Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:35

Əli Kərim. Mənim ömrüm


Ömür tənhalıqda bada gedərdi
Əgər olmasaydı gözəl insanlar.
Mənimdir onların sevinci, dərdi,
Mənə özüm kimi əzizdir onlar.

Bəzən rastlaşıram özümlə özüm
Düşəndə bir yerə güzarım mənim.
Yüz gördü, min gördü, çox gördü gözüm
Bir deyil, on deyil məzarım mənim.

Torpağın altında çox darıxıram,
Torpağın üstündə nə qədər şənəm.
Gah sağa göz qoyub sola baxıram
Hər yerdə mən varam, hər yerdə mənəm.

Deyib: "Nə tez öldü, nə nakam öldü" -
Bəzən gül qoyuram məzarım üstə,
Deyirəm az güldü, çox azca güldü,
Qoy gülüm, qalmasın arzusu gözdə.

Baxsan bu dünyanın ha tərəfinə
Bir yerdə qəbrim var, on yerdə sağam.
Göy uçsa, yer qopsa ölmərəm yenə,
Hələ neçə dəfə doğulacağam.

1954
XS
SM
MD
LG