Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 12:44

Emin Robertino Lorettini necə ağlatdı?


Emin Eminzadə
Emin Eminzadə
«Mən Robertino Lorettidən soruşanda ki, Azərbaycandan hansı müğənniləri tanıyırsınız, o dedi: Müslüm Maqomayev və Emin Eminzadə».

AzadlıqRadiosunun «Can Bakı» proqramına qonaq olan 14 yaşlı Emin Eminzadə məşhur müğənninin bu sözlərindən çox böyük həzz aldığını söylədi: «O belə söyləyəndə, çox xoşuma gəldi».

Bu ay İtaliyada keçirilən «Elia Catalano» milli festivalının laureatı olan Emin Eminzadə Robertino Lorettini çox sevdiyini və onun oxuduğu məşhur mahnıları – «Camayka» və «O sole mio» mahnılarını festivalda ifa etdiyini söylədi: «Bu mahnıları bütün dünyada hamı sevir və alqışlayır».

BU, ÇOX BÖYÜK UĞUR İDİ

Eminin atası Xəzər Emin oğlunun festivalın laureatı olmasını çox böyük uğur adlandırdı:

«14 yaşlı yeniyetmənin İtaliyanın şah meydanında—Romanın mərkəzində minlərlə tamaşaçı qarşısında çıxış etməsi, Azərbaycan Respublikası adından təqdim olunması böyük şərəf idi. Təkcə Emin üçün yox, Azərbaycan dünyası üçün. Eminin çıxışının sonunda İtaliyadakı səfirimiz Vaqif Sadıqov səhnəyə dəvət olundu və ona bu ifaçıya görə təşəkkür etdilər».

EMİN MƏŞHUR MÜĞƏNNİNİ AĞLATDI

Atasının dediyinə görə, ilk dəfə bu il fevralın 13-də Robertino Lorettinin Bakı konsertində çıxış edən Emin Eminzadə bir neçə ay keçəndən sonra Romaya dəvət olunub:

«Əslində Emin festivalın həm dəvətlisi idi, həm də fəxri qonağı. Fevral konsertindən sonra İtaliyanın TV kanallarında, internet saytlarında Eminin oxuması səslənmişdi. Robertino Loretti də öz 13 yaşını Emində gördü. Emin oxuyanda, çox kövrəldi. Hətta gözündən yaş gəldi».

TƏMƏNNASIZ USTAD DƏRSİ KEÇDİ

Xəzər bəy festivaldan sonra Robertino Lorettinin şəxsi qonağı olduqlarını, məşhur müğənninin öz evində 1 həftə Eminə təmənnasız ustad dərsi keçdiyini bildirdi:

«Amma dedi ki, bu, azdır. Bir neçə ay davam etmək lazımdır. Bu necə olacaq, bilmirəm, şübhəsiz ki, dövlət köməyinə ehtiyac olacaq. Eminin Azərbaycanda da yaxşı müəllimi var. Mən Milli Konservatoriyanın dosenti Məryəm Babayevaya təşəkkür edirəm. Eminin üzərində çox zəhmət çəkib.
Xəzər Emin
Emin həm də Uşaq Filarmoniyasının solistidir. MTN Mədəniyyət Mərkəzinin Musiqi Məktəbində təhsil alır».

İLK CƏHDDƏ FİNALA KEÇDİ

Xəzər Emin «Elia Catalano» festivalında oxumaqdan çox səsə önəm verildiyini dedi:

«Deyirlər ki, səs varsa, hər şey etmək olar. Onlar söylədilər ki, Eminin səsində lazım olan material var. Eminə qədər festivalın bir neçə mərhələsi olmuşdu. Biz gec qatılmışdıq. Emin ilk cəhddə finala keçdi. Finalda 3-4 nəfər qalmışdı. Emin «Camayka»nı və «O sole mio»nu oxudu».

BİZİMKİNİN YERİNİ HEÇ NƏ VERMƏZ!

Emin festival bitincə İtaliyanı gəzib-dolaşdığını da söylədi:

«Roma imperiyasının tarixini də bilirəm. Mənə hər şey maraqlı idi. Kolizeyi, Vatikanı gəzdim. Dənizə də getdim».

«Oranın dənizini bəyəndinmi—Xəzər yaxşıdır, yoxsa İtaliyalıların dənizi» sualı belə cavablandı: «Bizimkinin yerini heç nə verməz!».

«Xəzərin nəyi xoşuna gəlir» sualına Emin belə cavab verdi: «Doğmalığı...».

EMİN MOSKVADA ROBERTİNO LORETTİ İLƏ BİRGƏ OXUYACAQ

Emin noyabrda R. Lorettinin Moskvada keçiriləcək yubiley tədbirinə də dəvət alıb:

«Dedi ki, mütləq səninlə yeni bir İtaliya mahnısı oxuyacağam». «Hansı mahnını oxuyacağınız dəqiqləşdimi» sualına Emin belə cavab verdi: «Bu klassika da ola bilər, klassik estrada da. Məsələn, Frank Sinatranın repertuarından ola bilər. Bəlkə də öz mahnım oldu?!».

--Sən demə, Emin mahnı yazırmış?

--Romada R. Lorettidən bir yerdə Azərbaycan mahnısı oxumaq vədi alan Emin hansı xalq mahnısını fikrində tutub?

--Eminin musiqi qabiliyyəti necə üzə çıxdı?

--İlk dəfə bunu hansı tanınmış müğənnilər duydu?

--Emin verilişimizdə hansı mahnıları canlı oxudu?


«Can Bakı» qarşınızdadır. 14 yaşlı festival qalibinin səsini dinləmək imkanını qaçırmayın.
XS
SM
MD
LG