Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:38

"AYO-çulardan başqa hamı ad günümü qutladı"


Bu günlərdə 61 yaşı tamam olmuş yazıçı Rafiq Tağının 24saat.az-a müsahibəsi. Müsahibə yazıçının doğum günündə - avqustun 5-də alınıb.


- Ad gününüzü təbrik edirik. Həyat bu doğum günündə necədir?

- Hər bir insanın doğum günü əslində onun ömründə adi günlərdən biridir. Ad gününə bilərəkdən layiq olmadığı yüksək dəyəri verirlər: əsas rəngi qara olan, kökündə dinamit kimi faciə yerləşdirilmiş həyatı bəzəmək üçün.

Bir aldanış və bozluqdan yalançı qurtuluş günüdür ad günü. Əlbəttə, mən belə qarabatdaq düşüncələrlə camaatın qanını qaraltmaq istəməzdim.

Sadəcə, fakt budur. Təkcə uşaqlıqda ad günləri işıqlı və cevincli olur. Özü də mən ad gününü təntənəli keçirməkdən həmişə uzaq olmuş, bundan vaz keçmişəm.

Təntənədə məna görmürəm. Mən bu günü tələbə olduğum 16 yaşdan etibarən, bir dəqiqəsini belə boş keçirməməklə, qeyd etmişəm.

Baxaq görək, bu neçə gün edir?

- 61 – 16 = 45

- Bəli, mən cəmi 45 gün vaxt itirmədən yaşamışam. Hər şey nisbidir. Pasportlarında nənəmin də, anamın da doğum günləri yazılmamışdı. Xarakterlərinə görə bürclərini, bürclərinə görə də doğulduğu ayları təyin etməyə çalışmışam.

Əksərən yanılırdım. Ona görə də onların ad gününü başlı-başına buraxası oldum. İstədiyim vaxta, çox zaman maaş günlərimə salırdım: bir şey alıb təbrik etmək üçün.

Bir növ, bu ad günləri sosioloji xarakterli olmuşdu. Yubileyləri isə Hicri təqvimindəki kimi gah yaza düşürdü, gah qışa və sair.

Nənəm rəhmətə gedib, anamı isə hələ yenə, məhz bu cür təbrik etməkdəyəm. Keçən il yubiley yaşı idi: əlim aşağı oldu, özümü bilməməzliyə vurdum. Amma heç öz yadına da düşmədi... Təhqir baş vermədi.

- Sizi doğum günlərinizdə ilk olaraq kim təbrik edir?

- Qızım Qəmər. 5 avqustun ilk saniyələrindəcə mesajını alıram. Evin içində ola-ola mənə yazır: özünə yaxşı bax, yolu-zadı yaxşı keç, enli küçələrdən adlama.

Onu yaradıcılığım-düşüncələrim yox, salamatlığım maraqlandırır. Onun üçün appendiksim hekayə kitablarımdan üstündür. Uğurlarımı yalnız canımın sağlığı şərtiylə qəbul edir.

- Yazıçı dostlardan təbrik edən oldumu?

- Bu il məni ilk təbrik edən, hələ 4-5 gün əvvəl, sevimli dostum Niyazi Mehdi oldu.


Rafiq Tağı Azadlıq Radiosunun "Pen klub" proqramında. 4 mart 2011

Bir sözlə, AYO-çulardan savayı hamı bu günümü qutlayıb. Qınaq üçün demirəm, bizim AYO-çularda yenilikçilik məhz elə bu cür də olur. Bir-birinə vız atmamaq dahilik və böyüklük sayılır.

Hə, bir-birinin kitabını oxumamaq da böyüklük sırasındadır. Məsələn, Seymur Baycan bir tək “Ölü Həsən” hekayəmi oxuyub. Adımın orda-burda hallanmağına əsasən də bir dəfə nə desə yaxşıdır:

Rafiq müəllim, axır əsl yazıçı oldunuz. Dedim, Seymur bala, siz hələ anadan olmamışdınız, mən yazıçı idim.

Bax, siz təzəlikcə yazıçı olubsunuz. Amma eləliyinə baxmayın, qəlbi incədir: ayrılandan sonra mesajını aldım: xətrinizə dəydim, bağışlayın. Kövrəldim, ona hörmətim birə-beş artdı. Söhbətdi, edirik.

Murad Köhnəqala da cəmi bir hekayəmi oxuyub: “Opera-balet”i. Orda heç nəyi izah edə bilməsə də, heyranlığını bildirdi. Rasim Qaraca heç bir hekayəmi axıracan oxumayıb.

O mənim hekayələrimi məqalə kimi tez oxumağa can atır, dişi batmır, alınmır deyə, yarımçıq qoyur.

Həmid Herisçi dünyada bir it-qurd qalmayıb oxumasın. Rafiq Tağıdan nə oxuyub, deyə bilməz. Amma çox şey itirir. Nərmin Kamalın və Sevinc Pərvanənin məni oxumalarına əminliyim yoxdur. Onlar gözləyir ki, yalnız onları oxusunlar.

Bu yaxınlarda Aqşin Yenisey etika xatirinə ikicildliyimin bir cildini oxuduğunu bildirdi. Onda etika yalan kimi parladı. Kitabdan özümə çəkdiyi misal da mənə aid deyildi.

Ümumi faciəmizdir bu.

Bu sevimli dostlarımın psixolojisi balta effektlidir.

İnsafən, Günel Mövlud və Şərif Ağayar oxuyublar.

Uzun sözün qısası, yazıçılarımız yazır, oxucularımız oxuyur. Oxucular yaza bilmir, yazıçılar oxuya. Bizdə yazıçı çukça haqqında lətifədəki kimi ancaq yazmaq üçündür.

- Hədiyyə verən oldumu? Ümumiyyətlə, ən yaddaqalan hədiyyəniz nə olub?

- Bu gün evdən çıxmamışam. Ancaq çıxsaydım da heç kim hədiyyə verməyəcəkdi. Çıxmadım ki, dost-tanışın diqqətsizliyi ört-basdır olsun.
Yaddaqalan hədiyyəni uşaqlıqda görmüşəm.



Rəhmətlik atam göyümtül məktəb forması almışdı: belində qayışı, kepkası dimdikli. Praktik əhəmiyyətli bu hədiyyəni ölənəcən unutmaram.

- Xüsusi bir tədbir düşünürsünüzmü bu günə?

- Ad günü təşkilatçılığını xoşlamıram, bacarmıram.

Facebook sayəsində bu il ad günüm qabarıq görsənir. Yüzlərlə təbrik almışam.

Hamıya da bir-bir təşəkkürümü bildirməyə çalışıram. Təşəkkürlər mərhələsi hələ bitməyib.

Deyirəm, nə xəbərdi, xata olub doğulmuşam?.. Ancaq yox, sağ olsunlar. Ad günlərində yeganə məna insanın insana diqqətindədir.

- Günlər necə ötdü? Xatirələr şirindirmi?

- Bəzən xatirələri inkar edirlər; guya bu, köhnəlikdir. Xatirə insanı geri çəkir, deyirlər.

Kimlərsə də qətiyyən geri baxmadığını, yalnız irəlini düşündüyünü söyləyir. Məncə, yalnız gələcəyi düşünən bu tipli insanlar asanlıqla qətl də törədə bilər.

Normal psixolojisi olanlar üçün ötən həyat qalan həyatdan həmişə şirin və qiymətli olur. Mahnıda necə deyilir: ötən günlərimi qaytaraydılar, gələn günlərimi qurban verərdim.

- Bu yaşda özünüzü necə hiss edirsiniz?

- Allah məni hələlik qoruyur. Yaxşıyam. Bu, fəxarət səbəbi olmasa da, qoy deyim ki, xəstəliyim-zadım da yox. Arıqlığı xəstəlik bilənlər görsün ki, kökəlmişəm.

Köklüyü xoşbəxtlik sananlar eşitsin və bilsin ki, kökəlmişəm. Bir sözlə, xoşbəxtlik üçün arqumentlərim çoxdur.

Söhbətləşdi: Cəlil Cavanşir
5 avqust 2011-ci il
XS
SM
MD
LG