Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:24

Şahbaz Xuduoğlu: "O yazarlar Rasim Qaracadan zəif deyil"


"Pen klub" proqramı. 21 iyul 2011
Gözlə

No media source currently available

0:00 0:48:35 0:00
Direct-ə keçid

"Ən yeni ədəbiyyat" seriyası davam edəcəkmi?

Şair Rasim Qaraca deyir ki, “Ən yeni ədəbiyyat” seriyası iflasa uğrayıb, çünki orada ikinci dərəcəli yazarları çap etməyə başlayıblar.

Onun fikrincə ən yeni ədəbiyyatı Azad Yazarlar Ocağı yaradır.

Seriyanı nəşr edən “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu isə ittihamı rədd edir:

“O seriyada kitabı çıxan digər yazarlar Rasim Qaracadan zəif deyillər”. Naşir bildirir ki, “Ən yeni ədəbiyyat” seriyası uğurla davam edəcək.

Bu fikirlər Azadlıq Radiosunun “Pen klub” verilişində keçirilmiş müzakirədəndir. Müzakirədə Ş.Xuduoğlu və R.Qaraca ilə yanaşı “525-ci qəzet”in redaktor müavini Seyfəddin Hüseynli, kulis.az portalının redaktoru Qan Turalı da iştirak ediblər.

Rasim Qaraca: (telefonla)

- “Ən yeni ədəbiyyat” ideyasının formalaşdırılmasında mənim iştirakım olub. Gözəl bir layihədir. Və gözəl də başlanmışdı. Şəffaf davam edirdi ilkin mərhələdə. Amma məncə, sonrakı mərhələdə bu layihə özünü doğrultmadı.

Çünki “Ən yeni ədəbiyyat” adı altında ikinci dərəcəli yazıçılar – özünü ədəbiyyatda təstiq etməmiş, müəyyən siyasi konyuktura ilə əlaqəsi olan, azad yazıçı düşüncəsindən kənar adamların əsərləri nəşr edilməyə başlandı.

Bu da layihənin nüfuzunu aşağı saldı. Məncə, yazıçının mövqeyi olması ədəbi prosesdə çox təsirli və önəmlidir.

Şəffaflıq məsələsinə gəlincə, əvvəl bütün nəticələr - hansı kitabdan nə qədər satıldığı açıqlanırdı. Əvvəlki şərtlərə görə, 1000 ədəd kitab satılandan sonra müəlliflərə qonorar verilməli idi.

Rasim Qaraca

İndi Şahbaz bəyin etiraf etdiyinə görə, hər ay kitablardan 120-130 ədəd satılır. O hesabla yazıçıların kitabları artıq 1000 ədəd satılmalı idi və “Ən yeni ədəbiyyat” seriyasında həmin kitablar təkrar nəşrə getməli idi. Amma biz bunu görmürük. Real mənzərədən məlumatımız yoxdur.

Bu şəffaflığın olmaması yazıçıları rəncidə edir və o layihənin etibarlılığını azaldır. Məsələn, mənim kitabım nəşr olunanda artıq 2-ci ayda məlum oldu ki, 380-dən çox nüsxə satılıb.

Artıq 20 aya yaxın bir vaxt keçib, bu göstəricinin nə yerdə olduğunu mən bilmirəm. Nəşriyyatla yazıçı arasında bərabər tərəfdaşlıq varsa, bu deyilməlidir. Əks halda yazıçının əməyi istismar olunur.

Bizə də məlumdur ki, “Ən yeni ədəbiyyat” layihəsindən narazılar var, ön sırada olan yazıçılar öz əsərlərini bu layihəyə verməkdən imtina edirlər.

Bu da şəffaflığın olmaması və qeyri demokratikliklə bağlıdır.

Şahbaz Xuduoğlu:

- Açığı, əsası olmayan bir şeyə adam heç cavab da vermək istəmir. Mən “Ən yeni ədəbiyyat”ın bu cür cığal müəlliflərinə, yaxud orada hansısa gizli niyyətlərin olduğunu zənn edən, eyhamlarla danışan insanlara dəfələrlə demişəm ki, buyurun, gəlin nəşriyyata, baxın kitablarınıza, görün nə qədəri qalıb.

Gəlin qrup yaradaq, gedin, dükanları gəzin, soruşun. Burada belə gizlin bir şey yoxdur.

Kimin şübhəsi varsa, buyursun, bərabər araşdıraq, bu söhbətlərə də birdəfəlik son qoyaq.

Nəşriyyat ona görə sonradan rəqəmləri açıqlamadı ki, buna, vergi xofu ilə yaşayan dükanlar etiraz etdi. Bu barədə mən dəfələrlə izahat vermişəm. Amma nədənsə heç kim eşitmir.

Kimlərin əsərlərinin nəşr olunması məsələsinə gəlincə, hər kəs öz olduğu yeri qiymətli hesab edir. Mən düşünmürəm ki, “Ən yeni ədəbiyyat” seriyasında çap olunan digər yazarlar Rasim Qaracadan zəifdirlər.

Əgər o daha yaxşı olmasını istəyirsə, onda daha yaxşı bir layihə icra etsin.
Şahbaz Xuduoğlu

Məncə bizim bu sahədə gördüyümüz iş Azərbaycanda ən yaxşı işdi.

Bizim buraxdığımız kitablar Azərbaycan kitab bazarının 65 faizini təşkil edir.

Seyfəddin Hüseynli:

- Rasim Qaracanın birdən-birə kitab nəşrinin iqtisadiyyatından danışmağa başlaması anbar söhbətinə oxşadı.

Əslində bu fikirlər Şahbaz bəyin işgüzar nüfuzuna zərbədir. Çünki, müəlliflər eşidib o nəşriyyatı seçməyə də bilərlər. Əslində bu, məhkəmə perspektivi olan bir məsələdir.

Ümumi ədəbiyyat məsələsinə gəlincə, zaman özü göstərəcək ki, bu gündən sabaha nə qalırsa əslində ədəbiyyat da odur. Yenisi də, klassikası da.

Bunu “toyuqmu, ya yumurtamı əvvəl olub” məsələsinə döndərmək ciddi ədəbiyyatda gülünc səslənir. Ən yeni, ya köhnə məsələsi üzərində dartışıb bu layihəni hörmətdən salmağa çalışmaq düz deyil.

Amma Rasim bəyin əsərlərin ikinci dərəcəli olması ilə bağlı dediyinə gəlincə, məncə “Qanun” nəşriyyatının maddi bazası o qədər yüksək deyil ki, redkollegiya, səviyyəli redaktorlar saxlasın.

Mənim özüm bir dəfə redaktə işi üçün istədiyim təvazökar bir məbləği verməyə nəşriyyatın imkanı çatmadığının şahidi olmuşam.

Hansı əsərin nə səviyyədə olduğunu müəyyənləşdirmək işinə heç dövlətdən maliyyələşən təşkilatlar da girişmək istəmirlər, o ki qala özəl nəşriyyat. Amma olsa, əlbəttə ki, yaxşı olar.

Qan Turalı:

- Rasım Qaraca da çox yaxşı bilir ki, mən ədəbiyyata gələn dönəmlərdə kitab nəşr etdirmək nə qədər çətin idi.

Yazmaq elə bil ki işin 20 faizi idi. Əsas məsələ onu harada çap etdirmək idi. Yazmaq üçün bacarıqdan başqa vaxt da lazım idi. Yazandan sonra onu necə çap etdirmək problemi var idi.

Çünki bundan ötrü 1000 manata qədər pul lazım idi. Çap etdirəndən sonra kitabı necə satmaq barədə düşünməli idin.

Çünki yaranmış 1000 manata qədər borcu ödəmək lazım gəlirdi. Onda Azərbaycan ədəbiyyatında bütün bunların öhdəsindən gələ bilən heç 10 faiz yazıçı yox idi.

Seyfəddin Hüseynli

Amma “Ən yeni ədəbiyyat” seriyası imkan verdi ki, bu adamların problemi yalnız yazmaq olsun. Axı bunların gətirəcəyi gəlir də böyük bir şey deyil.

Məsələn, mənim “Alatoran” jurnalında yazılarım, bədii əsərlərim çıxıb. İndi mən də bu sualı qoyum ki, Rasim abi mənə niyə pul vermiirdi. Bilirəm axı jurnalın satış səviyyəsi, ədəbiyyatın səviyyəsi nə idi.

Özüm AYO-nun üzvüyəm. Amma məncə, məsələni belə qoymaq insafsızlıqdıır.

Məsələni bu səviyyəyə gətirib çatdırmaq olmaz. Tutaq ki, 1000 kitab satılıbsa, ikinci dəfə nəşr olunursa, oradan gələn qonorar hardasa 200-300 manat olacaq.

Bu qədər pula görə bütün bunları heç eləmək məncə düz deyil. Ona görə də mən Rasim abinin bu mövqeyini isafsız sayıram.

Rasim Qaraca:

- AYO hərəkatı başlayanda bizim əsas ideyalarımız ədəbi prosesi “tək əl”dən, bir nəfərin teatrosu olmaqdan xilas etməkdən ibarət idi.

Bu hərəkatın iştirakçıları məhrumiyyətlərə qatlanaraq sağlam ədəbi münasibətlərin yaranmasından ötrü mübarizə aparırdılar.

Çoxsaylı adamlarla bu yola çıxmışdıq. İndi sıralarımız seyrəlib. Amma yeni dövrün azad yazıçı adının artıq keçmişi var.

Biz bunu deyə bilərik. İndi məlum olur ki, azad yazıçı anlayışı bu studiyada oturan dostlarımızın da xoşuna gəlmir.

Bunu qəbul etmirlər, buna qarşıdılar. İndi biz, siyasi ideologiyaların hakimiyyətindən qurtarmaq istəyirkən, kommersiya maraqlarının təsir dairəsinə düşməyə başlayırıq.

Yəni “Qanun” nəşriyyatının “tək əl”i başlayır. O istədiyi layihəni yaradır, istədiyi əsərləri çap edir və buna da “Ən yeni ədəbiyyat” adı verir. Amma mahiyyətinə baxanda görürsən ki, ən yeni ədəbiyyat deyil. Ən yeni ədəbiyyat AYO-nun sıralarındadır.

Ən yeni ədəbiyyat anlayışı bu gün Azərbaycanda AYO-nun adı ilə bağlıdır. Buna görə də mən bu layihəni birmənalı olaraq iflasa uğramış hesab edirəm. Şəffaflıq yoxdur, AYB-dən olanları, küçədən keçənləri qatırlar ora, qarışıq bir şey əmələ gəlib.

O mənada AYO-nun sağlam ideyasını dəstəkləyirəm və buna biz davam edirik.

Şahbaz Xuduoğlu:

- “Ən yeni ədəbiyyat” seriyası “Qanun” nəşriyyatının yaratdığı bir layihədir. Bununla yanaşı çoxlu sayda başqa layihələrimiz var.

Bu işi davam etdirəcəyik. Və bunu ləkələmək lazım deyil.

Səmimi, ədəbiyyatı sevən və ona qayğı göstərən, kitab bolluğunun yaradılması uğrunda mübarizə aparan insanlar bu kimi məsələlərə dəstək olmalıdılar.

Birgə və ya ayrı, fərqi yoxdu, bu yolda hərəkət edənləri alqışlamaq lazımdır.

Əvvəl deyirdilər əsər çap etdirməyə nəşriyyat yoxdu, indi deyirlər nəşriyyat monopoliyaya alıb yazıçıları istismar edir.

Bu düz deyil Əgər bir ildə 1000 kitab satılmırsa, yazarı nəşriyyat necə istismar edə bilər.

Ondansa nəşriyyat dünyanın satılan imzalarını, müəlliflərini çap edər də,necə ki, biz indi bunu edirik.

Amma bununla paralel biz Azərbaycan yazarlarına dəstək veririk və verəcəyik, bu işimiz də çox səmimidir.

Qan Turalı:

Qan Turalı

- Rasim abi ilə o fikirdə razıyam ki, Azərbaycan ədəbi mənzərəsinin əsas cizgiləri, əsas gücü AYO-dadır. Amma bu heç də o demək deyil ki, bütün yaxşı yazarlar AYO-dadır.

Məsələn bu ilki MKM-nın qalibi, “Ən yeni ədəbiyyat” seriyasında kitabı ilk buraxılanlardan olan Pərviz Cəbrayıl AYO üzvü deyil. Rasim abi deyir, amma düzü mən “Ən yeni ədəbiyyat”da heç zəif əsər görməmişəm.

Birinin adını desin görək, hansı əsər zəifdir? Mən Rasim abinin maksimalizmini qəbul etmirəm.

Onun “Ən yaxşılar bizdədir” deməsini də totalitar bir şey kimi görürəm.

Seyfəddin Hüseynli:

- Mən elə bilirəm ki, qatar artıq tərpənib. Onu əngəlləmək bir az çətin məsələdir, heç lazım da deyil. İş gedir. Və elə bilirəm ki, ora təqdim olunan əsərlərin özünə haradasa tələbkarlıqla yanaşmaq üçün hələ bir qədər tezdir.

Çünki naşir maraqları da var. Hansı kitablara üstünlük vermək də onun haqqıdır.

Amma sözsüz ki, işə daha ciddi tələblə yanaşılması hər kəsin arzusudur.


Ş.Xuduoğlu “Pen klub”dakı söhbət zamanı onu da bildirib ki, yaxın günlərdə “Ən yeni ədəbiyyat” seriyasından daha bir kitab buraxılacaq. Bu, yazıçı Şərif Ağayarın “Haramı” romanıdır.

Onun fikrincə, ötən illə müqayisədə bu il seriyadan daha az kitabın çapı təbiidir.

“Çünki biz bu işə başlayanda yazıçıların əsasən son bir neçə il ərzində yazdığı, amma çap etdirmədiyi əsərləri dalbadal buraxdıq. İl ərzində 11 kitab çıxdı. İndi isə sadəcə yeni əsərlər yazıldıqca seriya davam edir”.

Naşir deyir ki, seriyada çap olunmağa yazarlarda əvvəlki kimi maraq var.

“Məncə bu, uzun – bir neçə illəri arxada qoyan seriya olacaq”.

Ş.Xuduoğlu deyir ki, istər “Ən yeni ədəbiyyat” seriyası, istərsə də nəşriyyatın digər seriyaları kitab bazarına öz müsbət təsirini göstərir.

- 1 il əvvəl ən çox satılan əsərlərin siyahısında birinci olan kitabın satış sayı 35-39 idi. İndi bu həcm 120-ə qalxıb. Deməli kitab bazarında artım 3-4 dəfədir.

Bu işdə “Qanun” nəşriyyatının da özünəməxsus rolu var. Nəşriyyat sistemli şəkildə yeni layihələr həyata keçirir, müxtəlif üsullarla kitabları təbliğ edir, cəmiyyətin, kitab oxumağa meylli insanların diqqətini kitaba cəlb edir.



Bunlar "Pen klub" proqramında səslənmiş fikirlərdən seçmələr idi. Verilişə tam şəkildə burda qulaq as. Proqrama tam olaraq yuxarıda bax!
XS
SM
MD
LG