Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 00:04

Azərbaycan-İran münasibətlərinin gerçək tərəfləri


İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Seyid Həsən Firuzabadi
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Seyid Həsən Firuzabadi
Avqustun 9-da İranın «FARS» xəbər agentliyinə istinadən məlumat yayılmışdı ki, bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Seyid Həsən Firuzabadini Azərbaycan rəhbərliyinin ünvanına sərt fikirlər söyləyib. Bunun ardınca isə İranın Bakıdakı səfiri Məhəmmədbağır Bəhrami Xarici İşlər Nazirliyinə dəvət olunaraq ona Azərbaycan tərəfinin etiraz notasını təqdim edildi. Notada İran rəsmisinin çıxışı məsuliyyətsiz iftira adlandırılaraq qəti etiraz bildirildi.

Azərbaycan XİN-i İrandan Azərbaycana qarşı qərəzli bəyanatlara son qoyulmasını və sözügedən məsələyə aydınlıq gətirilməsini istədi.

Rəsmi Tehran da öz növbəsində İran Silahlı Qüvvələri Baş Qərargahının rəisinə istinadən deyilənləri təkzib etdi. Həmin təkzibdə bildirdi ki, haqqında danışılan çıxışın cənab Füruzabadiyə aidiyyəti yoxdur və yayılan xəbərlər KİV-in anlaşılmazlığının nəticəsidir.

Avqustun 12-də isə Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluq Azərbaycanda radikal dini qrupun zərərsizləşdirilməsi adı altında birgə məlumat yaydılar. Həmin məlumatda saxlanan şəxslərin İran İslam Respublikasını Azərbaycanda təmsil edən bəzi qurumların maliyyə dəstəyi ilə fəaliyyət göstərdikləri bildirildi.

«RƏSMİ BAKI BU HƏBSLƏRLƏ DEMƏK İSTƏYİR Kİ, İLHAM ƏLİYEVİN ŞƏXSIYYƏTİ TOXUNULMAZDIR»

3-4 günü ərzində iki ölkə arasında bu qədər hadisənin baş verməsini ekspertlər təsadüfi hesab etmirlər. Şərq Qərb Araşdırmaları mərkəzinin rəhbəri Ərəstun Oruclu deyir ki, Azərbaycanda baş verən həbslər və saxlananları rəsmi qurumların İranla əlaqələndirilməsi Bakının Tehrana açıq mesajıdır. Onun fikrincə, İrandan Azərbaycana sərt bəyanatlar birinci dəfə deyil verilir. Sadəcə situasiyanı fərqli edən odur ki, bu dəfə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Seyid Həsən Firuzabadi bir başa prezident İlham Əliyevin ünvanına sərt fikirlər səsləndirib:

Ərəstun Oruclu
«Rəsmi Bakı bu həbslərlə və saxlananların İrandan dəstəklənməsini açıq şəkildə bəyan etməklə demək istəyir ki, İlham Əliyevin şəxsiyyəti toxunulmazdır. Siz Azərbaycan haqda nə istəsəniz deyə bilərsiniz, müxtəlif televiziya verilişlərində Azərbaycanın dövlətini, bayrağını təhqir edə bilərsiniz. Biz buna susacağıq. Amma İlham Əliyev haqda danışsanız, buna reaksiya verəcəyik. Və o reaksiya sərt olacaq».

Ərəstun Oruclu deyir ki, Azərbaycanda İrana işləyən yetərincə adam var. Üstəlik hakimiyyət İran tərəfdən Azərbaycanda qurulan şəbəkəyə illər boyu daha dözümlü yanaşıb. Onun fikrincə İrana mesaj vermək xatirinə belə həbslər həyata keçirtmək əslində səmərəsiz addımdır. Çünki adətən belə həbslər saxta faktlar üzərində həyata keçirildiyi üçün sonunda beynəlxalq aləmdə insan haqlarının pozuntusu kimi dəyərləndirilir.

MTN və Baş Prokurorluğun birgə məlumatında deyilirdi ki, saxlananlardan Abgül Süleymanov İranın Bakıda fəaliyyət göstərən Mədəniyyət Mərkəzinin maliyyə dəstəyi əsasında rəsmi dövlət qeydiyyatı olmayan «Cəfəri» adlı radikal dini qrup yaradaraq, ona rəhbərlik edib.

İRAN MƏDƏNİYYƏT MƏRKƏZİ SUSUR

Adı çəkilən mərkəzdən deyilənlərə münasibət öyrənə bilmədik.

İran İslam respublikasının Bakıdakı səfirliyindən isə AzadlıqRadiosuna bildiriblər ki, MTN-nin məlumatında İran mədəniyyət mərkəzinin adının çəkilməsi ilə bağlı «Ağayi Səfirin heç bir şərhi yoxdur».

Sədrəddin Soltan
Ekspertlərdən Sədrəddin Soltan isə hesab edir ki, əslində İranın Azərbaycanda fəaliyyət göstərən mərkəz və təşkilatlarının nə ilə məşğul olduqları rəsmi Bakıya yaxşı bəllidir. Onun fikrincə sadəcə Azərbaycan hakimiyyəti bu şəbəkələri, ayrı- ayrı adamları lazım bildiyi vaxtlarda zərərsizləşdirir. Bu dəfə də belə addımın atılmasına Firuzəbadinin bəyanatı səbəb olub:

«Azərbaycan hökuməti- MTN və Prokurorluğun belə bir bəyanat verməsi təbii ki, onlara cavabdır. Həbs etdiklərini İrana göstərib soruşur ki, bunlarla Azərbaycanda İlham Əliyev hakimiyyətinin qara günləri başlayacaqdı?» .

Sədrəddin Sultan hesab edir ki, Azərbaycanda İrana məxsus şəbəkələrin yaranması bir günün işi deyil. Onun fikrincə, İranın ideoloji xəttini müxtəlif üsullarla təbliğ edən, hətta özünü yaşada biləcək qədər qazanc götürməyən saytlar hələ də mövcuddursa deməli buna imkan yaradılır. Sədrəddin Sultan deyir ki, İslam partiyasının da mövcud olduğundan bəri İranla xoş münasibətdə olması hakimiyyətə sirr deyildi.

İSLAM PARTİYASININ BƏYANATI


Azərbaycan İslam Partiyası isə avqustun 15-də bəyanat yayaraq bildirib ki, son günlər saxlanan 3 nəfərdən yalnız biri onların üzvüdür. Bununla belə partiya öz fəaliyyətini Azərbaycanın mənafeyinə uyğun qurur, onun ərazi bütövlüyünü, müstəqilliyini və dövlətçilik üçün əhəmiyyətli olan digər maraqlarını hər şeydən üstün tutur.
XS
SM
MD
LG