Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:45

2 aprel məhkəməsi: şikayətsiz zərərçəkən polislər (VİDEO)


2 Aprel məhbuslarının məhkəməsi davam edir
Gözlə

No media source currently available

0:00 0:01:18 0:00
İctimai Palatanın 2 aprel aksiyasında saxlanmış Arif Hacılı, Tural Abbaslı, Məhəmməd Məcidli məhkəməyə Penitensiar Xidmətin maşınından qolları qandalları düşürüldü. Məhkəmə binasının qarşısına yığışmış tərəfdarları onları «Azadlıq» şüarları ilə alqışlayırdılar. Bu iş üzrə ittiham olunan Fuad Qəhrəmanlı haqqında həbs qəti imkan tədbiri seçilməyib.

Məhkəmə zalındakı təqsirləndirilənlər üçün ayrılmış dəmir qəfəsdə qollarındakı qandallar açılandan sonra müdafiəçilərin yanında oturdular.

«MƏN QANUNİ HAQQIMI TƏLƏB ETMİŞƏM, ONA GÖRƏ HƏBSDƏYƏM»

Məhəmməd Məcidli ifadəsində bildirdi ki, 2 aprel aksiyasında ölkədə sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılmasına, azad seçkilərin keçirilməməsinə, insan haqlarının pozulmasına etiraz olaraq iştirak edib: «Aksiya başlanandan bir neçə dəqiqə sonra polis bizə hücum elədi. Məni döyə-döyə avtobusa oturtdular. Ağzıma və üzümə gözyaşardıcı qaz püskürtdülər. Avtobusun içinə də qaz püskürdürdülər. Səbayel rayon polis idarəsinə gətiriləndən sonra 30 saat
mənə su verməyiblər. Mən cinayət törətməmişəm, sərbəst toplaşmaq hüququmdan istifadə edib mitinqdə iştirak etmişəm. Hökumət mənim hüquqlarımı əlimdən ala bilməz. Mən qanuni haqqımı tələb etmişəm, ona görə də həbsdəyəm».

Məhəmməd Məcidli bildirdi ki, ittiham üzrə özünü təqsirli bilmir.

ZƏRƏRÇƏKƏNLƏRİN TƏQSİRLƏNDİRİLƏNLƏRƏ ŞİKAYƏTİ YOXDUR

Daha sonra məhkəmədə zərərçəkən qismində polis əməkdaşları dindirildilər. Səbayel rayon post-patrul xidmətinin əməkdaşı Ramil Əhmədli bildirdi ki, 2 aprel aksiyasında kürəyi üstə yıxılandan sonra xəsarət alıb. Vəkillərin suallarına cavabında bildirdi ki, təqsirləndirilənlərə qarşı heç bir tələbi yoxdur. O ittiham olunanları mitinqdə görmədiyini də dedi.

Bakı şəhər Baş Polis İdarəsinin əməliyyat müvəkkili Fikrət Nəsibov ifadəsinə «biz radikal müxalifətin qanunsuz aksiyasının qarşısını almalıydıq» fikri ilə başladı. Bildirdi ki, saxlanan aksiyaçıları avtobusa dolduranda onlardan biri avtobusun şüşəsini sındırıb və onun əli kəsilib. O da təqsirləndirilənlərə qarşı şikayəti olmadığını bildirdi.

Məhkəməyə gətirilən Tural Abbaslı
Digər bir polis əməkdaşı Cahid İbişov da 2 aprel aksiyasında əlindən xəsarət aldığını bildirdi: «Biz Xaqani Ticarət Mərkəzinin qarşısında idik. Mitinqə gələnlər «Rədd olsun hakimiyyət», «Azadlıq», «İstefa» şüarları səsləndirirdilər. Bizi itələyərək söyürdülər. Bir qrup şəxsin əlində isə plakat, taxta vardı. Plakatları onların əlindən alanda əlimdən xəsarət aldım».

«DEYƏCƏKDİM Kİ, ÖZÜN BİLİRSƏN»

Bundan sonra təqsirləndirilən Tural Abbaslı ilə zərərçəkən arasında belə bir dialoq oldu:

- Xaqani Ticarət Mərkəzinin qarşısında mitinq keçirmək olar?
- Yox.
- Bəs harada olardı?
- Özləri bilirdilər.
- Biri sizdən soruşsaydı ki, mitinq keçirmək üçün hara gedək, nə cavab verəcəkdiniz?
- Deyəcəkdim ki, özün bilirsən.

Zərərçəkən qismində ifadə verən polis əməkdaşı Məmməd Məmmədov da dedi ki, 2 aprel aksiyasında sifət nahiyəsindən zərbə alıb: «Əllərində qəzetə bükülü küt alət vardı. Məni də kürəyimdən həmin alətlə vurdular».

Arif Hacılı
NİZAMİ POLİSİ SƏBAYEL MƏHKƏMƏSİNDƏ

Nizami rayon polis idarəsinin əməkdaşı İbrahim Qasımov da əlindən xəsarət aldığını dedi. Vəkil Anar Qasımov hansı səbəbdən Səbayel rayon ərazisində keçirilən aksiyaya Nizami rayonundan əməkdaşlar gətirilməsi haqqında sual verəndə hakim Famil Nəsibov bununla bağlı müvafiq qurumlara sorğu göndəriləcəyini bildirdi.

Məhkəmədə dindirilən daha 3 polis əməkdaşı da 2 aprel aksiyasında müxtəlif xəsarətlər aldıqlarını, ancaq onlara kimin xəsarət yetirdiyini bilmədiklərini, həmin şəxslərin hələ də tapılmadıqlarını bildirdilər.

Arif Hacılı, Tural Abbaslı, Məhəmməd Məcidli və Fuad Qəhrəmanlı ictimai qaydanı pozmaqda və hakimiyyət nümayəndəsinə qarşı müqavimətdə ittiham olunurlar.

Məhkəmə prosesi qurtarandan sonra təqsirləndirilənlər Penitensiar Xidmətin maşınına mindiriləndə də tərəfdarları onları “Azadlıq, İstefa”şüarları ilə
yola saldılar.
XS
SM
MD
LG