Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:33

Musa Yaqub. Qalıb


Fısdıq koğuşunda arılar öldü,
Pətəksiz, cırsayaq meşəmiz qalıb.

Getdi insanlığın şirin cağları,
Arada şər-şeytan peşimiz qalıb.

Sınıq könlümüzü kim yamayacaq –
Köksümüzdə qırıq şüşəmiz qalıb.

Köhnə məktubların sətirlərində
Bir nöqtə məhəbbət güşəmiz qalıb.

Fərhad külüngündə eşqin gücü yox,
Düşüb başımıza tişəmiz qalıb.

Ağır romanlardan can qurtarmışıq,
Bir-iki yazardan köşəmiz qalıb.

Çarıqdan qurtardı ayaqlarımız,
Boğaza keçilən kövşəmiz qalıb.

Sürüşüb düşmüşük dərə dibinə
Bizdən ucalarda kirşəmiz qalıb.

Bu qəmlər içində kef də qurmuşuq
Şou dediyimiz nəşəmiz qalıb.

Yaz, 2010 Bakı
XS
SM
MD
LG