Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:32

Gördükləri iş Novruz bayramında şəkərbura yeməkdən o yana çıxmır


Bəstəkar Firudin Allahverdinin bloqu


AZƏRBAYCAN DİASPORUNUN İNCƏSƏNƏTƏ MÜNASİBƏTİ


Doğrusu, mən erməniləri nümunə kimi göstərməyi, onlarla müqayisəni sevmirəm.

Amma nə edim ki, bu müqayisə zamanı məsələlər bizimkilərin beyninə daha yaxşı batır, problemi daha ayıq başla dərk edirlər.

Bir bəstəkar dostum nəql edirdi ki, günlərin birində bir erməni gənc bəstəkarla oturubmuş.

Bu dəm o erməni bəstəkara zəng gəlib, onlar bir xeyli danışıblar. Sonra erməni gənc mənim dostuma deyib ki, bəs zəng vuran tanımadığım bir ermənidir, Avropada yaşayır.

Mənim haqqımda eşidib, indi deyir ki, Hollandiyadakı villamı yayda sənin sərəncamına vermək istəyirəm, gəl, bir əsər yaz. Bu da razılaşmayıb.


Mən dəfələrlə xaricdə yaşayan azərbaycanlılarla ünsiyyətdə olmuşam. Onların arasından bir neçə ağıllı, dəyərli adam istisna olmaqla qalanları nə muzeylərə, nə ciddi musiqi səslənən konsert salonlarına, nə də sərgilərə gedir.
Səbəb də bu imiş ki, Amerikadan da oxşar dəvət varmış, fəqət üstündə honorar ilə.

Yəni oradakı pullu bir erməni bu gənc bəstəkara həm məkan, həm də maddi vəsait verir ki, bu yaşasın, yaratsın, acından ölməsin.

Mən çox belə əhvalat danışa bilərəm. Qonşu xalqın nümayəndələri arasından özümün şəxsən tanıdığım nə qədər yaradıcı insan var ki, elə diasporun köməyi ilə yaşayır, yaradır.

Çünki bizdə olduğu kimi Ermənistana da klassik musiqi sonradan gəlib və bazarı yoxdur.

Elə sadə erməni xalqı da bizim sadə xalq kimi özünün başa düşdüyü, toy-düyündə oynadığı, ictimai nəqliyyatda eşitdiyi musiqiyə pul xərcləyir.

Amma onların xaricdə yaşayanə, dünyadan baş çıxaranı başa düşür ki, CİDDİ, DÜNYƏVİ MİLLƏT kimi görünmək üçün elitar incəsənətə, ələlxüsus klassik musiqiyə malik olmaq başlıca şərtlərdən biridir.

Klassik musiqisi salonlarda səslənən, sənətçilərinin adı ciddi konsert zallarının afişalarında görünən xalqın nümayəndəsi olmaq hamı üçün sərfəlidir axı.

Bunu onlar çoxdan bilir və bir xeyli bəstəkarlarını, rəssamlarını, yazıçılarını dünyaya tanıdıblar.

Bəs bizim diaspor nə edir?

Bizim diaspor adətən toyxana müğənnilərini aparır öz məclislərinə, oradakı bizə dil-din baxımından yaxın xalqların nümayəndələri yığılır bir yerə, oynayıb, oxuyub dağılışırlar.

O müğənni də gəlir çıxır bir avara verilişə, gözlərini bərəldə-bərəldə aqrar sadəlövhlüklə “Bütün xaricilər ayaqüstə alqışladılar məni. Bilirsiiiiiiiiiz, bu mənim yox, Azərbaycan musiqisinin nailiyyəti idi”.

Sonra da ucuz əl kamerası ilə çəkilmiş, hay-küylü bir süjet verilir efirə. Bir balaca başı çıxan adam da o dəqiqə anlayır ki, konsertin səs rejissoru da professional deyilmiş, Bakıdan getmiş, ya da ən yaxşı halda oralarda işləyən bir türk “aparaturşik” imiş. Qərəz, ucuz, urvatsız...

Ən yaxşı halda diaspor Azərbaycandan muğam oxuyanları aparır.

Beləliklə, ideal halda biz Orta Şərqdə yerləşən, qədim musiqi ilə məşğul olan, muzey xalqı kimi görünürük.

Bəlkə də düşünürlər ki, biz hələ də əbada gəzir, kişilərimiz hərəmxana saxlayır, uşaqlarımız da mədrəsədə Sədi Şirazinin “Gülüstan”, ya da Əbdürrəhman Caminin “Fətihət-əş şəbab” əsərindən imtahan verir. Bunun özü də gülməlidir. Belə çıxır ki, bu xalqın musiqisinin inkişafı orta əsrlərdə dayanıb.

O əsrlərdən tullanıblar XXI əsrə. (Əlbəttə ki, hansısa kontekstdə burada müəyyən həqiqət payı da var.)

Problemin əsas səbəblərindən biri budur ki, diaspor nümayəndələrimizin böyük
əksəriyyəti əyalətdən çıxdığı üçün incəsənətin bəşəri nümunələrindən xəbərsizdir.

Normal halda toy-düyün musiqilərinə, ideal halda muğama qulaq asırlar. Xalqın ümumi səviyyəsi necədirsə, diasporumuzun ümumi səviyyəsi də elədir. Bəlkə ondan da aşağıdır!

Çünki nə qədər də olmasa Azərbaycanda yaşayan adamın proqressə, inkişafa meyli var, axı proqressiv ölkədə yaşamır, olmayanı istəyir..

İnkişaf etmiş ölkədə yaşayan azərbaycanlılar isə o şərtlər altında başqalarından seçilmədiklərinə görə, çalışırlar öz “azərbaycanlılıqları” ilə seçilsinlər. Nəticədə İBTİDAİ görünürlər.

Mən dəfələrlə xaricdə yaşayan azərbaycanlılarla ünsiyyətdə olmuşam. Onların arasından bir neçə ağıllı, dəyərli adam istisna olmaqla qalanları nə muzeylərə, nə ciddi musiqi səslənən konsert salonlarına, nə də sərgilərə gedir.

Elə ancaq bir-birlərinə qonaq getməklə, bir-birlərinin xeyir-şərlərinə iştirak etməklə məşğuldular.

Hələ neçə dənəsi də var ki, ancaq öz qohum-əqrəbasını başına yığıb, adını qoyub təşkilat, ya dərnək, ya da nə bilim nə. Gördükləri iş də Novruz bayramında şəkərbura yeməkdən o yana çıxmır.

Halbuki ermənilər yaşadıqları yerin konsert zalları ilə əlaqə saxlayır, onlara ermənistanlı musiqiçilərin video-audio yazılarını təqdim edir, maraqlandırırlar.

Həmin konsert zallarının menecerləri, ya da prodüsserlər bəyənirlərsə o musiqiçiləri dəvət edir, musiqilərini təbliğ edir və s.

Hələ mən demirəm Avropadakı konservatoriyalarda nə qədər erməni tələbə görmüşəm.

Özü də baxan kimi bilirsən ki, bu kasıb ölkədən, kasıb ailədən çıxıb, amma çox mötəbər konservatoriyada təhsil alır. Deməli, ona inanırlar, güvənirlər, onun təhsilinə yatırım qoyurlar!

Bizim camaatı da qoyasan boş-boş danışsın ki, niyə indi “hacıbəyovlar, qarayevlər yetişmir.”

Sizin kimi diasporu olan xalqdan əlbəttə ki, yetişməz!
XS
SM
MD
LG