Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:33

2 aprel aksiyasının polis şahidləri ifadə verdi


Arxiv foto
Arxiv foto
“Necə olur, səni vuranın kim olduğunu görmürsən, amma avtobusu təpiklə vuranı uzaqdan görə bilirsən?”

Bu sualı İctimai Palatanın 2 aprel aksiyası zamanı həbs olunan müxalifət fəallarının altısının məhkəməsində şahid qismində ifadə verən polis leytenantı Mais Əliyevə vəkil Natiq Mustafayev verib.

Avqustun 2-də Səbail rayon Məhkəməsində Sahib Kərimov, Arif Alışlı, Elnur İsrafilov, Babək Həsənov, Zülfüqar Eyvazov və Elşən Həsənovun işi üzrə məhkəmə iclası davam edib. Proses şahid polislərin dindirilməsi ilə keçib.

LEYTENANT ONU VURANI GÖRƏ BİLMƏDİYİNİ DEYİR

Leytenant Mais Əliyev ifadə verərkən deyib ki, aprelin 2-də aksiya zamanı onun özü də xəsarət alıb. Əlini kəsiblər, amma vuranın kim olduğunu görə bilməyib. Eyni zamanda o bildirib ki, təqsirləndirilən şəxslərin bəzilərinin avtobusu təpiklə vurduqlarını görüb.

Leytenantın sözlərinə görə, həmin gün onlar Üzeyir Hacıbəyov və Səməd Vurğun küçələrinin kəsişdiyi yerdə bir qrup şəxsin saxlanılan aksiya iştirakçılarını bölməyə aparan avtobusun qarşısını kəsdiyi barədə məlumat alıb dərhal ora yollanıblar. Hadisə yerinə çatanda 10-15 nəfərin avtobusun içindəkiləri düşürtməyə cəhd etdiklərini görüblər. Polislər çatanda onlar qaçıb dağılışıblar. Bununla belə leytenant Sahib Kərimov, Arif Alışlı və Zülfüqar Eyvazovun orada olduğunu yaxşı xatırladığını deyir. Mais Əliyev deyib ki, onlar avtobusa təpik vurur, ətrafdakıları polisdən qorxmamağa çağırırmışlar. Sahib Kərimov isə xüsusi fəallıq göstərirmiş.

Amma vəkillər və təqsirləndirilən şəxslər iddia edirdilər ki, leytenant Mais Əliyevin onların suallarına verdiyi cavablar, eləcə də şahid qismində verdiyi ifadə istintaqa ifadəsi ilə ziddiyyət təşkil edir. Buna görə də onlar hesab edirlər ki, Mais Əliyev prosesdən kənarlaşdırılmalı, yalan ifadə verdiyinə görə barəsində cinayət işi açılmalıdır.

SERJANTIN YADDAŞI NİYƏ GÜCLÜDÜR?

Onu da deyək ki, bəzi hallarda polislərin ifadələri də bir- biri ilə ziddiyyət təşkil edirdi. Məsələn, leytenant Mais Əliyev deyirdi ki, onlar hadisə yerinə polis maşını ilə gediblər. Serjant Ceyhun Zeynalov isə avtobusun qarşısının kəsildiyi yerə qaçaraq getdiklərini bildirirdi. Polislərin biri Sahib Kərimovu avtobusun qarşısında, digəri isə arxasında gördüyünü iddia edirdi.

Sahib Kərimov. Məhkəmə prosesindən sonra
3-cü ifadə verən serjant Məmməd Məhərrəmovun isə çoxlu şirin çay içdiyinə görə yaddaşı güclü imiş. Bu barədə o, hələ istintaq zamanı bildirib. Təqsirləndirilənlərdən Arif Alışlı prosesdə serjanta xatırlatdı ki, üzləşdirmə zamanı onu necə yadında saxlaya bildiyini soruşub. Serjant da belə cavab verib. Məmməd Məhərrəmov da deyiləni başı ilə təsdiqlədi.

Şahid qismində ifadə verən polislər avtobus saxlanılan yerə Səbail rayon polis idarəsinin rəis müavini Kamal Vəlişovun göstərişi ilə getdiklərini bildirirdilər.

Vəkillər polislərdən “qanunsuz aksiya”, “polis haqqında qanun”, “polisin vəzifələri” kimi məsələlərə dair suallar verəndə onlar cavabda çətinlik çəkirdilər.

SERJANTIN DEDİYİ ÜZLƏŞMƏ OLMAYIB

Vəkil serjant Emin Qasımovdan soruşanda ki, “əgər komandiriniz sizə qanuna zidd tapşırıq versə, onu yerinə yetirməlisiniz, ya yox?”, Emin Qasımovun cavabı belə oldu:

“Ruslarda bir misal var: Əvvəl əmr yerinə yetirilir, sonra müzakirə olunur”

Serjant Emin Qasımov ifadə verərkən, istintaq zamanı təqsirləndirilən Sahib Kərimovla üzləşdiyini də dedi. Sahib Kərimov etiraz edərək belə bir üzləşmə olmadığını bildirdi. Sahib Kərimov həmin üzləşmənin protokolunu göstərməyi tələb etdikdə istintaq materiallarının içində belə bir sənədin olmadığı aydınlaşdı.
Bu kimi vəziyyətlərdə təqsirləndirilən şəxslər etiraz edir, ifadənin ciddi qəbul olunmamasını istəyirdilər.

Onu da deyim ki, polislər təqsirləndirilən şəxslərin avtobusu təpiklə vurduqlarını desələr də, maşının şüşəsini onların sındırdığını görmədiklərini bildirirdilər.

Şahidlərin xatırladıqları səsli və yazılı şüarlar isə yalnız “Azadlıq” və “İstefa” sözləri idi...

2 Aprel aksiyası
İDMANÇININ FOTOLARI İŞƏ ƏLAVƏ OLUNACAQ

Proses zamanı vəkil Yalçın İmanov hakimə idman geyimli bir şəxsin 316 saylı avtobusun qabaq şüşəsinə təpik vurduğunu əks etdirən fotoşəkillər təqdim etdi. O fotoşəkilləri “Turan” agentliyindən əldə etdiyini desə də hakim Elnur Həsənov mənbənin mötəbərliyinin şübhə doğurduğunu bildirdi. Bununla belə o fotoşəkillərin iş materiallarına əlavə olunacağını qeyd etdi.

Prosesin gedişində vəkillər “polislərin ifadəsinin etibarsız hesab olunması və sübutlar siyahısından xaric olunması”, “316 saylı marşrut avtobusun sürücüsü Sarvan Məhərrəmovun təkrar dindirilməsi”, “polislərin yalan ifadə vermələri ilə bağlı cinayət məsuliyyətinə cəlb edilmələri”nə dair və digər vəsatətlər qaldırsalar da onların heç biri qəbul olunmadı.

Proses avqustun 5-də şahidlərin dindirilməsi ilə davam edəcək.

6 müxalifətçi Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 186.1-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə) maddəsi ilə də təqsirləndirilirlər. İttiham aktına görə bu 6 nəfər asayişi pozub, polisin tələbinə məhəl qoymayıb, 25 mülki şəxsə və polisə xəsarət yetirib. Eyni zamanda, hərəkətdə olan avtobusu dayandırıb üç nəfəri qaçırdıblar, həmin avtobusa 1325 manat ziyan vurublar.

İctimai Palatanın 2 aprel aksiyasına görə ümumilikdə 14 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
XS
SM
MD
LG