamışdı. Bunların onun psixi vəziyyəti ilə bağlı olduğu güman edilmiş və izlənmə iddiaları o ölənə qədər təsdiqini tapmamışdı.

Amma 1980-ci illərdə yazıçının narahatlıqları təsdiqini tapır.

Amerika hökumətinin gizli saxladığı bir sıra məlumatların açıqlanmasına icazə verən "Freedom of Information request" ("İnformasiya almaq azadlığı") sənədinin qüvvəyə minməsindən sonra Heminqueyi izləmiş FTB əməkdaşları da onun haqda topladıqları məlumatları ictimaiyyətə açıqlayırlar.

Məlum olur ki, FTB davamlı şəkildə yazıçı haqda məlumat toplamağa çalışırmış. FTB əməkdaşlarınin əldə etdiyi məlumata görə, yazıçı "anti-faşist casus şəbəkəsi" yaratmaq fikrinə düşübmüş və onlar büronun o vaxtkı rəhbəri Edgar Hoover-ə yazıçının fiziki və ruhi cəhətdən xəstə olması haqda məlumat veribmişlər.

FTB əməkdaşları Heminqueyi onun xəstəxanaya yerləşdirilməsindən sonra izləməyi dayandırıblarmış.

Heminqueyin "işi" 120 səhifədən ibarətdir və həmin məlumatlar ictimaiyyətə açıqlanandan bəri Hotchner deyir ki, Heminqueyin narahatlıqlarını - izlənməsi haqda iddialarını ciddiyə almamasından peşmandır.
XS
SM
MD
LG