Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:56

Musa Yaqub "Qırqovulam, təkəm mən" (Poema)


Əvvəl belə deyildi
Bu örüşlər, talalar.
Bizim idi bu torpaq,
Bizim idi bu gülzar.
Düzlərin ən ətirli
Çiçəyi bizim idi.
Yaşıl biçənəklərin
Göyçəyi bizim idi.
Laylamızı çalardı
Yarpaqlar axşam-səhər.
Qırqovul quyruğunda
Bərq vurardı şəfəqlər.
Biz gecələr şirincə
Bir yuxu həvəsində,
Dincələrdik kolların
Yaşıl sərdabəsində.
Üstümüzə düşərdi
Göy sarmaşıq salxımı.
Suyumuz şeh damcısı,
Dənimiz gül toxumu.
Şəlalənin şövq ilə
Daşa çırpılmasından,
Dağ çayının qayada,
Daşda çırpınmasından,
Bir gözü dar, suyu bol
Bulaq pıqqıltısından
Yaranıbdır nəğməmiz;
Beləcə ömr etmişik
Səslər aləmində biz,
Rənglər aləmində biz.
Meşə ətəkləriylə


Dəstə tutub qaçardıq.
Allah, allah, о vaxtlar
Nə arxayın uçardıq.
2
Bəs kimə neylədik ki,
Özümüzdən inciyib,
Səsimizdən bezdilər.
Axır bizi susdurub,
Nəğməmizi kəsdilər.
Qaldı yuvalarımız
Yaşıl kollarda xal-xal.
Bir zaval gətirdilər,
Bizim üçün bir zaval –
Bu yenotlar, yenotlar
Zülüm gəldi bizimçün,
Ölüm gəldi bizimçün.
Arı kimi təpilib,
Dolu kimi yağdılar.
Bizi didərgin salıb
Yuvamızı yıxdılar.

İndi yenotlar gəzər
Cığırda da, izdə də,
Uçan yerimizdə də,
Qonaq yerimizdə də.
Peşələri budur ki,
İzimizi axtarıb
Hər kola bir baş çəkə.
Kollar düşməndir bizə,
Daşlar da bir təhlükə
Budaqlarda səslənən
Bəlkə heç yarpaq deyil.
Ağaclar da yenotdur
Diş qıcıdır elə bil.
Görən küləklərdimi
Göy otları oxşayır?
Bu tərpəniş yenotun
Gəlişinə oxşayır!
Çaqqal hənirtisinə
Əzəldən vərdiş idik.
Tülkü bicliklərinə
Zorla öyrənmiş idik.
Bu ölümdən qaçmağa
Təzə vərdişlər gərək,
Lap təzə fəndlər gərək.
Bərələr, bəndlər gərək.
Yırtıcılar inadlı...
Qanadlılar qanadsız,
Qanadsızlar qanadlı...
Dəvəquşular kimi
Qaçmağımız var idi,
İndi qaçmağımız yox.
Havalanıb qəfıldən
Uçmağımız var idi,
İndi uçmağımız yox.
Budağın ola-ola
Budaq sənin olmasın,
Ovlağın ola-ola
Ovlaq sənin olmasın;
Böyük dərddir
eləmi?!
Ot içində daş kimi
Qaraltıya dönmüşük.
Biz yenot tüklərində
Parıltıya dönmüşük.

3

Döşünün altı məxmər,
Başı əlvan bir çələng
Onsuz çöllər darısqal,
Yamaclar da elə bil
Bir qəfəsə dönərdi.
Onun qanadı altda
Düzlər genişlənərdi,
Dünya genişlənərdi.
Ayağımız altında
Döşənəndə şəfəqlər,
Nəğmə öyrətmək üçün
O, qanadı altına
Aldı bizi bir səhər.
Lələklər arasından
Başımızı çıxarıb
Baxırdıq dörd tərəfə.
Oxuyanda ucadan
Anam bizi susdurub
Danlayırdı hər dəfə.
Bilmirdik о zamanlar
Təhlükə var, qorxu var...
Birdən başımız üstə
Tərpəndi göy budaqlar.
Qanadını qaldırıb
Anam göz etdi bizə.
Biz kolların içinə
Dağıldıq birnəfəsə.
Qəfıl anamın üstə
Atıldı bir qaraltı,
Bir haray qopdu bu dəm.
Dünya gözlərimizdə
Qaraldı, nə qaraldı...



Bir anam vardı mənim
Zərif qanadı rəng-rəng.
4
Yetim böyümək çətin,
Böyüdüm yuxularda,
Böyüdüm qorxularda.
Bir vaxt gördüm yalqızam
Ürəyim tək darıxır.
Sirdaş tapdım özümə,
Ana oldum mən axır.

Balam oldu,
о gündən
Elə bildim hər budaq
Qorxulu bir yenotdur
Dayanıbdır qəsdimə.
Tutub cücələrimi,
Atılacaq üstümə.
Kəsildi ixtiyarım.
Onunçun da heç zaman
Qanadımın altını
Görmədi çolpalarım.
Canlarına keçmədi
Bədənimin istisi.
Yüz yol diksindiribdir
Uçan buludlar bizi,
Dinən yarpaqlar bizi.
Dayanardıq göz-gözə...
Hanı çolpalarım bəs,
Niyə görünmür gözə?l
Hanı əzizlərim bəs,
Niyə çıxmayır düzə?!
Gözüm daşda, kəsəkdə,
Gözüm küncdə-bucaqda.
Bir bala həsrətində
Soraqdayam, soraqda.
Mən də ana ömrümü
Belə başa yetirdim.
Bir yenot gəlişində,
Bir hücum tufanında
Cücələri itirdim,
Körpələri itirdim!
Aha! aha! tapıldı!
Əzizlərim burdadır!
Gizləniblər koldadır.
Eh, bunlar da daşdı ki,
Gözüm məni aldadır.
Daşdan bala olarmı,
Məndən ana olarmı?


5

Deməyin qırqovullar
Hələ də tək-tək qalır.
İndi bizdən yadigar
Hər cığırda bir lələk,
Hər kolda bir tük qalır.
О yarpaqlar ki, bizim
Nəğməmizi eşidib
Onlar çoxdan xəzəldir,
О yarpaqlar ələnib.
О kollar ki, bir zaman
Sığınacaq olmuş bizə
О kollar da kələnib.
Ovlaqlar ovuc içi,
Daldasızdır yamaclar.
Hansı ağaclarda ki,
Xatirəmiz yaşardı,
Kəsilib о budaqlar
Doğranıb о ağaclar.

6
Təhlükəni, qorxunu
Bu gün almayıb vecə,
İstəyirəm oxuyum,
Oxuyum ürəyimcə.
Qorunmaq ehtiyatı –
Atıb onu kənara,
Oxuyum bu nəğməmi
Doğranan ağaclara
Qırılan budaqlara,
Boş qalmış ovlaqlara.
Əvvəlcə azad-azad
Deyilən nəğmələri
Sonra dimdiyimizdə
Yeyilən nəğmələri
Yaşadım bir anlığa.
Yanan analar üçün,
İtən balalar üçün
Oxumaq istəyirəm.
Amma elə oxumaq,
Könlüm bir az ovuna,
Sonra bir də qəmlənə.
Bütün dərdim, həsrətim
Bu nəğmədə cəmlənə.
Axı niyə bu dərdi
Gizli-gizli çəkəm mən?!
Oxuyum ki, yalqızam,
Qırqovulam, təkəm mən.
Belə qəmli oxusam
Mənə baxan olarmı?
Görəsən quş dərdinə
Şərik çıxan olarmı?..

Mart 1969
XS
SM
MD
LG