Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 01:28

Qadınım, Xanımım, Xatunum


Rəhman Bədəlov


QADINIM, XANIMIM, XATUNUM

Ömür yoldaşımın xatirəsinə

Əslinə qalsa, bütün dillərdə ömür yoldaşı anlamında işlənən bir söz var. Onsuz çətin ötüşmək olur. Axı söhbət yaşam və yaşantıların dayaq dirəyindən gedir.

Olsa-olsa, “qadın”, “insan”, “mədəniyyət” kimi söz və anlayışlar ondan daha geniş məna daşıyır.

“İnsan” və “mədəniyyət” sözlərində əriyib itməsin deyə, “kişi” sözünü bu sıraya salmıram.

“Niyə belə olub?” məsələsi ayrıca məqalənin predmetidir. Bəlkə də bir deyil, bir neçə məqalənin.

1-ci bölüm: “Ömür yoldaşı”nı bir sözlə necə ifadə etmək olar?

Desəm ki, Azərbaycan dilində ömür yoldaşını ifadə edəcək sözü düşünüb tapmayıblar, -- doğru olmaz, çünki bu söz hardasa dərinlərdə gizlədilib və gözdən, qulaqdan uzaqlara atılıb.

Bu fikri məşhur şairlərimizdən biri ilə paylaşanda, mənimlə razılaşmayıb qayıtdı ki, o mənada bir yığın söz var.

Ancaq təkcə “yastıq yoldaşım”, yəni “bir balışa baş qoyduğum qadın” ifadəsini yadına saldı.

Mənə çox burcutma söz kimi gəldiyindən həmin ifadədən həmişə sıxılıram. İstər-istəməz düşünürəm ki, belə deyimlər duyğulardan deyil, yoxsulluqdan doğur.

Yastıq hamıya çatmazmış yəqin, olsun ki, ərlə arvada da.

O məşhur şair Azərbaycan dilində ömür yoldaşı anlamında işlənən poetik obrazlardan söz salıb coşanda, ürəyimdə fikirləşdim ki, belə qanadlı kəlmələrdən mənə nə?

Mənə sadə, aydın, toxunub-duya biləcəyim, bəlkə də qaba, ancaq kobudluq anlamı daşımayan – toxtaq verən, ağır-batman bir söz gərəkdir.

Anadolu türklərinin “eş”im, ingilislərin “wife”, rusların “жена” sözünə bənzər (maraqlıdır, rusların “жена” və “живот” sözləri eyni kökdən törənib?

Kök eynidirsə və bu eynimənalılığa bayağı və məişət çalarları qatılmırsa, bundan niyə sıxılasan ki?).

Mən sanballı bir söz istəyirəm, tutalım, “çörək”, “hava”, “su” kimi. Poetik sözlər dolaşıqlıq salır.

Belə sözlər ömür yoldaşını deyil, daha çox kişilərin qadına romantik duyğu və canatımını nişan verir.

Bu canatım gözəldir və onsuz o bilinməz uzaqlarda – o qamaşan, sayrışan, uçuşan və çox vaxt əlçatmaz göylərdə nəyin gerçəkləşib-gerçəkləşmədiyini necə anlayasan?
Gerçəkləşən diləklərin də ömrü qısa olur və beləcə, önünə gələni vurub-yıxmağa alışmış insanlar sevginin olmamasını əsaslandırmaq üçün növbəti bəhanəsini tapır və -- “sevgi deyilən şey yoxdur, olsa-olsa, ya xəstəlikdir, ya da divanə kəslərin inadı!” -- sözlərini söyləmək fürsətini qaçırmırlar.

“Eş” tam başqa bir sözdür, daha yaxşı da deyil, daha pis də. Daha uca da deyil, daha aşağı da.

Daha maddi də deyil, daha ruha yaxın da. Başqadır.

Yox, elə sanmayın ki, bu sözdən, bu anlayışdan hər cür yüksək, romantik və bayram çalarlarını arıtlayıb-çıxarmışam. Tələsməyin, bir az toxtayın.

Bizim, yəni insanların dinclik bilməyən ruhunun çox və müxtəlif işartıları var.

Romantik və təntənəli işartı, olsa-olsa, onlardan biridir. “Arvad” sözünün ona uyğun gəlməməsi bir yana, bu, heç bütövlükdə “qadın”a münasibətlə də uzlaşmır.

Tək bir aydın və sadə sözümüz yoxdur. Onu iki sözlə -- “həyat yoldaşı” ilə əvəzləmişik.

Bilmirsən “həyatda yol yoldaşı” mənasında işlənir, yoxsa “həyat üçün yoldaş” anlamında.

Utandırıb-çəkindirən bir ifadəyə, bir anlayışa urcah olmuşuq.

Çoxlarının dediyinə görə, bu, bizim ədəbbazlığımızdan – yalançı nəzakət görüntüsündən irəli gəlir.

Seksual ilişgilərə pərdə tutmuşuq. Allah eləməsin, birdən kimsə düşünər ki, uşaqların anası həm də seks tərəfdaşıdır.

Hələ bu cəhənnəmə, kimsə sevişmə səhnələrini göz önünə gətirər.

Kimsə, lapdan-qəfildən-bilmədən ağlından keçirər ki, bizim sevinc və öyünc yerimiz olan balalar məlum təmas nəticəsində dünyaya gəlirlər.

Nazlanın, əzilib-büzülün (bax bu nazlandırma, gerçəkdən, Azərbaycan əsilli bir duyğudur, azərbaycanlılıqdan qaynaqlandığı üçün də gözoxşayan uşağa “nə şirindir!” deyirik), özünüzü elə göstərin ki, balaları qu quşu dimdiyində gətirib yer üzünə.

Özü də qəşəng bir səbətdə, ya da gözəl bir qabın içində.

Öz xanımını “uşaqların anası” (fikir verin, heç olmasa, “uşaqlarımızın anası” və ya “uşaqlarımın anası” da yox a, sanki nə kişiyəm, nə ərəm, nə də atayam) adlandırmaq kimi ədəbbazlıq belə əzilib-büzülməkdən, yalançı utancaqlıqdan irəli gəlir.

Bilənlər bilir ki, azərbaycanlılar arasında seksdən danışmaq yasaq sayılır. Uzağı, belə danışıqlarla “kişi məclisi”nə qatılanlar öz qurdunu öldürə bilər (mən bilmərəm, bəlkə “qadın məclisi”nə də).

Belə söhbətlərin kişi və qadınlara bölünmüş dünyada nə tərəfə əyildiyi haqqında da dərinə getməyə dəyməz.

Bəlkə də hər şey haqqında açıq söhbətə bizdə yasaq var.

Adamı qısnaya biləcək doğruları dilə gətirmək olmaz. Hər şey ədəbli görünməli, sanki ipək örtüyə bürünməlidir. “O örtüyün gerisində nə var?” sualının cavabı önəmli deyil. Başlıcası, -- ipək pərdədir.

Yaşam elə bir qonaqlıqdır ki, orada yalnız xoş sözlər söyləməlisən. Janrın qaydası budur. Artıq yaşamın qaydasına çevrilmiş janrın.

Bir az mövzudan uzaqlaşdıq. Hərçənd, dərindən düşünsək, bu ikiüzlü nəzakət də, yalançı utancaqlıq da, onların seks haqqında söhbətlərə yasaq kimi önəmli tərkib hissəsi də tək kəlmə ilə ifadə ediləcək evin xanımı sözünün olmaması ilə birbaşa bağlıdır. Bu söz yoxluğunun başqa açıqlamaları da var.

Bəziləri haqqında daha sonra söz açacağıq.

(ardı var)
XS
SM
MD
LG