Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:30

Ailəsinin Elnur İsrəfilovsuz günləri (VİDEO)


Ailəsinin Elnur İsrəfilovsuz günləri
Gözlə

No media source currently available

0:00 0:02:21 0:00
Direct-ə keçid
«İlk günlər qorxurdum, amma indi qorxmuram. Fəxr edirəm ki, arxamda bu qədər insan dayanıb». Bu, Elnur İsrəfilovun məhkəmədə dediyi son sözlərdir.

28 yaşlı, gözdən əlil, 2 uşaq atası Elnur İsrəfilov İctimai Palatanın 2 aprel aksiyasından sonra həbs olunub. İlk dəfə iştirak etdiyi aksiyada onu ictimai asayişi pozmaqda, içərisində aksiya iştirakçıları və polislərin olduğu avtobusa təpik vurmaqda günahlandırılır. Artıq 4 aydır İsrəfilovlar ailəsi Elnuru yalnız məhkəmə proseslərində görür və hökm oxunacaq günü səbirsizliklə gözləyirdilər, ümid edirdilər ki, Ramazan bayramını birlikdə qeyd edəcəklər.

«Bayramı qeyd etməyəcəyəm, həm onsuz adamın ürəyi açılmır, həm də imkan yoxdur».

Avqustun 25-də Səbayel rayon məhkəməsində oxunan hökm həyat yoldaşı Kəmalə İsrəfilovanın və bütün ailənin axırıncı ümidinə də son qoydu. İndi onlar 2 il 6 ay Elnursuz necə yaşayacaqlarını, nəylə dolanacaqlarını götür-qoy edirlər.

«AİLƏ GÖZÜNÜ 35 MANATA DİKİB»

«Bütün ailə gözünü 35 manata dikib. 35 manat pul alırdı Elnur. Heç ağlıma gətirə bilmirəm ki, uşaqların məktəb ləvazimatlarını necə alacam, necə düzüb-qoşub onları məktəbə yola salacağam. Özü olanda, baxmayaraq ki, bir gözü xəstədir, harada iş olsa özünü atırdı ora, ailəsinin çörək pulunu çıxarırdı».

Maral İsrəfilova
Elnurun həbsi 50 yaşlı anası Maral İsrəfilovanı məcbur edib ki, əlini çırmalayıb işə getsin, ailəni saxlamaq üçün pul qazansın. İndi Maral xala qutab bişirir satır. Deyir dolanışıqları çox çətindir. Biz orada olduğumuz müddətdə ailəyə yardım gəlmişdi – AXCP-dən olan qadınlar gücləri çatdığı qədər – bir az ərzaq, bir qədər də pul yollamışdı. Dediklərinə görə, ikinci dəfədir ki, belə yardım alırlar, amma başqa heç yerdən köməkləri yoxdur.

HEÇ KİM ONU QINAMIR

Maral İsrəfilova onu da deyir ki, indi ailə maddi və mənəvi sıxıntı içində olsa da, bir kimsə Elnuru aksiyada iştirakına, həbsə düşdüyünə görə qınamır, ona dəstək olmağa çalışırlar:

«Hər dəfə görüşəndə zarafata salıram ki, nə olsun tutulmusan, kişisən də, pis iş üstə tutulmamısan ki. Yəni çalışmışam ki, ruh verim ona. Amma son vaxtlar gördüm ki, özümü saxlaya bilmirəm, qəhərlənirəm. Axır 2-3 dəfəni getmədim. Bildim ki, özümü cilovlaya bilməyəcəm».

Həyat yoldaşı Kəmalə isə hökm oxunan gün məhkəmə zalındaymış. Deyir orada olmağını Elnur istəmişdi, hökmdən əvvəl isə ona deyib ki, heç nədən, xüsusən də onun həbsindən qorxmasın. 2 il 6 ay cəzanın veriləcəyini gözləməyən Kəmalə indi onun üçün çox çətin olduğunu deyir. Yevlax rayonundan onunla birlikdə Bakıya gələn 7 yaşlı oğlu Nihata atasının harada olduğunu birtəhər başa salıb, indi növbə rayonda valideynlərinin yolunu gözləyən 8 yaşlı qızlarınındır:

Kəmalə İsrəfilova və Nihat İsrəfilov
«Oğlum hər məhkəməyə gedəndə soruşurdu ki, «atam da səninlə gələcək?» İndi deyir atama 6 ay 6 gün verdilər».

«QİYAMIN QUTLU OLSUN, ELNUR»

Balaca Nihat bizimlə danışmaq istəmədi. Bircə onu dedi ki, atası üçün darıxır.

«Bu aylar sənin həyatında inqilab oldu. Hər kəs həyatında bir dəfə inqilab etməlidir, sən artıq bunu etdin. Söz sözündə isə hakimin üzünə dediklərin qiyam idi – qiyamın qutlu olsun...»- bu sözlər isə Elnur İsrəfilovun vəkili Yalçın İmanova aiddir, Elnur haqqında yazdığı kiçik bir xatirədəndir.

AXCP-dən olan, 2 aprel mitinqinə birlikdə getdiyi dayısı Məmməd İbrahimov da bu fikirdədir ki, son 4 ay Elnurun həyatına bir dəyişiklik gətirib:

«Hökm oxunan vaxt arxasında durmuşdum ki, əlimi çiyninə qoyum, ürək- dirək verim, amma əksinə oldu. Hökm oxunan kimi biz tərəfə çöndü, qələbə işarəsi göstərdi, daha sonra qandallı əllərini yuxarı qaldırıb «Azadlıq!» qışqırdı, vəkilinə ürək-dirək verdi. Çox fərq var onda».

Elnur İsrəfilovla yanaşı, daha 5 ailə başçısı – müxalifət fəallarına da 3 ildən 1 il 6 ayadək həbs cəzası verilib. Ümumilikdə isə, 2 aprel aksiyasından sonra 14 nəfər həbs olunub, 8-nin məhkəməsi hələ də davam edir.
XS
SM
MD
LG