Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:52

Ülviyyə Tahir "Qorxu" (Hekayə)


Kəndə zülmət qaranlıq çökmüşdü. Səmadakı bir- iki ulduz istisna olmaqla, sanki dünyanı qaranlıq öz bətnində gizlətmişdi.

Sərkar da bu qaranlıq aləmin yuxu adlı ötəri dünyasında idi. Yenə yuxuda qəbirstanlıq görürdü. Yuxusu qapqara idi.

Bu qara yuxunun içində yalnız başdaşları ağarırdı. Tək qalmışdı . Saysız –hesabsız qəbirdaşlarının arasında tamamilə tək idi.

Birdən qəfildən qəbirlər aralandı və içindən dişiağara qalmış skeletlər onun üstünə cumdular.” Ay aman “- deyə əti kəsilmiş tək çığıraraq yerindən dik qalxdı. Bir anlığa harada olduğunu anışdıra bilmədi.

Əlini sürətlə üzünə, saçlarına gəzdirərək hələ canlı olduğunu özünü inandırmaq istədi. Sonra həmişəki soba qoxusundan öz evində olduğunu xatırladı.

Kəsif təzək qoxusunu zövqlə sinəsinə çəkərək, əl havasına balışının altındakı alışqanı axtarıb tapdı. Alışqanı tapan kimi, vaxt itirmədən onun zəif işığı ilə neft lampasının elə çarpayının ayaq tərəfində olduğunu gördü.” Hamısı bu viranın qızı edir. Yuz dəfə demişəm , yuz dəfə demişəm ki, bu lampanı yanılı qoy, yat! Nə xeyri. Vurulmuş elə bil palıd kötüyüdür. Bu boyda səs eliyirəm burada, gör heç vecinədir?!...Qış yuxusuna getmiş ayı kimi fasafas, yatayat........”-bu fikirlərlə lampanı alışdırıb çarpayının yanındakı stula qoydu.

Yan otaqdan ufultu səsləri qulağına çatanda , atasının xəstə olduğunu acı-acı xatırladı.
On il idi ki, atası xəstə idi. On il idi demək olar ki, hər gecə Sərkar atası ilə ölüb,dirilirdi.

Atasının ölüm kabusu, atası ölməmiş Sərkarın üzərinə çökmüşdü. Yenə çal saçlarını qarışdıra-qarışdıra atasının ufultusunu “həmişəkindəndir”-deyə özünə təsəlli verdi.

Lakin ufultu və zarıltı getdikcə daha da şiddətlənirdi. Sərkara ən qəribə gələn isə bu səs –küy artıqdıca arvadının yerində narahat şəkildə qıvrılması idi. Qəfildən qonşu otaqdan səs kəsilən kimi, arvadı yerindən dik qalxaraq çarpayıdan yerə sıçradı. Gözucu Sərkara tərəf baxaraq, xalatını geyinməyə başladı. O Sərkarın üzünə diqqətlə baxdığını sezdi və sakitcə:

-Atan keçindi.

- Haradan bilirsən?- Sərkar səsindəki titrəyişi gizlətməyə çalışaraq arvadından soruşdu.

- Gördüm. Onun canının necə alındığını gördüm. Mən gedirəm xalamın yanına .

- Sən xəstəyə baxa-baxa sərsəmləmisən. Anamı narahat etmə! Yəqin kişinin ağrıları kəsdi ona görə də, səsi gəlmir.-deyərək Sərkar hirslə çarpayıdan qalxaraq onun qarşısını kəsməyə çalışdı.

Arvadı ona huş verməyərək otaqdan çıxdı. İki dəqiqədən sonra qonşu otaqdan ucalan ağlaşma səsləri ətrafda hamının yuxusunu öğurladı.

Qonum-qonşu tez onlara yığıldı. Kimi kəndin mollasının ardınca yollandı, kimi camaatın oturması üçün otaqda yer açdı , kimisə tanışlarını işə salaraq kəndin işığını yandırtmağa çalışdı.

Insanlar həyətlərində qaynaşdıqca, Sərkar çarpayının içində yumağa dönürdü. Əriyib itməyə çalışırdı ki, onu bəlkə tapmayalar, bəlkə unudalar. Kəndin elektriki veriləndə , Sərkar atasının ölümünə bir daha inandı. Sovet rejimi dağılandan bəri elektrik bu kənddə ölüm simvolu idi. Elektrik lampası tavanda bərq vurduqca, ölüm həqiqəti Sərkarı daha da boğazlayırdı. Qapı qəfil açıldı və arvadı içəri girərək gözünü onun üzünə dikdi. Sərkar onun sükutundan hər şeyi anladı.

Anladı ki, kəndin bütün ölülərinə etdiyini deyəsən atasına edə bilməyəcək. Hamı hər şeyi bilirdi. Amma hamının hər şeyi bilməsi bir istisnanı dəyişdirə bilməzdi. Bu dəfə ölən atası idi. Yavaşca sürüşüb çarpayıdan düşdü. Günahkar uşaqlar tək arvadının qarşısında boynunu bükdü. Həmişə əsib- coşan, əzəməti ilə evdəki arvad- uşağı titrədən Sərkardan bir saat ərzində əsər-əlamət qalmamışdı.

-O sənin atandır .

- Bu heç nəyi dəyişdirmir. Içimdəki bu ölü qorxusu, başa düş, məndən çox böyükdür. Əlli ildə dəyişməyən bir şeyi indi “gəl Sərkar yan otağa keç atan ölüb get mollanın yanında otur “ deməklə düzəlmir. – Sərkar ağzını yana əyərək arvadının təqlidini çıxarmağa çalışdı. Lakin bunu da bacarmadığını anlayaraq aciz-aciz susdu.
Arvadı daha heç nə demədi.

Dan yeri ağarmağa başlayırdı. Günəş rəngi bozarmış payız səmasına milləndikcə Sərkar canına birə daraşmış tək yerində dura bilmir, otaqda var-gəl edirdi.

O adamların həyətdə toplaşdığını və əmisi oğlanlarının atasını yuad yerinə götürdüyünü pəncərinin bir küncündən müşahidə edirdi. Beyni kilidlənmişdi. Hec nə düşünüb analiz edəcək vəziyyətdə deyildi.

Atasının həyətin ortasında cənazə namazını qıldılar. Ağlına qəfildən “kaş anamgil camaata -Sərkar burada yoxdu -deyəydilər “ -fikri gəldi sonra isə -“məni, axı, axşam mal örüşdən qayıdanda görənlər olub “-deyə mızıldanaraq bu fikrdən elə vaz keçdi ki, guya nəsə doğurdan da camaata deyilməli imiş.

Sərkar yaşının əlli ilinin təxminən qırx ilni qorxusu ilə çıpınmışdı. Heç bir dəfniyyatda iştirak etməmiş və həyatı boyunca heç vaxt qəbirstanlıqda olmamışdı. Televizorda qorxu filmlərini izləməzdi, qaranlıq düşəndə bayırda tək olmamağa çalışardı. Onun qorxusunun yalnız bir adı var idi: Ölüm. Bu məfhum canına, qanına hopmuşdu.

Bir gün öləcəyini dərk etdiyində on yaşı var idi. Məktəbdən gələndə bir addımlığında olan sinif yoldaşını kamaz köpək balığı tək ağzına alıb aparmışdı. Xıncım- xıncım etmişdi. Bircə gözləri qalmışdı əzilməmiş, itməmiş.

Ölümün nəfəsini onda hiss etmişdi. O balaca gözlərə yazılmış ölümü gördü və unuda bilmədi.

Onda hiss etmişdi ki, bir gün onu da , bacılarını da, ətrindən heç doymadığı anasını da ölüm oğurlaya bilər. Hər gün sərvaxt yatdı. Sanki onun yatmağı bir gün hər şeyin – ailəsinin və əzizlərinin yoxa çıxması ilə nəticələnəcəkdi.

Kənddə lətifə oldu onun qorxusu. Bayramlarda başına ağ mələfə keçirib onu qorxutmağa çalışanlar da tapıldı. Hər şey kimi buna da alışdı kənd camaatı. Daha onu axtarmadılar .

Atasını həyətdən çıxaranda dözmədi , istədi qaçsın tabuta çiyin verənlərdən biri də bu olsun amma ayaqları sanki döşəməyə mismarlanmış kimi qopmadı. Gözlərindən iri yaş damlaları tökülür , paltarının yaxasını isladırdı.

Dəfndən sonra həyətdən əl-ayaq çəkildi. Arvadı sakitcə otağa girərək masaya çay qoydu və gəldiyi kimi heç nə demədən çıxıb getdi.

Cayın ətri burnuna dəyəndə, mədəsinin bir sıxım tərə kimi içində burulduğunu hiss etdi. Pəncərənin qarşısından çəkilərək masanın üzərindən çayı götürdü və bir qurtum aldı . cayın istiliyi boğazını yandıranda beynində ildırım kimi bir fikir caxdı.”atamın ehsanı”

Fincanı yerə çırparaq otaqdan çıxdı. Ayağına keçən əyri-düz ayaqqabılara fikir vermədən həyətdən götürüldü. Günəş qısa gunun qürubunu edəndə Sərkar titrəyə-titrəyə qəbirstanlıq yoluna üz qoydu.

Yol qısaldıqca ürəyi əllərində, ovcunda və bədənin hər bir nöqtəsində şıddətlə vururdu. “Mən sadəcə olaraq içəri girəcəm, atamın qəbrinini tapacam, bir fatihə oxuyub oranı tərk edəcəm.

Bu qədər . Bunun nəyi qorxuludur ki,....”- deyə özünə təsəlli verərək addımlarını sürətləndirməyə çalışırdı. Qəbirstanlığın paslı , dəmir qapısının cırıltısı beyninə işlədi.

Əllərinin pasını üstünə sürtə-sürtə bir addım atdı. Qəbirstanlıq qarşısında bir meydan kimi açıldı. “Nə qədər adam ölmüş”- deyə içini çəkdi.

Ona elə gəldi ki,kənddə adam qalmayıb, hamını gətirib bura quyulayıblıar.

Bir addım geriyə atmağıynan qəbirstanlıqdan götürülməyi bir oldu. Arxasına belə baxmadan qaçan Sərkar özünü evlərinə yetirdi və atasının yeddisi çıxana qədər heç kəsin gözünə görünmədi. Sərkarın qəbirstanlığa yolu bir də özü öləndə düşdü.
XS
SM
MD
LG