Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:40

Aşıq Alı. Qoşmalar (4)


əvvəli

AY İLƏ-İLƏ

(dodaqdəyməz)

Səhər çağı səyyad gəzər səhrada,
İllər ayrısıdır, nazlı yar gələ.
Qəza-qədərindən, ay yazıq ana,
Qalarsan intizar ay ilə-ilə.

Yetişcəyin nazlı yarın yanına,
İstəyər ki, qanın qatsın qanına,
Naşı səyyad gəlsə tərlan yanına,
Tez çaşar xəyalı ay ilə-ilə.

Aşıq Alı, dastan eylə dilində,
Həyatında, sənətində əlində.
Qəza gəlsə səni alsa əlində
Dil aşkar eyləyər ay ilə-ilə.


AY EYLƏR QIJ-QIJ

(dodaqdəyməz)

Yağar leysan, dağlar qarı əridər,
Sel gələr dərədən ay eylər qıj-qıj.
Çaylar axar sellər, selə qarışar,
Səslənər, çağlayar ay eylər qıj-qıj.

Leylinin sinəsi ha qaşa dəyər,
Aşığın sinəsi ataşa dəyər,
Daşar sellər, sular ha daşa dəyər,
Qayalar dil açar ay eylər qıj-qıj.

Alı deyər sel gətirər lil qalar,
Axar Araz, dalğalanar, lil qalar,
Yel əsəndə dəryalarda dalğalar
Çalxanar, qaynayar, ay eylər qıj-qıj.


KEÇİBDİ

Dağlar sinəsindən, yaylaq yolundan,
Neçə-neçə pasibanlar keçibdi.
Arxada ləşkəri, başında əyan,
Neçə sultan, neçə xanlar keçibdi.

Ən uca zirvədi dağların başı,
Heç kəs aparmadı zəri, daş-qaşı.
Gələnin, gedənin neçədi yaşı,
Neçə illər, nə zamanlar keçibdi.

Çox fatehlər burdan salıb izini,
İsgəndərdən bəri sayım yüzünü.
Çox aqillər burda deyib sözünü,
Nə cah-calal, nə insanlar keçibdi.

Məğribdən məşriqə höküm verənlər,
Gəldi-getdi Merac evin görənlər.
Neçə həbibullah, neçə ərənlər,
Neçə-neçə Süleymanlar keçibdi.

Səhərin sübhündə səba yelində,
Niqabı üzündə, yaqut telində,
Köhlən at döşündə, naqan belində,
Bəyaz buxaq necə canlar keçibdi.

Loğman köçdü ehtiyacı dərmanda,
Ər oğlu ər gördüm başı fərmanda.
Cəng eylədi səri qaldı meydanda,
Dadi-fəryad, ah-amanlar keçibdi.

Açıldı neçəsi, soldu neçəsi,
Boşaldı neçəsi, doldu neçəsi,
Qan eylədi qanlı qaldı neçəsi,
Alınmamış neçə qanlar keçibdi.

Şamınan köçəni səhər görmüşəm,
Neçə zülüm, neçə qəhər görmüşəm,
Neçə diyar, neçə şəhər görmüşəm,
Aşıq Alı biyabanlar keçibdi.


EYLƏMƏ

Vüsalını hər il yubatdın, ey dil,
Zülmü yara, çeşmi-çıraq eyləmə.
İlqarımda xəlil, kalamım dəlil,
Arama pəjmürdə varaq eyləmə.

Əhvalındı dəmli, dolan həmdəmli,
Ləbindi məlhəmli, əqlin ələmli,
Gözlərim də nəmli, rüzgarım qəmli,
Mah camalın məndən iraq eyləmə.

Gözəllərin xam, dövran sultanı,
Kəramətin kanı, etmə üsyanı,
Tərk edib məkanı, tutaram kanı,
Bihudə arama, soraq eyləmə.

Diyarım xanımı, alma canımı,
Sevənin zalımı, gör imanımı,
Alıb kamanımı, axıt qanımı,
Mərhəmətin məndən uzaq eyləmə.

Sən ey hilal qaşlı, Alı sirdaşdı,
Qəm həddini aşdı, huşum dolaşdı.
Məramın araşdı, bu nə talaşdı,
Ömrümü qəm-qüssə, fəraq eyləmə.


BƏSDİ

Cana gəldim bu hicrandan, hicrətdən,
Nəhayət, son həddə çatmışam,
Bəsdi. Əl-aman eylərəm səfil dövrandan,
O qürbət güzarı atmışam, Bəsdi.

Bəşər deyil, məlakəsən surətdən,
Nə incidin, nə usandın firqətdən,
Xəyalda görürdüm səni qürbətdən,
Gecəni gündüzə qatmışam, Bəsdi.

Əməlimdə var peymana dəlalət,
Sən məndən sadiqsən, ey mahi tələt,
Yubandım, yanında qaldım xəcalət,
Nə dincəlib, nə də yatmışam, Bəsdi.

Ara qəlb evini, aşikar baxın,
Sədaqət ləşkəri eylədi axın.
Ara uzaq oldu, könülsə yaxın,
Sanki günahlara batmışam, Bəsdi.

Alının iqbalı yeyindi, yeyin,
Yoxdur qəm-qüssəsi, aləmə deyin.
Eşitməyim nazlı yarın gileyin,
Dəm alıb qəmləri satmışam, Bəsdi.


BİLİN SİZ

Qohum-qardaş, dost-müsahib yanında,
Günahkaram, günahkara bilin siz.
Bülbül fəğan eylər öz gülşənində,
Qızılgül həmdəmdi xara bilin siz.

Sinəm yara oldu dağı-düyündən,
Könlüm ayrılmadı öz miskinindən.
Kişi də dönərmi öz dediyindən?
Sinəm oldu para-para bilin siz.

Aşıq Alı deyər sözün aşkara,
Heç vaxt güvənmədim dövlətə-vara.
Düz oldum dostluğa, əhdə, ilqara,
Mənim bu dərdimə çara bilin siz.


GÖRMÜŞƏM

Qəriblikdə gəzdim diyarbadiyar,
Əzəl-əvvəl İrəvanı görmüşəm.
Ürəyimdə min bir dürlü dərdim var,
Araz kimi nur ümmanı görmüşəm.

Türkiyədən keçdim Sarıqamışa,
Ərzurumdan aşdım yetişdim Muşa,
Türkiyəni gəzdim mən başdan-başa,
Həm yaxşını, həm yamanı görmüşəm.

Yaxşılıq edənə eylik dedilər,
Yamanlıq edənə kötlük dedilər.
Orda bir şəhərə bəylik dedilər,
Qarsı gəzib, Qağızmanı görmüşəm.

Deyər sözlərini bu Aşıq Alı,
Mən fağır olmuşam başı bəlalı.
Hər yerdə dərd çəkib olmuşam halı,
Hər mahalı, hər bir yanı görmüşəm.


AĞLAMA

Aylar-illər mən yolunu gözlədim,
Düz ilqarlı Bəsti xanım, ağlama.
Yandırdın sən məni kabab eylədin,
Sənə qurban şirin canım, ağlama.

Bu dünyada belə olubdu adət,
Varlılar yoxsula verir əziyyət.
Bizə də bir qapı açılar əlbət,
Varım-yoxum, din-imanım, ağlama.

Mən Aşıq Alıyam, illər ayrısı,
Məcnun tək gəzirəm çöllər ayrısı.
Bülbüləm, bağlar tək güllər ayrısı,
Ey munisim, mehribanım, ağlama.


DÖNÜBDÜ

Pozuldu dövranım, nəs gəldi ilim,
Mən gördüyüm o zəmanə dönübdü.
Uçubdu bülbülüm, boş qalıb gülüm,
Bahar-yazım zimistana dönübdü.

Solubdu bağçamın gülü, şəbnəmi,
Bürüyüb sinəmi möhnətin qəmi.
Yavaş-yavaş çatır ayrılıq dəmi,
Dərdim artıb bir ümmana dönübdü.

Talanıb dövlətim, tükənib varım,
Arif məclisində görünmür yerim.
Ərşə çəkilibdi yuxum, qərarım,
Rəxti-xabım şahmarana dönübdü.

Etibar qalmayıb qohum-qardaşda,
Günah çoxdur eli qatan əyyaşda.
Mərdlər batindədi, gədalar başda,
Bəxti qalxıb Temir xana dönübdü.

Fələyin felindən olmadım halı,
Gətirdi başıma min qilü-qalı.
Mahalım Göyçədi, öz adım Alı,
Qapı-bacam dəyirmana dönübdü.


DÜŞƏR

Ovlanın yaylağı, Gözəl ovlağı,
Baharda ellərə gəlhagəl düşər.
Əyricə yaylağı, Qızlar bulağı,
Bir zaman könlümə Alagöl düşər.

Çox xoş gəlir bu dağların havası,
Yaylamağa gəlir gözəllər xası,
Zərzivil, Daşkörpü, Gəlin qayası,
İstisudan bəri bizim el düşər.

Ləli-gövhər bu dağların tayıdı,
Xublar gəlir yaylayıban qayıdı.
Zəngi axandı, qüdrət payıdı,
Sonalar meylinə bizim göl düşər.

Mən müştağam yarın ala gözünə,
Şirin söhbətinə, şəkər sözünə.
Gözəllər çıxanda dağlar gəzinə,
Qələmqaş üstünə cığa tel düşər.

Tez-tez ruzigarın dəyişər halı,
Dağılar könlümün dərdi, məlalı,
Bir gün eşidərsən, ay Aşıq Alı,
Dəniz güneyindən Cada yol düşər.


OLDU

Qafil gördüm Ərzurumun elini,
Bizim yerlər gözlərimdə cəm oldu.
Çox çətin ki, bu sevdadan qayıdam,
Yüküm hicran oldu, nəfim qəm oldu.

Munis buldum bir sevdanın qəhrini,
Boyladım dəryanı, keçdim nəhrini.
Alosmanın gəzdim cəmi şəhrini,
Mənim kimi eldən düşkün kim oldu?

Bu ayrılıq məni çəkdi amana,
Görüm viran qalsın çərxi-zamana,
Aşıq Alı həsrət qaldı canana,
Seryaqub kuyində dəmhadəm oldu.


DÜŞƏR

Bu dünyanın get-gəlini qananın,
Ölçər, biçər ürəyinə xal düşər.
Cahil uyar bir fitnənin felinə,
Şux gözəlin qismətinə çal düşər.

Qurtarmadıq padşahın bacından,
Gözü doymaz öz taxtından-tacından,
Müxənnətin, seryaqubun ucundan,
Bu gözəl ellərə qalmaqal düşər.

Özü öz halını anlamayan kəs,
Alı üçün libas biçir dəsbədəs.
Müxənnətə qənim olar müxənnəs,
Əhli-hal əhlinə, əhli-hal düşər.


İNCİMƏRƏM

Mərifətli, qabliyətli yar olsa,
Alsam da qoynuma il, incimərəm.
Qızılgülün ətrafında xar olsa,
Axıtsan eynimnən sel, incimərəm.

Məqsədini yaxşı-yaman qanıram,
Həsrətinnən alışıram, yanıram,
Əsil gözəlləri mən də tanıram,
Saxlasın yanında el, incimərəm.

Alıyam, sinəmdə olubdu yara,
Mayılam könlümü bağladam yara.
Yetirin cərraha, o loğman yara,
Ölsəm də yanında, bil, incimərəm.


GÖZƏLDİR

Təşrif buyur, gedən, bizim ellərə,
Zülal suyu, çeşmələri gözəldir.
Qız-gəlinlər gül-bənövşə dərəndə,
Şümşad bilək, bəyaz əllər gözəldir.

Dik piləkən sarı yalnan o dağlar,
Həsrət çəkir çeşmələrin qan ağlar,
Sərasər qaynayır çeşmə-bulaqlar,
Dəhana dəyəndə dadı gözəldir.

Baş açmadım müxənnətin felinnən,
Fitnə-fəsadınnan, şirin dilinnən,
Mən Alıyam, cüda düşdüm elimnən,-
Əlvan-əlvan çiçəkləri gözəldir.


ƏLİF-ƏLİFƏ

İbtida xəlq oldu külli-kainat,
Oxudum dərsimi əlif-əlifə.
Sirri haq yanında eylə aşikar,
Xişminən buyurur əlif-əlifə.

Divanə deməyin yazıq Məcnuna,
Bulunmaz, dərdimə tapılmaz dava,
Demərəm cərraha həkim-loğmana,
Qaşların yay kimi əlif-əlifə.

Alıyam, qurbanam haqqın özünə,
Onun göndərdiyi haqqı-sözünə.
Tab gətirmək olmaz eşqin gözünə
Əbcətdən dərs aldım əlif-əlifə.


AĞLARAM

Səni xəstə gördüm qəlbim qan oldu,
Ayıl bu qəflətdən, ellər, ağlaram.
Ox dəydi sinəmə, yaram deşildi,
Tökərəm didəmnən sellər, ağlaram.

Coşanda ürəyim aşırdım dağlar,
Düşəndə yadıma o keçən çağlar,
Bu günü görəndə dostlarım ağlar,
Tutulub dizlərim, bellər, ağlaram.

Alıyam, dərdimi yetirdim yüzə,
Gəzirdim səhrada, enmişəm düzə,
Bir gözəl istərəm gözümlə süzə,
Deyirəm sözləri dillər, ağlaram.


ƏZBƏR-ƏZBƏRİ

İbtida əlifdən dərsim almışam,
Oxudum dərsimi əzbər-əzbəri.
Sən yetiş dadıma, ya sirri-xuda,
Sənsən ərşin-kürsün əzbər-əzbəri.

Yaratdı dünyanı külli-kainat,
Darda qalanlara o verir nicat.
Xişminən xeybəri eylədi bərbad,
Çağırram dilimdə əzbər-əzbəri.

Mehdiyi-peyğəmbər, sahibi-zaman,
Sən yetiş dadıma on iki imam.
Aşıq Alı deyər: ya şahi-Mərdan,
Oxudum dərsimi əzbər-əzbəri.


YETİŞDİ

Bu dünyada heç şad olub gülmədim,
Hər vaxt işim ahu-zara yetişdi.
Mənsur cəhd elədi murada yetə,
Axırda Hələbdə dara yetişdi.

Ağladım gözlərim qan ilə doldu,
Dost-müsahib tamam mənnən yad oldu,
Bağ pozuldu, xəzan oldu, gül soldu,
Bülbül öldü, qönçə xara yetişdi.

Sarvan ollam, qəm ovsarı çəkərəm,
Hicrana müştaam, dərdə nökərəm,
Ah çəkərəm, verəm yükün tökərəm,
Görən deyər Alı vara yetişdi.

DAVAMI
XS
SM
MD
LG