Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:39

Babək Həsənovun yolunu gözləyən ailəsi


Babək Hənovun ailəsi
Babək Hənovun ailəsi
«Atamı görən kimi kənddə olan macəranı danışacam. Əmimin ərazisində balıqlar var, biz o balıqları tuturduq, sonra da buraxırdıq suya. Əmim qoymurdu ki, tutaq, bişirək, yeyək. Deyirdi ki, balıqları satacayıq».

11 yaşlı Əhəd 5 aydır ki görmədiyi atası ilə görüşə hazırlaşır. Sabah – sentyabrın 17-də Həsənovlar ailəsi təcridxanaya gedəcək – Babək Həsənovla görüşə.

Babək Həsənov İctimai Palatanın 2 aprel aksiyasından sonra həbs olunan 14 müxalifətçidən biridir. İctimai qaydanı pozmaqda ittiham olunaraq 1 il 6 ay həbs cəzası alıb.

QISA TANITMA...

Babək Həsənov 1991-ci ilin sonlarından hərbi xidmətə çağırılıb, 7 il əsgər həyatı yaşayıb. Qarabağ müharibəsində iştirak edib, iki dəfə ağır yaralanıb, 11 dəfə mühasirəyə düşüb. Özünün də məhkəmədəki son sözündə dediyi kimi, hətta bir dəfə ağır yaralandığı vaxt onu ölü bilib Ağdamda bir meyitxanaya atıblar. Yalnız iki gün sonra gözlərini açıb dörd bir yanında ölü görüb.

Hazırda II qrup Qarabağ müharibəsi əlili olan Babək Həsənov 13 ildir ki ailə həyatı qurub, 3 azyaşlı oğlu var. Həyat yoldaşı İlahə Həsənova danışır ki, Babəki tanıyandan onun cəbhəçi olduğunu bilirmiş. 2 aprel isə Babək Həsənovun həbs olunduğu ilk aksiya deyilmiş:

«Gözlənilməz olmamışdı, bundan əvvəl məscidin sökülməsinə qarşı, hicabla bağlı aksiyalarda da iştirak etmişdi, bir neçə dəfə sutkalıq həbs olunmuşdu. Bu dəfə də gözləyirdik ki elə olacaq».

«ELƏ BİL ƏSGƏR YOLU GÖZLƏYƏCƏYİK»

O ki qaldı hökmə, İlahə xanım hökmü eşidəndə hətta sevindiklərini deyir:

«Birinci prokuror 3 il istəyəndə çox təəccübləndik. Gör nə vəziyyətdə idik ki, 1 il 6 ay eşidəndə sevindik ki, yarı oldu. Dedik elə bil əsgər yolu gözləyəcəyik».

«BABƏK DÜZGÜN YOLDADIR»

İlahə Həsənova deyir ki, tez-tez kənardan qınaq dolu sözlər eşidir. Amma özü bircə dəfə də olsun Babək Həsənovu aksiyaya getdiyinə görə qınamayıb:

«Kənardan qınaq edənləri eşidirəm, deyirlər ki, 3 uşaq atasıdır, gərək düşünərdi. Amma Babək uşaq deyil ki, azad bir insandır. Məncə onun o aksiyada iştirak etməyə tam ixtiyarı var idi, öz haqqını istəyirdi. Babək düzgün yoldadır».

Müxalif partiyaların keçirdiyi aksiyadan görüntü
«UŞAQLARIN AĞZINDAN EŞİDİB DEYƏ «ATA» DEYİR, AMMA BİLMİR ATA KİMDİR»

Həsənovlar ailəsi illərdir ki, kirayələrdə yaşayırlar. Baxmayaraq ki, ölkədə əlillər üçün mənzillər tikilir, amma İlahə xanımın dediyinə görə, növbə onlara çatmır ki çatmır. Elə indi də ailə üçün əsas çətinliklərdən biri kirayə haqqını ödəməkdir. İlahə xanım ailəyə qohumların, dost-tanışın maddi köməklik etdiyini desə də, 3 uşağın xərci də az deyil . Uşaqlardan Hüseynlə yanaşı 10 yaşlı Əhəd də məktəbə gedir. Ailənin sonbeşiyi Mustafanın isə bu ay 1 yaşı tamam olacaq. İlahə xanım deyir ki, Babək tutulanda Mustafa 6 aylıq idi, indi isə artıq «ata» deyə bilib, özü də atasını tanımaya-tanımaya:

«Atası tutulanda 6 aylıq idi, indi də 6 aydır atasını görmür. Görüşdə tanımadı, o gedəndə körpə idi axı. Düzdür uşaqların ağzından eşidib deyə «ata» deyir, amma bilmir ata kimdir».

Babək Həsənov ailənin müxalifətin 2 aprel aksiyasında iştirak edən yeganə üzvü olmayıb. O, iki qardaşı ilə birgə aksiyaya gedib. Qardaşı Cavid Həsənov danışır ki, 20 ildir onların ailəsi bu hərəkatdadırlar. 6 qardaşdan azı 3-ü hər aksiyaya qoşulur. Cavid Həsənov deyir ki, onları da bir neçə dəfə aksiyalarda saxlayıb bölməyə aparıblar, bir neçə saatlıq və ya günlük həbs olunublar. Amma bu ilk dəfədir ki, ailələrinin üzvü – Babək Həsənov cinayət məsuliyyətinə cəlb olunub. Cavid Həsənov deyir ki, bu, ağır olsa da onları yollarından çəkindirməyə kifayət deyil.

Babək Həsənovla yanaşı, daha 5 ailə başçısı olan müxalifət fəalına 3 ildən 1il 6 ayadək həbs cəzası verilib. Ümumilikdə isə, 2 aprel aksiyasından sonra 14 nəfər həbs olunub, 8-nin məhkəməsi hələ də davam edir.
XS
SM
MD
LG