Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:54

Aşıq Alı. Divanilər



NƏDİ

Havalanma, dəli könül,
Zorunan işin nədi?
Mənsur təki Hələbdə
Dannan işin nədi?
Tut orucun, qıl namazın,
Şükür et Allahına,
Yoxsulsan alçaqdan yeri,
Varınan işin nədi?

Mənəm deyən başa varmaz,
Mənəm demə gerdə dur.
Əl ki gördün qan içində,
Çək ətəyin gerdə dur.
Həqiqət, mərifət haqdır,
Təriqətdə gerdə dur.
Kəc baxma ustad yoluna,
Pirinən işin nədi?

Gəl, biçarə Aşıq Alı,
Qafil olma dilindən,
Şükr eylə iqbalına,
Cüda düşmə elindən,
Əl uzatma hər deşiyə,
Şahmar vurar əlindən,
Sən ki, ovsunçu deyilsən,
Marınan işin nədi?


BU GÜN

Gözəllər, məəttəl qaldım,
Bir belə tərlana bu gün.
Ağlımı aldı başımdan,
Günüm oldu qara bu gün.
Ah çəkdim fəğan etdim,
Yetmədim imdadə bu gün.
Günüm tamam ilə döndü,
Tamam yandım nara bu gün.

İqlim üzrə tək yaranıb
Yəqin bilin yoxdu tayı.
Keykavusdan bəri baxdım,
Bəhsin çəkdim yoxdu sayı.
Nəfsimi oda yandırdım,
Haq-taladan alıb payı.
Başı, gözü düz qurulub,
Heyranam naqqaşa bu gün.

Şəmşül Məlik zamanınnan
Belə gözəl görməmişəm.
Çox tərifi mən elədim,
Meyli nədi bilməmişəm.
Ərəsəti izhar etdim,
Cənnət-cəhənnəm demişəm.
Zülmü-sitəm etdi mənə,
Neyliyim əğyara bu gün?

Çox gəzdim bu dünyanı
Tutiyəsən çəkim gözə.
Sənin tayın Reydə gördüm,
Müfsid olma qoyma sözü.
Hicrində mən tək qalmışam
Salırsan manqala, közə.
Ay məleykə, imdad eylə,
Bir busa ver yara bu gün.

Ağuşa çək qoyma yanam,
Rəhmin gəlsin rəna mənə.
Tiği zəban olma aman
Ziba kimi zəbun mənə.
Aşıq Alı, uqab ollam,
Meylin olsa gəlsən mənə.
Qulun ollam illərəcən
Məhbub ollam vara bu gün.


SƏNƏM

Cümə günü ürcah oldu
Yandı canım nara, Sənəm.
Baxıram mah camala,
Oluram avara, Sənəm.
Çəkirəm həsrətini
Sinədəki vara, Sənəm,
Gözlərimnən axıdıram
Ab ilə leysanı, Sənəm.

Heyranam ol Xudaya,
Sənin tək insan yaradıb,
Tarixdə görməmişəm,
Bir belə ceyran yaradıb.
Züleyxa dünyada nədi,
Səni onnan can yaradıb,
Rəhm elə mən yazığa
Bir busa ver barı, Sənəm.

Qaşın qara, gözün qara,
Olmuşam divanə kimi.
Saçların düşüb dizinə,
Behiştin qılmanı kimi.
Gözlərinə baxmaq olmur
Türkmənin sultanı kimi.
Bir bəri bax üzün görüm,
Qardaşının canı, Sənəm.

Çox sağ ol, rəhmin gəldi,
Ülfət qıldın can görürəm.
Sən Alıya məhəl qoydun,
Çox nəcibsən xan görürəm.
Namizədsən öz yarına,
Öz qəlbimi yan görürəm.
Sən mənə bacı oldun,
Məhşər günü tam, Sənəm.


GƏLƏCƏK

Qövlü bəla belə qurulub
Həqiqət dövran gələcək.
Mən deyirəm yəqin bilin
Qiyamət divan gələcək.
Çalışgınan savab qazan,
Savabsıza yan gələcək.
Somu Salatınnan bezən,
Qətranı qazan gələcək.

Anadan olduğun günü,
Bilginən ki, qəzan vardır.
Nə iş tutsan bu dünyada,
Xeyir-şəri yazan vardır.
Sağır-fağır incitməsən
Yaxşı əməl düzən vardır.
Torpaq altda lət içində
Nəkreyilə can gələcək.

İnsi-cinsi ol yaratmış
Çəkəcəkdi qəhri-qəza.
Onun tutduğu əmələ
Verəcəkdi əhli cəza.
Çalışgınan yetim doydur
Pis əmələ uyma əsla.
Uruhlar da cəm olacaq,
Qıl körpüyə can gələcək.

Tam uruhlar ərəfəyə
Tamam orda cəm olacaq.
Nameyi əməl əllərində
Sorğu-sual qurulacaq.
Yaxşı əməl ol cənnətə
Pis əməlli tam yanacaq.
Ərəsət məhşər olacaq,
Sahib əzzaman gələcək.

Cəm olarlar ərəsətə
Məhəmməd Mustafa gəli,
Aşıq Alı, sənin ağan
Əliyi Mürtəza gəli.
Fatimeyi Zəhra ilə
Həsəni Müştəba gəli.
Zülüm ərşə dayananda,
Şafeyə Hüseyn gələcək.


DANIŞ

Yaranannan bu dünyada,
Nə bacarsan az danış,
Meyl eyləmə əyriliyə
Həmişəlik düz danış,
Dalda qalma bir adam ol
Sayılanda az danış,
Alimlərə meydan oxu
Dərdə dərman yüz danış.

Ataların misalıdı
Bu dünyada beş günlük,
Qapılarda yetim qalır
Yaman dərtdi düşkünük,
Elə ki, ölüb gedəndə
Yas tutanlar üç günlük
Paya düşən bu dünyada
Beş arşındı bez, danış.

Çox düşünmə, Aşıq Alı,
Qohum da yad kimidi,
Əmi-dayı, qardaş-bacı
Yandıran od kimidi,
Hamsı başa qaxınc olub
Quruca ad kimidi,
Nə olsun ki, ay biçarə
İstəyirsən yüz danış.


VERİR

Bu gün bir hikmət görmüşəm
Aləmə iman verir,
Yediyi təkrar yeyilir,
Hamsını tamam verir.
Özü aləmi doyurur,
Nalə çəkir acam mən,
Onun nə ki, yeməyi var,
Cəmini insan verir.

Bir başı var, bir ayağı
Qafası göydə durur.
Çəkilibdi kamanıya
Dabanı ayda durur.
Nə vaxtı var, nə vədəsi,
Hesabı sayda durur,
Hər gələndə xərac alır,
Hesabınan san verir.

Gəl, biçarə Aşıq Alı,
Qoyma ola sözün kəc,
Onun bir adəti vardır,
Gah tox olur, gah da ac.
Özü elə hökm eləyir
Hər gələndən alır bac,
Doğruluğnan hesab alır,
Düzlüyünnən nan verir.


VAR

Ey dilim, qafil olma,
Bir sirri sübhan da var,
Müşkülə kömək olan
Dərdinə dərman da var,
Namərdi başa qaldıran,
Mərdi zəlil eyliyən,
Ol sərdən ayağa salan
Gərdişi-dövran da var.

Bu dünyanı viran yazır,
Bəs abadan hardadı,
Bülbülə soçu safa ol
Gülüşan hardadı
Bu dünyaya sahib olan ol
Süleyman hardadı?
Məhşərətən bir üz deyən
Hakimi-loğman da var.

Min gözün müşkül Alı
Gör hardadı şahı Nəcəf,
Ərəbi qiblə səmtinnən
Gəldi bir şeyxi-ərəb,
Əyləşdi Merac yolunda
Mustafa atdı tişa,
Həbibinən seyrə çıxan
Çox əziz mehman da var.


NƏDİ

Bar ilahim divan budu
Yetişə dada, nədi?
Müxənnət haqqı unudub
Heç salmaz yada nədi?
Girmə nadan məclisinə
Qədir bilən olmasa,
Hərcayı hədyan deyər
Bəy nədi, gəda nədi?

Zatı pakı halal olan
Çaşqın olmaz xanadan,
Mətləbini tez yetirər
Yeri-göyü yaradan.
Tər gedibdi sumu salat
Əlin çəkər üqbadan,
Titriyər polu siratdan
Heç tapmaz cüda nədi?

Ey Alı, dosta yetir,
Dostdan dosta al olmaz,
Həqiqətdən dərs almıyan
Şəriətdən hal olmaz,
Şəriətdən kamil olan
Yetgin olar, kal olmaz
Gəşt eyləyər dəryalarda
Çay nədi, ada nədi?


BAX

Ey könül, qafil olma
Əliyül imrana bax,
Məhəmməd şəninə gələn
Ayeyi-Qur'ana bax.
İsmayıl getdi Minaya
Ona qurban olmağa.
Cəbrayıl bir qoç gətirdi
Sürməli qurbana bax.

Adəm ki, yedi buğdanı
Bir görün nə etdilər,
Ol xudadan əmr olundu
Sərəndibə atdılar,
Adəmnən Havva ana
Bir-birini tapdılar,
Həvva doxsan oğlan doğdu,
Gərdişi-dövrana bax.

Gəl biçarə Aşıq Alı
Seç bil mövlanı tanı,
Habil vurdu, Qabil öldü
Eylədi nahaq qanı,
Haqq-taladan əmr olundu
Su götürdü dünyanı,
Ol gəmiyə nicat verən
Qadiri-sübhana bax.


YALVARIRAM

Sidqinən sığınmışam
Sübhana yalvarıram,
Məhəmmədə tabe olub
Qur'ana yalvarıram.
Məzhəbimdi Cəfər Sadiq,
Qibləmdi Kəbəm mənim,
İlqarımda çox möhkəməm,
İmama yalvarıram.

Atdı şəhadət barmağın
Zəbun etdi Xeybəri,
Çəkəndə "Allahu-Əkbər!"i
Qırdı yüz min ləşkəri,
Alimlərin ümidgahı,
Möminlərin pənahı,
Şahi-Mərdan, şiri yəzdan
Mən ona yalvarıram.

Dar günümdü dada yetiş,
Ədalət şahım mənim,
Ey böyük ümidgahım,
Sənsən pənahım mənim,
İsmimdi Aşıq Alı,
Çoxdur günahım mənim,
Günahkarı sən aparma
Divana yalvarıram.


QIRMIZI

Həzrət əmir bayram günü
Geyinib don qırmızı,
İsmayıla gəldi qurban
Töküldü qan-qırmızı.
Oxudu "İsmi-əzəm"i
Bağladı zülfüqarı,
Çaldı qılıncı Əntərə,
Oldu meydan qırmızı.

Buyurun mirzələrə
Belə yazsın yazını,
Öz-özünə fikr eyləsin
Xub danışsın sözünü.
Aşıq gərək püxtə olsun
Xam bilməsin özünü,
Girsin eşqin kürəsində
Pişsin büryan qırmızı.

Deyər Aşıq Alı uçub
Bu könlümün pərgarı,
Ustada qulluq etməyən
Kim olar xiridarı.
Mənnən bəhsə duran aşıq
Gəlsin dursun üz barı,
Sərraf mənəm, istiyirəm
Ləli-mərcan qırmızı.


BİZDƏDİ

Şükür olsun ol xudaya
Adil divan bizdədi,
Dini məssər yolu ərkan
İlqar, iman bizdədi.
Neyliyirəm o məzhəbi
Yoldan xarici ola
Məhəmmədə nazil olan
Ayeyi-Qur'an bizdədi.

İncil İsaya gəlibdi,
Tövrat Musaya ey dil
Qur'an Məhəmmədindi,
Sən gəl onu yəqin bil
Dörd çeşmədən ponqar axar
Həqiqətdə durar göl
Girməynən ki, qərq olarsan
Dərya, umman bizdədi.

Göylərdən dörd kalam endi,
Məhəmmədə Qur'andı,
İnşallah ki, möminləri
O dardan qurtarandı.
Gəl qəm çəkmə, Aşıq Alı,
Ağan Şahi-Mərdandı
Penci-ali Sahibzaman,
On iki imam bizdədi.


MƏRD

Məhəmmədə xaliq özü,
Göndərdi Qur'anı mərd.
Altı min altı yüz altmış ayə,
Yüz on dörd surəni mərd.
İlahidən nazil oldu,
Göydən endi dörd kitab.
O, Qur'ana baş əyənlər,
Tez tapır imanı mərd.

Beş kəlməyə aşiq olan,
Sinəsi dəftər gərək,
Haqq-taalanın min bir adı,
Dillərdə əzbər gərək,
Bu aləmə zülm eyləyən,
Olmaya rəhbər gərək.
Açıb cənnət qapısını,
Göstərdi rizvanı mərd.

Gəl, biçarə Aşıx Alı,
Xəbərdar ol dünyada.
Uca könül, alçaq saxla,
Havalanma dünyada,
Haqqın min bir adını gəl,
Gündə üç yol sal yada.
Vaqif ol, haqqın yolunda,
Gəl eylə tövbəni mərd.


GƏL

Kəndinə aşığam deyən,
Aşıxsan meydana gəl
Namərd girməz bu meydana,
Mərd isən meydana gəl.
Kəndi olan kəndisini,
Öyməyi layiq döyül,
Şimdi sazın aləminə,
Bu cəngi-dövrana gəl.

Ey arifə, bir salam ver,
Soruşum halın görüm,
Həqiqət haqq aşığısan,
Söylə, kamalın görüm.
İncil, Zəbur, Tövrat, Qur'an
Göstər kitabın görüm.
Dostum, əgər bütpərəstsən,
Bu narı-neyrana gəl.

Mən Alıyam tamam leyli-
Nəhar söylərəm mədhi,
Mərifəti, şəriəti,
İnnəqan haq, təriqəti,
İsayısan "İncil"i sev,
Musayisan "Tövrat"ı.
Gər Məhəmməd ümmətisən,
Boyun əy, "Qur'an"a gəl.
XS
SM
MD
LG