Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:24

«Boks rüşvəti» iddialarına sübut tələb edir


Çinq-Kuo Vu
Çinq-Kuo Vu
«BBC Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AIBA) və Azərbaycana aid korrupsiya haqqında yaydığı məlumatlar barədə konkret faktlar göstərməlidir».

Bunu AIBA-nın prezidenti Çinq-Kuo Vu (Ching-Kuo Wu) sentyabrın 24-də Bakıda keçirdiyi mətbuat konfransında deyib.

«İstənilən ölkədə insanı heç bir fakt olmadan ittiham edirlərsə, bu, ciddi hüquqi problemdir» - deyə Çinq-Kuo Vu bildirib.

AIBA prezidenti bildirib ki, bu iddialarla bağlı xüsusi təhqiqat komissiyası yaradılıb və komissiyanın nəticələri açıqlanmayanadək BBC-yə qarşı məhkəmə iddiası qaldırmaq planları yoxdur:

«Biz söz və mətbuat azadlığına hörmətlə yanaşırıq».

Çinq-Kuo Vu qeyd edib ki, AIBA prezidenti vəzifəsinə gəldiyi gündən korrupsiyaya qarşı mübarizə aparır:

«İndiyə qədər mən 3 vitse-prezidenti, 1 baş katibi və icraiyyə komitəsinin 6 üzvünü işdən azad etmişəm. Bütün AIBA ailəsi bilməlidir ki, fəaliyyətimiz təmiz idman mübarizəsi üzərində qurulub».

BBC Azərbaycanın Ümumdünya Boks Seriyasına (WSB) milyonlarla dollar pul ödəməsinə dair sübutlar əldə etdiyini bildirib. Adı çəkilməyən mənbə BBC-yə deyib ki, bu pullar Azərbaycan boksçularının 2012-ci il Olimpiya oyunlarında iki qızıl medal qazanacaqlarına zəmanət əvəzi kimi alınıb.

Azərbaycan Boks Federasiyasının 1-ci vitse-prezidenti Ağacan Əbiyev AzadlıqRadiosuna müsahibəsində yayılan məlumatları əsassız sayıb:

«Mən Boks Federasiyasının 1-ci vitse-prezidentiyəm, bütün işlərin içərisindəyəm. Mənin xəbərim yoxdursa, onda kimin xəbəri olmalıdır? Bütün bunlar hamısı yalandır. Çıxış edənlər dedilər, AIBA-dan bir nəfəri düz işləmədiyi üçün işdən qovublar. İndi o da belə məlumatlar yayır».

Azərbaycan Boks Federasiyasının prezidenti, Fövqəladə Hallar naziri (FHN) Kəmaləddin Heydərov AIBA-nın növbədənkənar konqresinin açılışında iştirak etsə də, yayılan məlumatlara toxunmayıb.
XS
SM
MD
LG