Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:56

Süleyman Rüstəm. Mənim muştuluğum


Bəxtiyar Vahabzadəyə

Çoxdandır şad xəbər gəlmir o taydan,
Bağrıma dağ çəkib ayrılıq mənim.
Haçandır bir nəfər gəlmir o taydan,
Başıma daş töküb ayrılıq mənim.

İllərdir bu Araz qırağında mən,
Qardaş sorağında gəzən olmuşam.
Vahid vətən, millət fərağında mən
Dözülməz dərdlərə dözən olmuşam.

Mənə sözarası "Şair, bir belə
Yazmaqdan nə çıxar" deyənlər də var.
Orda zindandadır, ilk bahar belə,
El mənə, yazmasın lənət yağdırar.

Yağdırar, yağdırar, necə yağdırmaz,
Bu qızıl qələmi o verib mənə,
Vicdanım əmr edir şairim, yaz, yaz.
Hələ az yazmısan, durma, yaz yenə.

Gedirəm yenə də vüsala doğru,
Tənələr yağsa da biganələrdən.
Bilirəm, əzmimdə doğruyam, doğru,
Xəyalım uzaqdır əfsanələrdən.

Öz şəxsi dərdinə qalanlar mənə,
Hörümçəklər kimi tor hörməsinlər.
Ürəyi qara daş olanlar mənə,
Müqəddəs dərdimi çox görməsinlər.

Bu şair könlümün məhəbbətini
Bilir Heydərbaba, Savalan bilir.
Cənubun tükənməz müsibətini
Hamıdan daha çox Süleyman bilir.

Çox da gəncliyimdən uzaqdır yaşım,
Gələcək illərdə gözüm var hələ.
Cənubun dərdinə qarışıb başım,
Dünyaya bir dünya sözüm var hələ.

Qoy ellər eşitsin, qoy bilsin vətən,
Vüsal deyəcəyəm son nəfəsdə də.
Andıma vəfalı qalacağam mən,
Torpaqlar altında dar qəfəsdə də.

Qanlı göz yaşlarım deyildir əbəs,
Nisgilim, həsrətim yetməyir sona.
Vüsaldan şad xəbər versəydi her kəs,
Canımı muştuluq verərdim
XS
SM
MD
LG