Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:27

Vəkillər Kollegiyası daha bir vəkilin mantiyasını aldı


Elçin Namazov
Elçin Namazov
Vəkil Elçin Namazovun vəkillik fəaliyyəti dayandırıldı. Başqa bir vəkil Aslan İsmayılovla bağlı İntizam Komissiyasının çıxardığı rəy isə yenidən araşdırılması üçün Komissiyaya qaytarıldı.

«MƏN BU QƏDƏR SİYASİ İŞLƏRDƏ İŞTİRAK ELƏMİŞƏM, ANCAQ...»

«Kollegiyanın Rəyasət Heyətində elə hadisələr baş verdi ki, mən bu qədər siyasi işlərdə iştirak eləmişəm, ancaq bu gün özümə qarşı baş verənlərə heç vaxt rast gəlməmişəm»- bunu sentyabrın 16-da Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin çıxardığı qərarla vəkillik fəaliyyəti dayandırılan Elçin Namazov deyir.

VƏKİL ETİK QAYDALARI POZUB?

Sentyabrın 14-də Kollegiyanın İntizam Komissiyası Elçin Namazov barəsində rəy çıxararaq Rəyasət Heyətinə göndərmişdi. Həmin rəydə göstərilirdi ki, vəkil Nəsimi rayon Məhkəməsində 2 aprel aksiyasına görə həbs olunanların işi ilə bağlı avqustun 27-də keçirilən iclasda etik qaydaları pozub. Rəyasət Heyəti də sentyabrın 16-da həmin rəyə münasibət bildirmək üçün toplaşıb və çıxardığı qərar vəkilin zərərinə olub.

İntizam Komissiyası hələ sentyabrın 14-də öz rəyini Nəsimi rayon Məhkəməsinin hakimi Şahin Abdullayevin Kollegiyaya göndərdiyi qərar və üç protokol əsasında çıxarmışdı.

Elçin Namazov deyir ki, Rəyasət Heyətinin toplantısında yalnız hakimin Vəkillər Kollegiyasına göndərdiyi qərarı və protokolları elan edib. Qərar da buna uyğun verilib. Vəkilin sözlərinə görə, hakim Şahin Abdullayevin Vəkillər Kollegiyasına göndərdiyi protokollar elan olunarkən ona bəlli olub ki, protokollarda yazılanlar şişirdilib, qərara isə sonradan dəyişikliklər edilib:

«Baş vermiş xırda hadisələr hakim tərəfindən əlavə sözlərlə elə şişirdilib ki, adam oxuyanda düşünür ki, axı bu hadisə baş verməyib. Necə yaza bilər bunları bura».

Elçin Namazov. 2 aprel aksiyası zamanı həbs edilmiş müxalif fəalların məhkəməsində
VƏKİL ALDADILIB?

Elçin Namazov deyir ki, hakimin tərtib etdiyi həmin protokollarla tanış olmaq üçün həm o, həm də məhkəmə iclasında iştirak etmiş dörd vəkil vəsatət versələr də, bu təmin edilməyib:

«Vəsatət vermişəm, xahiş etmişəm ki, o protokollarla tanış olmaq imkanı verilsin mənə. Prosesdə iştirak edən dörd müdafiəçi də həmin vəsatətimi dəstəkləyiblər, eyni vəsatətlə çıxış ediblər. Ancaq qərar qəbul edib ki, iclas protokolları məhkəmə baxışı bitəndən sonra tərtib olunacaq. Bir sözlə, bizə imkan yaratmayıb ki, protokollarla tanış olaq. Mən də Rəyasət Heyətinin toplantısında dedim ki, əgər vəsatətim rədd olunubsa, məhkəmə belə deyibsə, onda bu protokol sizin stolunuzun üstündə hardandır? Bu protokol hələ tərtib olunmamışdı axı».

Vəkillər Kollegiyası Rəyasət Heyətinin çıxardığı qərarla məhkəməyə müraciət edəcək ki, Elçin Namazovun vəkillik fəaliyyətinə xitam verilməsi barədə qərar çıxartsın. Elçin Namazov isə peşə fəaliyyətinin bərpasında ictimaiyyətə güvənir:
«Hər bir halda çalışacağam ki, ictimaiyyətin və beynəlxalq təşkilatların köməyindən istifadə edim, bəlkə nəyə isə nail ola, bu ədalətsizliyi aradan qaldıra biləm».
Sentyabrın 14-də Kollegiyanın İntizam Komissiyası vəkil Aslan İsmayılovla bağlı da rəy çıxarmışdı. Sentyabrın 16-da Rəyasət Heyəti həmin rəyə də münasibət bildirib. Ancaq Elçin Namazovdan fərqli olaraq vəkillikdən uzaqlaşdırılmaq təhlükəsi Aslan İsmayılovdan yan ötüb.

Asalan İsmayılov:

Aslan İsmayılov
«İŞ İNTİZAM KOMİSSİYASINA QAYTARILSIN»

«Diqqətlə dinlədilər, hər şeyi dedim, ancaq mən onlara deyirdim ki, onsuz da boş-boşuna danışıram, qərarınızı qəbul edin. Dedilər, yox, söyləyin necə baş verib. Ətraflı danışdım, sədr elan elədi ki, bu material ətraflı araşdırılmayıb, Aslan müəllimin dediyi adamlar dindirilməyib, iş qaytarılsın İntizam Komissiyasına, yenidən araşdırılsın».

Aslan İsmayılov barədə İntizam Komissiyasının çıxardığı rəydə göstərilirdi ki, o, rəhbəri olduğu «Viza» Hüquq firması ilə müqavilə bağlamış bir müştəri ilə kobud davranmaqla vəkillik etikasını pozub.

Vəkillər Kollegiyasının sədri Azər Tağıyev bildirib ki, kollegiyada peşə fəaliyyəti ilə bağlı çıxarılan qərarların açıqlanması qanunaziddir. O, qərarlardan narazı qalanlara məhkəməyə müraciət etməyi məsləhət görür.

OXŞAR AQİBƏTLƏ ÜZLƏŞƏN VƏKİLLƏR

Bu ilin əvvəlində Vəkillər Kollegiyası adı siyasi işlərlə yanaşı çəkilən vəkil Osman Kazımovun da Kollegiyadan çıxarılması ilə bağlı məhkəməyə müraciət etmişdi. Məhkəmə prosesinin sonuna yaxın Kollegiya öz qərarını ləğv etmişdi.

Əsasən müxalifətçilərin məhkəmə işlərinə çıxan vəkil Xalid Bağırovun isə vəkillik fəaliyyətinə Vəkillər Kollegiyası 1 illik məhdudiyyət qoyub. Bununla bağlı qərar avqustun 24-də çıxsa da, vəkilə sentyabrın 14-də təqdim olunub. Qərar Bakı şəhər Baş Polis İdarəsinin rəisi Rafiq Abbasovun müraciəti əsasında çıxarılıb. Xalid Bağırov AzadlıqRadiosuna deyib ki, qərardan narazıdır və məhkəməyə müraciət etmək fikrindədir.
XS
SM
MD
LG