Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:44

2aprelçilərin məhkəməsində şahid-polislə vəkil arasında münaqişə


Məhkəmə binası qarşısında
Məhkəmə binası qarşısında

Hakim vəkillərlə kobud danışan şahidə xəbərdarlıq olunduğunu bildirib

Sentyabrın 27-də Nəsimi rayon məhkəməsində 2 aprel mitinqinə görə həbs olunmuş müxalifət fəalları- Əhəd Məmmədli, Elnur Məcidli, Ülvi Quliyev və Rüfət Hacıbəylinin məhkəmə prosesi şahid ifadələri ilə davam etdi.

Müttəhimlər ictimai asayişi pozmaqda və hakimiyyət nümayəndələrinə müqavimət göstərməkdə ittiham olunurlar.

Məhkəmənin bugünkü iclası Nəsimi rayon post-patrul xidmətinin əməkdaşı Emin İmanovun şahid ifadəsi ilə başladı. İmanov dedi ki, aprelin 2-də aksiya zamanı Füzuli küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində Əhəd Məmmədlinin polis işçisi İlham Zamanovun yaxasından tutduğunu, polisə tabe olmadığını görüb.

Ancaq vəkillərin suallarından sonra məlum oldu ki, şahidin dedikləri ilə instintaq sənədlərində ziddyət var

PROTOKOLADA ŞAHİDİN DEDİKLƏRİ ÖZ ƏKSİNİ TAPMAYIB

Vəkil Osman Kazımov: Siz Əhədin polis idarəsinə aparılmasında iştirak etmisiniz?

Şahid: Bəli.

Vəkil: Polis İdarəsində olmusunuz?

Şahid: Bəli.

Vəkil: Raport yazmısınız orda?

Şahid: Mən yazmamışam, Tağıyev Elnur yazıb.

Vəkil: Tağıyev Elnurun nə yazdığından məlumatınız var?

Şahid: Yox, məlumatım yoxdur. Çünki o yazanda mən onun yanında olmamışam.

Vəkil: O raportda elə şey yoxdur axı, Əhəd kimisə vurub, yıxıb. Əhədi maşına oturdanda görmüsünüz?

Şahid: Özüm oturtmuşam.

Vəkil: Necə oturtmusunuz? Həmin hissəni danışın.

Şahid: Bir dəfə gələrsiz, sizə də göstərərəm.

Şahidin bu cavabı həm hakimin, həm də vəkillərin etirazına səbəb oldu.

Hakim: Artıq söz danışma. Sual verirlər, cavab ver.

Şahid (Osman Kazımova): Sən deyirsən müqavimət göstərib, mən də deyirəm...

Vəkil: Sən yox, siz.

Şahid: Elə sən.

VƏKİLLƏR HAKİMİ POLİSLƏ VƏKİL ARASINDA AYRISEÇKİLİK SALMAMAĞA ÇAĞIRDILAR

Vəkillər şahidin bu cür rəftarına etirazlarını bildirdilər. Dedilər ki, hakim Vəkillər Kollegiyasına vəkil Elçin Namazov barədə etik qaydaları pozması ilə bağlı qərar göndərib və onun vəkillik fəaliyyətinin dayandırılmasına nail olub.

Onlar vəsatət qaldırdılar ki, indi həmin qərardan polis əməkdaşı Emin İmanov barədə də çıxarılsın və tədbir görülməsi üçün Daxili İşlər Nazirliyinə göndərilsin.

Hakim isə şahidə xəbərdarlıq olunduğunu bildirməklə kifayətləndi.

VİDEO VƏ FOTOLAR ŞAHİDİN HƏBSDƏ İŞTİRAKINI TƏSDİQ ETMİR


Vəkil Osman Kazımov məhkəmənin nəzərinə çatdırdı ki, Əhəd Məmmədli polis maşınına mindirilən zaman çəkilmiş və cinayət işi materiallarına daxil edilmiş fotolarda Emin İmanov yoxdur.

Bundan başqa, şahid Emin İmanovla zərərçəkmiş İlham Zamanovun ifadələri arasında ziddiyyətlər var.

Prokuror: Əhəd Məmmədli görməyib ki, onu maşına mindirənlər arasında bu adam olub ya yox?

Əhəd Məmmədli: Mən bu adamı ilk dəfə burda görürəm.

Osman Kazımov: Başqa videoyazı da var, biz onu təqdim edəcəyik, görün polis nələr edib vətəndaşa qarşı. Yıxılanı təpikləyirlər, ağsaqqalı təpikləyirlər. Bu şahid polislərin hamısını oturdub o videoya baxdırmaq lazımdır.

MƏHKƏMƏLƏRDƏ EYNİ SSENARİ

Vəkil Yalçın İmanov vəsatət qaldırdı ki, şahid yalan ifadə verdiyinə görə məhkəmə onun barəsində müvafiq tədbir görsün, həm də onun şahid ifadəsi sübutlar siyahısından çıxarılsın.

Hakim cavab verdi ki, vəsatətlərə məhkəmənin yekununda baxılacaq.

Yalçın İmanov buna etiraz etdi:

Səbail rayon Məhkəməsində də 6 aksiyaçının məhkəməsində də hakim vəsatətlərə sonra münasibət bildirəcəyini desə də, məhkəmənin sonunda ittiham hökmü oxudu və vəsatətlərə münasibət bildirmədi. Məhkəmələr eyni ssenari üzrə keçirilir”.

Sonra polis əməkdaşı Məcid Yusifov şahid kimi ifadə verdi. Dedi ki, 2 aprel aksiyasında başından xəsarət alıb və hospitala yerləşdirilib. Ancaq əlavə etdi ki, bunun təqsirləndirilən şəxslərin heç birinə aidiyyəti yoxdur.

EYNİ ŞAHİD BİR NEÇƏ PROSESDƏ

Yalçın İmanov: Bu insan Səbail Məhkəməsində zərərçəkən kimi iştirak edirdi, onu başa düşdük. Ancaq bu məhkəmə prosesinə və bu təqsirləndirilən şəxslərə nə aidiyyəti var, onu başa düşə bilmirik.

Prokuror: İctimai qaydaların pozulması və polis işçilərinə qarşı müqavimət göstərilməsinin ilk şahidlərindəndir.

Məcid Yusifovun dindirilməsi əvvəlki şahiddən fərqli olaraq qısa çəkdi.

Sonra məhkəmə Nəsiminin heykəli ilə üzbəüz ərazidəki köşkdə açar ustası işləyən Aydın Əhmədovu, Cəlal Cəbrayılovu dindirdi. Onlar aksiya zamanı şüarlar səsləndirildiyini və polislə aksiya iştirakçıları arasında qarşıdurma yarandığını, adamların polislərə müqavimət göstərdiklərini, polislərin də onları maşınlara mindirərək apardıqlarını dedilər. Bildirdilər ki, təqsirləndirilən şəxsləri aksiya iştirakçıları arasında görməyiblər.

Sonuncu şahid Əvəz Ağayev ifadəsini bitirəndən sonra təqsirləndirilən Ülvi Quliyevlə onun arasında mübahisə düşdü, mübahisəyə salondakılar da qarışdılar.

Mühafizəçilər və polislər həm şahidi, həm də məhkəmə prosesini izləyənləri salondan çıxartdı. Hakim sentyabrın 30-dək fasilə elan etdi. Həmin gün müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi şahidlər dindiriləcək.
XS
SM
MD
LG