Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:36

2 aprelçilərin məhkəməsində videoçəkilişlərə baxılıb


Sentyabrın 30-da İctimai Palatanın aksiyasına görə həbs edilmiş başqa bir qrupun da məhkəmə prosesi keçirilib.

Nəsimi rayon məhkəməsində Əhəd Məmmədli, Elnur Məcidli, Ülvi Quliyev və Rüfət Hacıbəylinin işinə baxılıb.

Elnur Məcidlinin vəkili Xalid Bağırov AzadlıqRadiosuna deyib ki, prosesdə müdafiə tərəfinin təqdim etdiyi şahidlər: 2 aprel aksiyasında Elnur Məcidlinin yanında olmuş AXCP Gənclər Təşkilatının sədri Əbülfəz Qurbanlı və KAXCP-dən gənc fəal Ceyhun Nəbiyev dindirilib

Vəkilin dediyinə görə, onlar məhkəmədə Elnur Məcidlinin ictimai asayişi pozmadığını, şüşələri sındırmadığını deyiblər.

Vəkillər ifadəsi yarımçıq qalmış, şahid – polis əməkdaşı Namus Atakişiyevin dindirilməsi ilə bağlı vəsatət qaldırsalar da, təmin edilməyib.

Məhkəmə sübut və dəlillərin elan olunması ilə davam edib.

Vəkil Yalçın İmanov deyir ki, 3-4 saatlıq həmin videoçəkilişlərdə müdafiə etdiyi Əhəd Məmmədlinin cinayət etdiyini sübut edən heç nə yoxdur:

«Əhəd Məmmədli əli cibində gəzir, dostlarıyla görüşür və sair...»

Xalid Bağırov:

«4 saata yaxın video çəkiliş nümayiş etdirildi. Bu boyda çəklişdə Elnur Məcidli cəmi bir dəfə, özü də 10 saniyə görünür. Onun kimisə vurduğu, şüşə sındırdığı görünmür. Və ya Ülvi Quliyev polisin sinəsini yumruqlamaqda təqsirli bilinir. Amma kadrlarda bu yoxdur».

Məhkəmə prosesi oktyabrın 4-də dövlət ittihamçısının çıxışı ilə davam edəcək.
XS
SM
MD
LG