Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:43

Mədət Quliyev cəzaçəkmə yerlərində “burjuy otaqları”nın ləğv edildiyini deyir


Azerbaijan -- Madat Guliyev, the head of the penitentiary
Azerbaijan -- Madat Guliyev, the head of the penitentiary


Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəisi Mədət Quliyevin AzadlıqRadiosuna müsahibəsi.




- Yeni təyin olunarkən cəzaçəkmə müəssisələrində məhkumların saxlanma şəraitində nöqsanların olduğunu demişdiniz. Bu müddətdə nöqsanların aradan qaldırılması istiqamətində hansı işlər görülüb?
- Təqribən iki ay əvvəl biz cəzaçəkmə müəssisələrində araşdırmalar apararkən müəyyən etmişdik ki, ayaqyolu, hamamla bağlı dustaqların ciddi problemləri var. Artıq bu gün deyə bilərəm ki, müəssisələrdə məhkumların sayına görə hamam və tualetlərin sayının artırılması işi bəzilərində tam, bəzilərində isə qismən başa çatdırılıb.
Müəssisələrdə ciddi su problemi də mövcud idi. Bu da aradan qalxıb, indi məsələ qaldırmışıq ki, müəssisələrdə yeni, Avropa standartlarına uyğun su filtrləri quraşdırılsın. Bu, məhkumların təmiz su ilə təmin olunması üçündür.
- Dustaqlar məhkəmələrə hələ də köhnə “voronok”larda (dustaq maşınları) daşınırlar...

- Yaxın vaxtlarda “voronok”lar istismardan çıxarılacaq, kondisionerli FİAT və RENO avtomaşınları ilə əvəz olunacaq. Həmin maşınlar GPRS sistemi ilə təchiz olunacaq. Məhkumlar maşına minəndən sona qədər bütün proseslər kameraların yaddaşına yazılacaq.
Nəzarətçilərin onlarla davranmasına bu texniki vasitə ilə nəzarət edəcəyik. Bəzən valideynlər, vəkillər şikayət edirlər ki, “voronok”ların qapıları açılır, dustaqlara təzyiqlər olur. Yeni maşınlarda qapı açılarsa, dərhal növbətçi hissədə GPRS sistemi ilə məlumat olacaq. Kameralardan görünəcək ki, müdaxilə olunub, yoxsa yox.

- Cəzaçəkmə müəssisələrində “burjuy otağı” deyilən otaqlar var idi. Söhbət nisbətən imkanlı məhbusların istirahəti üçün nəzərdə tutulan otaqlardan gedir. Bu otaqların taleyi necə oldu?
- Düzdür, bəzi cəzaçəkmə müəssisələrinin içərisində “patsovka” adlanan qeyri-qanuni otaqlar var idi. Guya lazımlı otaqlar idi. Ancaq bilmək olmurdu ki, o otaqların təyinatı nədir. Bəzi hallarda əməkdaşlar özləri istifadə edirdilər, bəzi məsələlərdə imtiyazlı məhkumlar istifadə edirdilər.

Mən prezidentin qəbulunda olarkən o dedi ki, bəzi məhkumlara qanunsuz imtiyazlar var. Prezident bu işlərdən tam məlumatlı idi. O otaqlar hamısı ləğv olundu, uçurduldu. Düzdür, böyük tikililər deyildi, ancaq var idi belə məsələlər. İndi cəzaçəkmə müəssisələrindəki bütün dustaqlar eyni şəraitdə saxlanılırlar, bir yerdə yemək yeyirlər.

- Şikayətlər var idi ki, rəislər müəssisə ərazilərində şəxsi təsərrüfatlarını saxlayırlar və həmin təsərrüfatlarda dustaqları işlədirlər...
- Həqiqətən də cəzaçəkmə müəssisələrində belə faktlar aşkar edildi. Biz aşkarladıq ki, müəssisələrin ərazilərində heyvan saxlanır. Hamısı ləğv olundu. Bizim özümüzün məntəqə tipli cəzaçəkmə müəssisələrində heyvandarlıq var. Məhkumlar, nəzarətdə olan şəxslər orda heyvandarlıqla məşğul olurlar.

Qanunsuz saxlanan heyvanlar cəzaçəkmə müəssisələrindən yığışdırıldı, qanuni olaraq məntəqə tipli müəssisələrə keçirildi. Bu nöqsanları olan əməkdaşlar cəzalandırıldılar.
- Cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında yeməyin keyfiyyətinin aşağı olması daim müzakirə obyekti olub. Dustaqların qidalanmasında dəyişikliklər varmı?
- İndi məncə şikayət olmamalıdır. Bu da azərbaycanlı mentalitetindən irəli gələn məsələdir ki, bizim bişirdiyimiz yeməyi məhkumlar yemir. Azərbaycanda hətta görürsünüz ki, hərbi xidmətdə olan əsgərə də valideynlər ev xörəyi aparırlar.

Yemək məsələsi Ədliyyə Nazirliyinin birbaşa nəzarətində saxlanır. Biz indi cəzaçəkmə müəssisələrində xörəyin ən yüksək səviyyədə bişirilməsinə, çörəyin keyfiyyətinə, dustaqlara çatdırılmasına nail olmağa çalışırıq.
- Dustaqların ümumi yaşayış sahəsinin – yəni barak sisteminin nə vaxtsa ləğv olunacağı gözlənilirmi?

Bu gün fəaliyyətdə olan cəzaçəkmə müəssisələri 1920-30-cu illərdən qalan tikililərdir. Təbii ki, müasir standartlara cavab vermirlər. Hazırda Lənkəranda, Umbakıda, Şəkidə, Gəncədə cəzaçəkmə müəssisələrinin tikintisini başa çatdırmağa çalışırıq.
Yeni tikilən müəssisələrdə barak olmayacaq. Kamera tipli, 1-2 nəfərlik kondisionerli otaqlar olacaq. Dustaqlar üçün hamam, kitab üçün yer, digər texniki məsələlər də nəzərdə tutulub. Biz indi baxırıq ki, orda internet, telefon olsun. Məhkumlar öz üzərlərində işləsinlər.

Bu gün cəzaçəkmə müəssisələrində kurslar keçilir. Onlara internetlə işləməyi öyrədirlər, dərnəklər var. İstəyirik cəzaçəkmə müəssisələrində məhkumları işlə təmin edək. Ancaq düşünürəm ki, insanı işlə tərbiyə etmək sovet vaxtının psixologiyasına xasdır.
İnsandır, cinayət törədib, ola bilsin başa düşüb ki, səhv edib, insan təkcə işlə yox, başqa məsələlərlə tərbiyə olunmalıdır. Oxumalıdır, səhvini başa düşməlidir, öz üzərində işləməlidir, intellektual səviyyəsini qaldırmalıdır.
- Dustağa internetdən, telefondan sərbəst istifadə gələcəkdə hansısa neqativ hadisələrə gətirib çıxara bilməz ki? Məsələn, deyək ki, həbsxanadan qaçışın təşkili...
- İdarəmizdə müəyyən qurumlar indi bu məsələləri araşdırırlar. Əlbəttə ki, burada beynəlxalq təcrübədən istifadə olunmalıdır. Beynəlxalq təcrübə Ədliyyə Nazirliyinin rəhbərliyinə məruzə olunacaq.

Düz deyirsiniz ki, nəzarət olmasa cinayətkarlar öz cinayət əməllərini elə birbaşa cəzaçəkmə müəssisəsində tapşırıq verərlər. Bu adamlar hökm alıblar, təcrid olunublar, ancaq burada ikinci kateqoriya cinayət etmiş şəxslər var ki, xırda bir cinayət edib.

Bunlar hamısı individual yanaşmalar nəticəsində həll olunacaq. Yəqin ki, internetdən istifadə və telefon məsələsində nəzarət mexanizmi olacaq.
- Cəzaçəkmə müəssisələrinin əməkdaşları ilə bağlı ayrı-ayrı vaxtlarda bir neçə məhkəmə prosesi olub. Dustaqlara narkotik satdıqlarına görə. Ümumiyyətlə, bununla bağlı əməkdaşların üzərində nəzarət varmı?
- Bizim əməliyyat aparatımız var. O aparat vasitəsilə hər əməkdaşın üzərində nəzarət var.
- Avropa standartlarına cavab verən müəssisələr tikilir, müasir tipli müəssisələrin divarları arasında dustaqlarla işləyən heyətin onlarla davranışında bir dönüş yaranacaqmı?
- Məhkumlar bütün dünyada problemdir. Adi kontingent deyil. Onlarla xüsusi işlənməlidir, bunun üçün də intellektual potensial olmalıdır. Bu problemlər ölkə rəhbəri tərəfindən bizim qarşımızda qaldırılıb. Biz də əməkdaşlarımızın fiziki, döyüş, professional hazırlığına xüsusi diqqət yetiririk. Onların vətənpərvərlik ruhunda tərbiyə olunmasını nəzarətdə saxlayırıq.

- Bu yaxınlara qədər müasir tipli Bakı İstintaq Təcridxanasında saxlanmış jurnalist Eynulla Fətullayev müsahibələrində deyir ki, təcridxana daxilində kriminal ünsürlərin qurduğu idarəetmə üsulu mövcuddur. Kameraların açılması, məhkumların çıxarılması, başqa kameralara aparılaraq başqa məhkumlara döydürülməsi və sair...
- İstintaqa maneçilik törətmək üçün orda saxlanılan şəxslər hər cür bəyanatlar verirlər. İstintaq təcridxanasının daxilində bir qanun var, o da cəzaçəkmə müəssisələrinin daxili intizam qaydalarıdır.
- Həmin təcridxanada saxlanan Nemət Pənahlı da bəyanat vermişdi ki, ona işgəncələr verilir.
- Bəli, bəzi hallarda Nemət Pənahlı elədiyi hərəkətlərə görə cəzalanır orda. Kim çılğınlığa yol verirsə o cəzalanır.
- Necə cəzalanır? Cəza metodu nədən ibarətdir?
- Orda xüsusi cəzaçəkmə otaqları var, aparırlar bağlayırlar ora. Əgər o çılğınlığa yol verirsə, orda özünə çılğınlıq etsin.

- Vərəmli dustaqlar təcrid şəraitdə saxlanılsalar da, QIÇS və hepatit xəstəlikləri olan dustaqlar hələ də ümumi şəraitdə saxlanırlar. Bu isə sağlam dustaqların xəstəliyə yoluxma ehtimallarını artırır. Belə xəstə dustaqlar niyə təcrid olunmur?
- Bu məsələlər də bu gün Ədliyyə Nazirliyinin rəhbərliyi tərəfindən nəzarətdə saxlanır. Nazirliyin Baş Tibb İdarəsinə xüsusi göstərişlər verilib. Bu rəqəmlər də nəzarət altındadır, siz dediyiniz xəstələrlə bağlı rəqəmlərdə yüksək artma yoxdur.
- Məsələn, cəzaçəkmə müəssisələrində nə qədər belə xəstə dustaq var?
- Elə də böyük rəqəm deyil. Bütün dünyanın digər cəzaçəkmə müəssisələri ilə müqayisədə qat-qat azdır. Onlarla bağlı iş gedir, mən vaxtından tez məlumatları sizə vermək istəmirəm. Xəstələr nəzarət altındadır.
- Xəstəliklərdən söz düşmüşkən, belə xəstəliklər birindən digərinə əsasən gigiyenik vasitələrlə keçir. Ümumiyyətlə, belə şikayətlərlə rastlaşırıq ki, müəssisələrdə gigiyenik ləvazimatlar, yataq dəstləri verilmir.
- Sabun, dəsmal, başqa ləvazimatlardır, bunlar üçün vəsait ayrılır.
- Vəsait ayrılır. Söhbət ondan gedir ki, həmin ləvazimatlar dustaqlara çatdırılırmı?
- Çatdırılacaq, heç bir problem də olmayacaq.
- Narkotik istifadəçilərinin digər məhbuslarla bir yerdə saxlanması nə dərəcədə düzgündür? Onlar üçün ayrıca müalicə müəssisəsinin yaradılması nəzərdə tutulubmu?
- Törətdikləri cinayətdən asılı olaraq onlar orda saxlanır. Biz çalışırıq ki, cəzaçəkmə müəssisəsinə narkotik daxil olmasın.
- Sizcə, onların cəza çəkməkdən daha çox müalicəyə ehtiyacı yoxdurmu?
- Narkomanlar Tibb İdarəsi tərəfindən nəzarətdə saxlanır. Mən nəzarət edirəm ki, narkotikdən asılı xəstələrə həkimlər yardım etsinlər.
- Qobustan qapalı həbsxanasından tez-tez işgəncə, intihar sədaları gəlir...
- Bəli, mən eşitmişdim əvvəllər. Bu, ağır bir kontingentdir. Qobustanda əsasən ömürlük yatanlardır. Onlar çox ağır cinayətlər ediblər. İntihara gəlincə, bəzi məhbuslar intihar edir, bəli, elə hallar olub ki, ayda bir neçə dəfə olub. Götürək ki, bir nəfər öz həyat yoldaşını, iki uşağını, öz anasını öldürüb.

Axırıncı 3 ayda iki belə fakt olub. İkisi də ailə üzvlərinin hamısını öldürüb, buna görə həbs olunub. İndi fikirləşin, bu adamların psixikasında hansı ağır proseslər gedir. Biz çalışırıq belə adamlara psixoloji yardımlar edək, bu ağırlığı onların üzərindən götürmək lazımdır.
- Həmin həbsxananın rəisi olmuş Kazım Abdullayevlə bağlı söz-söhbətlər gəzir. O, vəzifəsindən niyə çıxarıldı?
- Nöqsanlara görə nazir tərəfindən vəzifədən azad olundu. Orda müəyyən adamlar var ki, cinayət işində keçirdilər, cinayət məsuliyyətinə cəlb olunublar. Ancaq burda Kazım Abdullayevdən söhbət getmir. O, nöqsanlarına görə vəzifədən çıxarılıb, ədliyyə orqanlarından da xaric olunub. Bu istiqamətdə işimizi davam edirik.

- Həbsxana işçiləri hansı əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunublar?
- Mən istəməzdim bu məlumatı sizə verim. Çünki bu, ictimaiyyət üçün deyil. Bu artıq bizim daxili problemlərdir. Sadəcə bilin ki, bizim qayda-qanunları, dövlətin qanunlarını pozan şəxs - əgər əməkdaşlarımız bunu edirsə, ifşa olunacaqlar və hərəkətlərinə görə məsuliyyətə cəlb olunacaqlar.
- İşçi dustağı incidirsə, buna rəhbərlik də məsuliyyət daşıyır. Belə halda, işçinin məsuliyyətə cəlb olunub rəhbərin kənarda qalması nə dərəcədə düzgündür?
- Rəis evin atasıdır. Evin içindəki bütün prosesləri ata bilməlidir. Cəzaçəkmə müəssisəsində də hər bir rəis müəssisənin atasıdır, hər bir məhkum da onun balasıdır. Əgər içəridə hadisə baş verirsə, onu rəis bilmirsə, artıq bu, rəisin nöqsanıdır. Baş idarənin rəisi və nazir müavini kimi əgər penitensiar xidmətdə hər hansı bir nöqsan varsa, bu, mənim fəaliyyətimdə olan nöqsandır. Mən görməliyəm və vaxtında bu problemin qarşısını almalıyam.
- Kazım Abdullayevin həbsxana daxilində baş verənlərdən xəbəri olmayıb?
- Elə nöqsana görə orqandan xaric olunubsa, bu bəs edir.

- Siyasi məhbuslara münasibətin bir qədər başqa məhbuslara nisbətən fərqli olduğu deyilir. Məsələn, Bəxtiyar Hacıyevin ailə üzvləri deyirlər ki, gözündə problem var, ancaq müayinə və müalicə olunmur, çünki müəssisədə göz mütəxəssisi yoxdur. Böyrəklərində ağrılar var, müraciət edir, etinasız cavablar verirlər. Kənara aparıb müayinə etdirməyə isə icazə verilmir. Bu barədə nə deyə bilərsiniz?
- Əvvəla, mən Bəxtiyar Hacıyevi siyasi məhbus hesab etmirəm. O, Cinayət Məcəlləsinin 321-ci maddəni pozub, əsgərlikdən imtina edib. Burda hansı siyasi məhbusdan söhbət gedir? Rəsmi deyirəm və sözümə görə də məsuliyyət daşıyıram ki, Azərbaycanda siyasi məhbus yoxdur.

O ki qaldı məsələnin başqa tərəfinə, bizdə istənilən cəzaçəkmə müəssisəsində istənilən qədər həkim var. Ola bilər ki, hansısa məhkumun gözündə, ya başqa bir orqanında elə bir problem yaransın ki, oranın həkimlərinin gücüylə həll olmasın. Biz həmin məhkumu Azərbaycanda istənilən xəstəxanaya çatdırırıq, qabaqca cəzaçəkmə müəssisəsində o xəstəyə baxılır, respublikanın istənilən xəstəxanasında biz o məhkumu müalicə etdirə bilirik. Bu praktikadan biz geniş istifadə edirik.
- Bəxtiyar Hacıyev indi bu hüququndan istifadə edə bilər?
- Mən bir məhkumdan danışanda bu, bütün məhkumlara şamil olunur. Özü də müraciət edə bilər, vəkili də. Ancaq onun saxlandığı 14 saylı cəzaçəkmə müəssisəsinin rəisi orda saxlanılan hər dustağa cavabdehdir. Əgər onun gözündə bir problem varsa, cəzaçəkmə müəssisəsinin rəisinin borcudur mənə məruzə etsin. Onda o rəis bunun üstündə cəzalanar. Siz mənə dediniz, mən bu dəqiqə bunu araşdıracam. Onun qardaşı hara baxır, bizim qapılar açıqdır. Heç olmasa zəng vursun.
Dustaq valideynlərinə demək istəyirəm ki, çəkinməsinlər, Mən onları hər həftə qəbul edirəm. Gözləyirəm ki, narazılıqlarla əlaqəli müraciət etsinlər. Qorxmasınlar ki, birdən müraciət edərik, nə isə olar. Bu prezidentin tapşırıqlarıdır, o, məhkumun da prezidentidir. Biz əlimizdən gələni edəcəyik ki, bütün problemlər aradan qaldırılsın.
XS
SM
MD
LG