Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:35

Naxçıvanda peşəkar futbol niyə yoxdur?


Naxçıvan
Naxçıvan
Naxçıvan Muxtar Respublikasında peşəkar futbol yoxdur. Həvəskar futbol haqda deyilənlərə isə inansaq, belə çıxar ki, muxtar respublikada bu idman növünün öz qanunları var. Halbuki, vaxtı ilə Naxçıvan futbolu «Araz» komandasının timsalında azarkeşlərin yaddaşında xoş izlər buraxıb...

«ARAZ»ı AYIRDILAR...

Ötən əsrin 50-ci illərində Naxçıvanda yaradılan «Araz» futbol komandası 1989-cu ilə kimi futbol üzrə SSRİ çempionatının 2-ci dəstəsində təmsil olunub. SSRİ dağıldıqdan sonra «Araz» fəaliyyətini dayandırıb. 2001-ci ildə komanda yenidən formalaşdırılıb və milli futbol çempionatının güclülər dəstəsinə qoşulub. Ancaq bu uzun çəkməyib. 2002-ci ilədə yerli hakimiyyətin göstərişi ilə «Araz» yenidən fəaliyyətini dayandırmalı olub. Bu dəfə həmişəlik. 2004-cü ildə eyniadlı futzal komandası yaradıldıqdan sonra isə Naxçıvan peşəkar futbolla birdəfəlik vidalaşıb.

««ARAZ»I ÇOXDAN BASDIRIBLAR»

«Araz» futbol komandasının ikinci dəfə fəaliyyətinin dayandırmasını Naxçıvanda müxtəlif səbəblərlə izah edirlər. Hətta, bu qərarı siyasiləşdirənlər də var. «Araz» komandasının adının çəkilməsini istəməyən keçmiş üzvü deyir ki, 2002-ci ildə «Neftçi» ilə Naxçıvanda keçirilən oyuna kimi hər şey qaydasında idi:


««Araz»ı çoxdan basdırıblar. SSRİ dağılandan sonra «Araz» komandası da dağılıb getmişdi. Biz təşəbbüs göstərdik, 2001-ci ildə yenidən bərpa elədik. Cəmi 2 il oynadıq, Azərbaycan çempionatında. Yaxşı nəticələr də göstərirdik. 2002-ci ildə məqsədimiz ilk altılığa düşmək idi. Biz buna iddialı idik. Çempionatın ortasında, «Neftçi» ilə Naxçıvanda keçirilən mübahisəli oyundan sonra Ali Məclisin sədri Vasif Talıbovun göstərişi ilə «Araz» komandası yenidən ləğv olundu. Düzdür, «Neftçi» ilə oyun mübahisəli olmuşdu. Ancaq, bu əsas vermirdi ki, komanda ləğv olunsun».

O, bildirir ki, komanın ləğv olunmasına etiraz olaraq AFFA-ya müraciət etsələr də bunun heç bir nəticəsi olmayıb:

«Klubun dağılmasında siyasi məqsədlər də var idi. O dövrlərdən başlayaraq Naxçıvanda insanların kütləvi şəkildə bir yerə toplaşmasına qadağalar qoyulurdu. Hətta, 4-5 nəfərin də bir yerdə olmasına icazə verilmirdi. Bizim oyunlarımıza isə maraq çox idi. Hər oyunumuzu stadionda min nəfərdən artıq azarkeş izləyirdi. Naxçıvan rəhbərliyi istəmirdi ki, bu qədər adam bir yerə toplaşsın. Ona görə də məsələni birdəfəlik həll etdilər. O gündən «Araz»ın stadionuna böyük qıfıl vurublar. Hərəmiz bir tərəfə dağıldıq. 2004-cü ildə «Araz»ı futbol komandasından futzal komandasına çevirdilər. Onun da adı Naxçıvanındı. Komanda özü Bakıda fəaliyyət göstərir».

«BƏS İNDİ NİYƏ OYNAMIRLAR?»

Çingiz İsmayılov
Həmin dövrlərdə AFFA-nın baş katibi olmuş Çingiz İsmayılov deyir ki, «Araz» komandasının fəaliyyətinin davam etdirməsi üçün iki dəfə Naxçıvana səfər edib:

«Kim deyirsə ki, «Neftçi» ilə oyuna görə komanda fəaliyyətini dayandırıb, bu düzgün deyil. Bununla əlaqədar deyildi. Çünki, həmin oyun əhəmiyyət kəsb eləmirdi. Uzun söhbətdi bu. Komanda çempionatdan çıxdı, oynamaqdan imtina etdilər. O vaxt Naxçıvana təyyarə gündə 2-3 dəfə uçurdu. Deyirdilər yol uzaqdı. Tutaq ki, o vaxt çıxmışdı çempionatdan, bəs indi niyə oynamırlar? Bakıda onların futzal komandası var. Hamısı gəlmələrdi. Yerli oyunçu yoxdur komandada».

AFFA mətbuat katibi Mikayıl Nərimanoğlu isə bildir ki, onlar regionlarda futbolun inkişafında maraqlı olsalar da premiyer liqada təmsil olunmaq üçün komandalar özləri müraciət etməlidir. Onun sözlərinə görə, Naxçıvandan isə nə «Araz», nə də digər klublar bununla bağlı AFFA-ya istəklərini bildiriblər.

BAŞ PROKURORUN FUTBOLA RƏHBƏRLİYİ...

«Araz» futbol komandası dağıldıqdan sonra Naxçıvanda demək olar ki, bir neçə il futbol olmayıb. 2005-ci ildən etibarən isə Naxçıvan Futbol Fedarasiyası hər il həvəskar futbol komandaları arasında çempionat keçirməyə başlayıb. Həmin qurum isə Azərbaycan Regional Futbol Federasiyaları İctimai Birliyinə tabedir. Hazırda Naxçıvan Futbol Federasiyanın rəhbəri muxtar respublikanın Baş prokuroru Səbuhi Şahverdiyevdir. Federasiya hər il rayonlar arasında çempionat keçirir. Son bir neçə ildə həmin çempionata bəzi idarə və müəssisələr qoşulub.
Muxtar respublikadakı rayon klublarının birində oynayan adının çəkilməsini istəməyən həvəskar futbolçulardan biri deyir ki, «Araz» komandası dağılandan sonra Naxçıvanda futbola münasibət də dəyişib:

Arxiv foto
««Araz»ın vaxtında Naxçıvanda futbola böyük maraq var idi. Demək olar ki, hər kənddə, hər qəsəbədə stadionlar var idi. Uşaqdan böyüyə, hər kəs gəlirdi stadionlara. Tez-tez kəndlər arasında çempionatlar keçirirdik. Həmin oyunları izləmək üçün yüzlərlə azarkeş bir kənddən digərinə gedirdi. «Araz»ı ləğv edəndən sonra başladılar kəndlərdə insanların öz hesablarına qurduqları stadionları ağır texnika ilə dağıtmağa. Bir dənə də olsun stadion saxlamadılar. Məqsədləri bu idi ki, insanlar bir yerə toplaşmasınlar».

«DEYİRLƏR UDUZUN, BİZ DƏ UDUZURUQ...»

O deyir ki, həvəskar komandalar arasında çempionat başlayandan sonra rayon rəhbərlikləri futbolçuları komandalara zorla cəlb edirlər:

«Guya görüntü yaratmaq istəyirlər ki, Naxçıvanda futbol var. Formal çempionat keçirirlər. Həmin oyunlara azarkeşlər də buraxılmır. Oyunlar əvvəlcədən müəyyənləşdirilmiş hesabla başa çatır. Polislərin «Dinamo» komandası var. Göstəriş var ki, bütün komandalar həmin komandaya uduzmalıdırlar . Bu səbəbdən də hər il «Dinomo» komandası çempion olur. Deyirlər uduzun, biz də uduzuruq...»

Məsələyə münasibətini öyrəndiyimiz Naxçıvan Futbol Federasiyasının baş katibi Hafiz Əliyev isə bildirir ki, muxtar respublikada 9 həvəskar komanda fəaliyyət göstərir. «Dinamo» komandasının danışıqlar nəticəsində çempion edilməsi ilə bağlı deyilənləri isə Hafiz Əliyev təkzib etdi:

«Bu qeyri - mümkündür . «Dinamo» keçən mövsüm «Arpaçay» komandasına uduzmuşdu, «Babək» komandası ilə heç-heçə oynamışdı. Kim deyirsə, qeyri-səmimi deyir».
XS
SM
MD
LG