Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:30

Robert Finn: «3 il yarım ərzində 5 prezident gördüm»


Robert Finn
Robert Finn
Amerikanın Azərbaycanda ilk yüksək vəzifəli diplomatı, Prinston Universitetinin
professoru cənab Robert Finnin AzadlıqRadiosunun Vaşinqton bürosunun əməkdaşı Məhəmməd Tahirə verdiyi müsahibə:

- 1992-ci ildən Bakıda idiniz. O dönəmki Azərbaycanı bizə təsvir edə bilərsizmi? Necə bir Azərbaycanla qarşılaşdınız?

- 1992-ci ildə Bakıya getdim. Mən orada Amerika səfirliyi açdım. O vaxt Bakıda şərait pis idi. Savaş gedirdi. Hökumət dəyişmək üzrə idi. Hər gün böyük toplantılar keçirilirdi. Qarışıqlıq idi. Mən Bakıda 3 il yarım qaldım. Bu müddətdə 5 prezident gördüm. Hər gün küçədə atəş səsləri eşidilirdi. Ərzaq tapmaq çətin idi.

- Siz Elçibəylə nə vaxt görüşdünüz, görüşdən sonra sizdə nə kimi təəssürat yaratdı?

- Mən gələr-gəlməz Elçibəylə danışdım. Çox yaxşı bir insan idi. Amma idarəçi kimi zəif idi. Bütün hökuməti zəif idi. Parlamentdə aprel ayındı çıxışında demişdi ki, iyun ayında seçiləcək prezidentin fəaliyyəti bir ildən çox olmayacaq, çünki bu məmləkətdə demokratiya üçün gərəkli şərait yaratmamışıq. O özü də bilmədən özündən bəhs edirdi. Seçildi və bir il olmamış getdi.

ROBERT FİNNİ KİMDİR?
  • ABŞ-ın Azərbaycandakı ilk işlər vəkili Robert Finni ölkə ictimaiyyətinə tanıdan həm də onun türk dilində sərbəst danışması və yüksək fəallığı olub. O, təkcə ölkə hakimiyyətilə danışıqların fəal iştirakçısı deyildi, həm də əlaqələrin qurulmasında, bu və ya digər siyasi güclərin barışmasında iştirak edirdi. Məsələn, o, Rövşən Cavadovu 1994-cü ilin oktyabrında hakimiyyəti ələ keçirməməyə razılaşdırırdı. O, həmçinin, Xalq Cəbhəsi hakimiyyətini 1993-cü ilin iyununda Gəncədə hazırlanan qiyam barədə xəbərdar etmişdi.
- Elçibəy Amerika Birləşmiş Ştatları ilə əlaqəli nə bilirdi, nə kimi fikirləri var idi?

- Fikirləri müsbət idi, dost olmaq istəyirdi. Bizdən yardım tələb etdi. Çünki Azərbaycan balaca bir məmləkətdir, bir tərəfdə Rusiya, digər tərəfdə İran, üçüncü tərəfdə Türkiyə var. Təkcə Elçibəy deyil, Azərbaycanda bir çox insan ABŞ-ı dost kimi görmək istəyirdi.

- Siz Elçibəylə ilk dəfə görüşəndə onun prezident olacağını təxmin edə bildinizmi?

- O zaman Xalq Cəbhəsi var idi. Qarışıqlıq idi, kommunist hökuməti dağılırdı. Yerinə Elçibəy gələcək kimi görünürdü. Amma onun prezident olacağı o zaman məlum deyildi. Bunu təxmin etmək olardı.

«HƏR KƏS HESAB EDİRDİ Kİ, DEMOKRATİYA OLACAQ...»

- Siz dediniz ki, Azərbaycanda 5 hökumətin dağıldığını gördüz, o vaxt Qarabağ məsələsi də ortaya çıxdı. O zaman Azərbaycanın gələcəyi barədə nələr düşünürdüz?

- Dağlıq Qarabağ məsələsi təbii ki çox mühüm məsələ idi, amma həm də Sovetlər dağılırdı. Hər kəs hesab edirdi ki, yeni bir gün doğub, demokratiya, azadlıq olacaq. Azərbaycanın enerji potensialı xeyli böyükdür. Ona görə də o zaman yaxşı şeylər gözləyirdik. Zatən Elçibəy hər zaman pozitiv düşüncəli bir adam idi və mənə həmişə deyərdi ki, bir il sonra ermənilər Bakıya geri gələcəklər.

- Belə bir qorxu var idimi içində?

- Yox, qorxu deyildi. Onlar bizim vətəndaşlarımız, qonşularımız kimi geri gələcəklər deyə düşünürdü. O ümid edirdi ki, Dağlıq Qarabağ münaqişəsi sülh şəklində həll olunacaq və ermənilər Azərbaycana, azərbaycanlılar da Ermənistana geri qayıdacaqlar.

Keçmiş Azərbaycan prezidentləri Əbülfəz Elçibəy və Heydər Əliyev. 1992
- Rus əsgərlərinin Azərbaycanı tərk etməsi ilə bağlı Elçibəyin qəbul etdiyi qərarla əlaqəli Amerika hökuməti ilə necə bir münasibətdə idiniz?

- Elçibəy çox milliyyətçi adam idi. Ona görə də ruslara qarşı bəzi şeylər etdi. O bütün Azərbaycanın birləşməsi üçün çağırış etdi. Bu da qonşularda mənfi təpki yaratdı. Ona görə ruslar sərhəddi bağladılar və s. Amerika o işin içində deyildi. Bu, Azərbaycana aid bir iş idi.

ELÇİBƏY TƏLƏB ETDİ Kİ....

- 1993-cü il yazda erməni əsgərlərinin rus əsgərləri ilə birgə Bakıya tərəf yürüməsini Vaşinqton necə qarşıladı?

- Ermənilər Bakıya gəlmədilər, Dağlıq Qarabağda bir neçə əyaləti əllərinə aldılar. Vaşinqton buna görə narahat idi. Vaşinqton ikili vəziyyətdə qaldı. Məlumdur ki, Amerikada çox sayda ermənilər var, onlardan ikisi konqresdədir. Ona görə də Azərbaycana qarşı embarqo oldu. Mən şəxsən çox üzüldüm, çünki biz kömək edə bilmədik.

- O dövrdə Azərbaycan sizə yardım üçün müraciət etdimi?

- Etdi. Biz humanitar yardım etmək istədik və onu bəzi yollarda edə bildik. Yəni o embarqonu dəf edə bildik. Amma Elçibəy Amerikan əsgərlərinin Azərbaycanı qorumasını tələb etdi. Mən ona bunun mümkün olmadığını söylədim.

- Bəs Vaşinqton necə yararlı ola bilərdi?

- Əslində Vaşinqton Sovetlər Birliyi devriləndə nə edəcəyini tam olaraq bilmirdi. Vaşinqton bir az passiv qaldı. Və bir fürsət əldən çıxdı.

VAŞİNQTON NƏ EDƏCƏYİNİ BİLMƏDİ

- Necə rolu ola bilərdi, nə kimi rol oynaya bilərdi?

- Demokratiya qurmaqda daha faydalı ola bilərdi. Əlaqələr qurmaqda daha fəal ola bilərdi. Daha çox pul sərf edə bilərdi. Vaşinqton Sovetlər hələ də durur kimi davrandı. Zatən 1-2 il Sovetlərin yenidən birləşəcəyindən söhbət gedirdi. Ona görə də nə edəcəklərini bilmədilər, yeni şəraitə öyrəşmək üçün vaxt lazım gəldi.

- Qarabağ məsələsinə təkrar qayıtsaq, bu məsələ hələ də davam edir. Sizcə Azərbaycan və Ermənistan tərəfinin bu məsələni həll edə bilməməsinin səbəbləri nədir?

Qarabağ müharibəsindən sonra Bakıda yerləşən qaçqın uşaqlar
- Çox səbəbləri var. İki xalq bir torpağı istəyir, paylaşmaq istəmir. Liderlər birlik tapa bilsələr belə onu xalq istəmir. Hər iki lider pozitiv addım atmağa tərəddür edir. Amma gec tez həlli yolunu tapacaqlar. Rusiya və İran bundan istifadə edir. Çox mürəkkəb bir məsələdir.

- Azərbaycan da, Ermənistan da Vaşinqtonun dostu olaraq tanınırlar. Vaşinqtonun bu məsələdə yararlı ola bilməməyinin səbəbi nədir?

- Vaşinqton barış istəyir. Vaşinqton Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çox çalışır, Minsk prosesində Vaşinqton aktiv rol oynayır.

3 AYA 15 KİLO ARIQLAMIŞDIM, İNDİ VƏZİYYƏT DAHA YAXŞIDIR

- Azərbaycanın müstəqilliyindən 20 il keçdi. Bu müddət ərzində nə dəyişib?

Çox şey dəyişib. Dediyim kimi mən ora gələn zaman Azərbaycanın qaranlıq günləri idi. 3 ay ərzində mən orada 15 kilo arıqladım, çünki yemək, ərzaq yox idi. Vəziyyət çox pis idi. 1-2 il əvvəl getdim. Artıq ölkəyə neft pulları axır. Bakıda hər yerdə yeni binalar tikilib. Hansının yaxşı, hansının çirkin olması isə artıq başqa məsələdir. Amma Azərbaycan çox irəli gedir. Böyük layihələr var. İnternetdən də görünür ki, yeni şəhər yaradacaqlar. Nəhayət hər şey yaxşıya doğru gedir. Dağlıq Qarabağ məsələsi həll edilə bilərsə Azərbaycanın müstəqilliyi parlaqdır. Problemlər də var, sivil haqlarla bağlı problemlər var, müxalif partiyalar hər zaman etiraz içindədirlər, çünki haqları tapdanır. Problemlər var, amma Azərbaycan yavaş-yavaş yaxşıya doğru gedir.

Müsahibəni azadlıqradiosu.az üçün Ülkər Akifqızı hazırladı.
XS
SM
MD
LG