Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 08:43

Şərif Ağayar: "İnsanlar o torpaqlara qayıtmağa mənəvi cəhətdən hazır deyillər"


"Feyziyyə ilə şənbə söhbəti"nin bu dəfəki qonağı yazıçı Şərif Ağayardır.


"Mənə xeyli tənqidlər, hətta təhqiramiz şərhlər də gəlir".

"Mənim yazılarımı qəflətən yığışdırsaq çağdaş Azərbaycan ədəbiyyatında, xüsusən də nəsrdə hər hansı bir boşluq hiss olunar".

"Demək olar ki 1998-99-cu illərdən sonra AYB-nin mətbu orqanlarına yazı verməmişəm".

"İnsanlara döyüş ruhu aşılayan yazılar heç vaxt ciddi ədəbiyyat sayılmayıb".

"Mənə maraqlıdır: Rafiq Tağı üçün həkim olmaq çətindir, yoxsa yazar olmaq?"



- “Oxu zalı”nın Facebook səhifəsində keçirilən forumların birində mətbuatda sizin yeni çapdan çıxan “Haramı” romanınız haqqında davamlı yazıların yazılmasından bəhs olunmuşdu.

Gənclərdən biri sizi bu yazıları sifarişlə yazdırmaqda ittiham etmişdi və deyəsən incimişdiniz. Tənqidə dözümsüzsünüz, deyəsən...


- Yox, qətiyyən elə deyil. Mən inciməmişdim. Sadəcə, o oğlan, adını da bilmirəm, yazmışdı ki, guya mən bunları sifarişlə etmişəm.



Bir az bu xətrimə dəymişdi, o da incimək səviyyəsində yox. Bir az da adama şər atmaq kimi çıxırdı deyə.

Xüsusən də, Qan Turalının yazısı ilə bağlı yazmışdı ki, guya mən ona sifariş vermişəm. Qətiyyən belə deyil. Ümumiyyətlə, yazı ilə, hər hansı kitab ilə bağlı sifariş vermək də qəbahət deyil.

Amma, inandırıram sizi, belə bir şey olmayıb. Yəqin ki siz, Turalı da tanıyırsınız, o belə şeylərdən qaçan adamdır, sifarişlə oturub yazı yazmaz.

Mən forumda da buna aydınlıq gətirdim ki, Tural mənə zəng elədi, kitabım haqqında yüksək fikirdə olduğunu bildirdi və dedi ki, sabah bununla bağlı bir sürpriz olacaq. Mən də heç bu sürprizin nədən ibarət olduğunu soruşmadım.

Bir də səhər gördüm ki, yazı yazıb.

- Elə həmin forumda bildirdiniz ki, kitabı oxuyub sonra onu müzakirəyə çıxarmaq lazımdır. Doğrudanmı “Haramı”nın qüsursuz olduğunu düşünürsünüz?..

- Yox, mən elə deməmişdim. Demişdim, yaxşı olardı ki, bu kitabı oxuyasınız, ondan sonra sual verəsiniz ki, onun haqqında niyə bu qədər yazılar yazılır.

Mən qətiyyən tənqidə dözümsüz deyiləm. Mənə xeyli tənqidlər, hətta təhqiramiz şərhlər də gəlir. Heç vaxt belə şeylərdən ciddi mənada narahat olmuram.

- Hər bir yazar öz yazdığının çəkisini daha yaxşı bilir. Siz öz yaradıcılığınızı nə dərəcədə qiymətləndirirsiniz?

- Bilirsinizmi, yazı haqqında müəllifin fikir söyləməsi bir qədər yaxşı deyil. Amma mən yazdığımın orijinal olduğuna əminəm.

Yüz faiz əminəm ki, mən yazdıqlarımı heç kim yazmayıb və yazmayacaq da! Bu sahədə bu yanaşma və bu cür yazı üslubu yalnız mənə məxsusdur.


"Nəyə görə AYB-də internet saytlarının heç biri bu qədər funksional deyil. Halbuki o dərgilərin çap olunması üçün daha çox vəsait ayrılır.

Mənə elə gəlmir ki, onlar bunu edə bilmirlər. Mənə elə gəlir ki, onlar bunu etmirlər.

Bunun müqabilində AYO-dakı uşaqlar hara gedirlərsə, maraqlı bir layihə ortaya qoya bilirlər".
Və mənə elə gəlir ki, mənim yazılarımı qəflətən yığışdırsaq çağdaş Azərbaycan ədəbiyyatında, xüsusən də nəsrdə hər hansı bir boşluq hiss olunar.

- Seymur Baycan deyir ki, Qarabağ problemi haqqında sanballı əsərlərin yaranmaması onunla bağlıdır ki, onların çoxu dar millətçilik prizmasından yazılır.

Yazılanların çoxu, sadəcə, erməniləri söyməkdən, onları "vəhşi" adlandırmaqdan o yana keçməyib. Bu fikirlə razısınızmı? Və bir də deyirlər ki, Qarabağ müharibəsi haqqında ən gözəl əsərlər gələcəkdə yazılacaq...


- Seymurun iradını özümə aid etmirəm. Mənim yazılarımı oxuyanlar görərlər ki, onlarda yalançı, pafoslu vətənpərvərlik yoxdur. Hətta mənim yazılarımda Qarabağ da demək olar ki, yoxdur, orada insan var.

O insanlar Qarabağ torpağında doğulmuş, böyümüş və orda faciələrlə üzləşmiş adamlardır. Məni də bütün ciddi ədəbiyyat adamları kimi yalnız insan faktoru maraqlandırır.

Və təbii ki, yalançı çağırışlar, pafoslu ifadələr mənim yazılarımdan uzaqdırş Çalışıram ki, yazdıqlarım əsl ədəbi nümunələr olsun.

Ümumiyyətlə, milliyyətindən asılı olmayaraq hər hansı bir insana nifrət aşılamaq, ölümü təbliğ eləmək ədəbiyyatdan çox uzaq anlayışlardır.

Mənə elə gəlir, yazılarımı oxuyanlar nəhayət o qənaətə gələcəklər ki, deyəsən bizə heç düşmən lazım deyil, özümüzlə bağlı bir çox problemləri elə özümüz yaradırıq.

- Həmid Herisci rubrikamızın qonağı olarkən "Şimali azərbaycanlıları qeyri-ciddi insanlar sayıram" demişdi. O, "qeyri-ciddi" adlandırdığı adamlar arsında alimləri, siyasi xadimləri, yazarları xüsusi vurğulamışdı. Siz bir yazar kimi bu haqda nə düşünürsünüz?

- Həmid bəydə belə fikirlər olur. O çox ümumi fikir işlədib. Təbii ki, razılaşmaq çox çətindir.

Mən o müsahibəni oxudum, həmin məqama da xüsusi diqqət yetirdim. Həmid o fikri hansısa kontekstdə işlətmişdi. Onu ayrıca fikir kimi səsləndirsək görərik ki, bu, daha çox yanlışlığa meylli bir fikirdir.

Və mən açığı onunla razılaşmıram. Yəni Şimali Azərbaycanda hamını qeyri-ciddi adlandırmaq düzgün deyil. Bütövlükdə qeyri-ciddi cəmiyyət olmaz ki... Amma cəmiyyətdən ümumi narazılıq tonu var!

Bugünkü cəmiyyət elə vəziyyətdədir ki, ondan mən də narazıyam. Məsələn, yaxşı olardı ki, bizim cəmiyyət kitaba meylli olsun. Bu ilk növbədə bizim cəmiyyətin özünə xeyirlidir.



Və mənə elə gəlir ki, Qarabağ və digər problemlərin həlli də bizim cəmiyyətin yüksək səviyyədə olub-olmamasından asılı olacaq. Təəssüf ki, bizim cəmiyyət passivdir və belə passiv cəmiyyətə qəfildən hansısa bir kitab mənfi təsir göstərir, onu qəbul etmək istəmir.

- Axı demisiniz ki, Qarabağ problemi həll olunan deyil, elə isə cəhd etmək əbəs deyilmi?

- Həmin ifadəni işlətmişəm: mənə elə gəlir ki, Qarabağ problemi həll olunmayacaq, çünki əgər biz iyirmi ilə yaxın bir problemlə yaşamışıqsa, deməli, iyirmi il də yaşaya bilərik.

Mən də o tərəfin adamıyam və o qövmün içərisində çox oluram. Düşünürəm ki, insanlar o torpaqlara qayıtmağa mənəvi cəhətdən hazır deyillər. Yəni mənəvi-ideoloji bir boşluq var insanlarda.

Elə bil ki gündəlik ruzi qazanmaq, hətta pulu bir az çox qazanmaq, daha yaxşı yaşamaq, bir sözlə maddi şeylər adamları daha çox maraqlandırır.

Nəzərə almaq lazimdır ki, Qarabağ həm də mənəvi anlayışdır. Bu, təkcə orada yaşayan, orada faciələrlə üz-üzə qalanlar üçün deyil, bütün azərbaycanlılar üçün mənəvi bir amil olmalıdır.

Təəssüf ki, biz zaman-zaman bunu görmürük. Bu da məndə pessimist hisslərin yaranmasına səbəb olur.

- Sovetlər dönəmində insanlara döyüş, vətənpərvərlik ruhunu aşılayan əsərlər yazılırdı...

- Mənə elə gəlir ki, ədəbiyyatın tamam başqa işləri var. İnsanlara döyüş ruhu aşılayan yazılar heç vaxt ciddi ədəbiyyat sayılmayıb.

Bunu təkcə mən yox, ədəbiyyatı bilən bütün adamlar deyir. Ədəbiyyatda insan faktoru çox güclüdür. İnsan faktorunu qaldırandan sonra siz deyən məsələlər özü-özlüyündə həll olunur.

Məsələn, biz Qarabağda, Xocalıda ölən insanın dəyərini göstərəndə artıq buna münasibət də aydın olur. Ədəbiyyat bu kimi halları dolayısı yolla həmişə pisləyib.



Biz insan kontekstində də Qarabağda haqlıyıq. Bizə qarşı soyqırım törədilib, bizdən daha çox insan ölüb. Azərbaycan insanına qarşı Qarabağda böyük bir cinayət baş verib. Və mənə elə gəlir ki, torpağın qayıtması ilə də bu yaralar sağalmayacaq. Çünki insan çox dəyərlidir, onu öldürmək olmaz.

Və qarşı tərəfin qeyri-insani hərəkətini həmin tərəfin mənsub olduğu millətə bütövlükdə şamil eləmək də olmaz.

Qarabağ probleminin bəlli günahkarları var və biz onlara qarşı mübarizə aparmalıyıq. Amma bu mübarizə təbii ki, ədəbiyyatdan daha çox aidiyyatı orqanların işidir. Ədəbiyyat isə daha çox sənətkarlıq məsələsidir, insan amilini hər şeydən uca tutan bir sahədir.

- Siz həm Azərbaycan Yazıçılar Birliyində, həm də Azad Yazarlar Ocağında olmusunuz, yəni necə deyərlər, istiyə-soyuğa düşmüsünüz. Sizcə, obrazlı desək, onların hansı istidir, hansı soyuq?

- Təbii ki AYO ilə AYB-nı müqaysə eləmək olmaz. AYO-da ictimai təşkilatdan daha çox qardaşlıq ideologiyası, daha səmimi münasibətlər var. AYB isə tamam başqadır.

Ortalıqda ki pul, vəsait olur, insanların bir-birinə münasibəti dəyişir. Təəssüf ki, bu, təkcə Azərbaycanda deyil, bütün dünyada belədir.

AYO-nun ən böyük uğuru ordan başladı ki, onun ortada hər hansı əmlakı və pulu yox idi.

Orda insanları birləşdirən yalnız mənəvi ölçülər, mənəvi dəyərlər idi. O ki qaldı mənim bu mənəvi dəyərlərdən qopma səbəblərimə, buna səbəb AYO-nun özünü bir təşkilat kimi doğrultmaması oldu.

Və biz yaşımızın ahıl çağlarına doğru yalnız bir-birimizlə şəkil çəkdirməklə, bir-birimizə həvəsləndirici söz deməklə yetinməli olacaqdıq ki, bu da çətin idi.

- Bəs bu iki fərqli qurumun sizin yaradıcılığınızda nə rolu oldu?

- Mənim yaradıcılığımda AYO-nun rolu olub. Xüsusən də “Alatoran” jurnalının mənim imzamın tanınmasında rolu əvəzedilməzdir.

Vaxtilə AYB-nın orqanlarında da çap olunmuşam, amma bu, çox əvvəllər olub. Demək olar ki 1998-99-cu illərdən sonra onlara yazı verməmişəm.


Şərif Ağayar "Aftafalı antrakt" kitabını oxucuları üçün imzalayır

Çünki o qurumun elə bir orqanı yoxdur ki, onun çap etdiyi dərgi müəyyən bir dəyərə malik olsun.

Orada dəyərsizlik hökm sürür. “Alatoran” isə müəyyən dəyərə malik dərgi idi ki, orada da hər adam çap oluna bilmirdi. Təbii ki, onun da zəif müəllifləri olurdu. Amma hər hansı bir ölçü müəyyən olunmuşdu.

Məsələn, “Ulduz” jurnalının çox istedadlı kollektivi var. O jurnal çox gözəl çıxa bilər. Onlar hansısa ölçü qoya bilər, dəyərə malik ola bilər ki, biz də hər ay alıb onu maraqla oxuya bilək.

Bu gun niyə hamı “Oxu zalı”nı izləyir? Şəxsən mən hər gün izləyirəm. Burda da çox adam çap olunur, amma hər hansı bir təmənnasızlıq, demokratik bir ab-hava hiss olunur.

Nəyə görə AYB-də internet saytlarının heç biri bu qədər funksional deyil. Halbuki o dərgilərin çap olunması üçün daha çox vəsait ayrılır.

Mənə elə gəlmir ki, onlar bunu edə bilmirlər. Mənə elə gəlir ki, onlar bunu etmirlər.

Bunun müqabilində AYO-dakı uşaqlar hara gedirlərsə, maraqlı bir layihə ortaya qoya bilirlər.

Dövlət vəsaitləri elə adamlara ayirmalıdır ki, onlar bu cür layihələri reallaşdıra bilsinlər. Təəssüf ki, ayrılan vəsaitin müqabilində diqqət çəkən, adamların zövqünü oxşayan ciddi bir hadisə baş vermir.

- Deyəsən son zamanlar daha az şeir yazırsınız. Şeirdən nəsrə keçməyinizin səbəbi nə idi?

- Mən uzun müddət epik şeirlər yazmışam. Orada prozaik detallar çox olub. Bunun cavabı çox sadədir.

Nəsrdə özünü ifadənin imkanları daha genişdir. Şeirdə lirik duyğular, sentimentallıq, ovqat məsələləri çox rol oynayır. Prozada isə həm ovqat var, həm lirika, poeziya, həm də dramatik situasiya.

Yazar nəsrdə ən azından forma baxımından daha rahat olur.

- Həmid bəy deyir ki, Şərif Ağayardan azarsız-bazarsız Laçın haqqında yazdıqlarının davamını gözləyirəm...

- Həmid çox istedadlı adamdır. O, "azarsız-bazarsız" sözünü də təsadüfən işlətməyib. O, bayaq mənim dediklərimi təsdiqləyir. O mənada ki, nə yazdığımı bilirəm.

Bir dəfə Həmidə demişdim ki, siz Heris xalçaları haqqında çox gözəl roman yaza bilərsiniz. Necə ki, Orxan Pamuk “Mənim adım qırmızı” əsərində nəqqaşlıqdan bəhs etmişdi.

Heris xalçaları bütün dünyada məşhurdur. Ondan roman yox, romanlar çıxarmaq mümkündür.

Xalça çox sirli aləmdir, sadəcə, bunu yazmaq lazımdır. Və Həmid Herisci, deyəsən, bunu yazmaq haqqında düşünür.

- Rubrikamızın növbəti qonağı Rafiq Tağı olacaq, ona sualınız varmı?

- Mənə maraqlıdır: Rafiq Tağı üçün həkim olmaq çətindir, yoxsa yazar olmaq?

FEYZİYYƏ

Həmçinin oxu:
Həmid Herisçi: "Şimali azərbaycanlıları qeyri-ciddi adamlar sayıram"
XS
SM
MD
LG