Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:33

İntiqam Əliyev: «Hökumət özünə arxayın deyil»


İntiqam Əliyev
İntiqam Əliyev
«Azərbaycan hökumətinin əsas problemi özünə arxayın olmamasıdır».

AzadlıqRadiosunun «İşdən sonra» proqramına qonaq olan hüquq müdafiəçisi İntiqam Əliyev belə deyib. Onun fikrincə, ölkədə siyasi məhbus yoxdursa, 50 məruzəçi də gəlsə, bu, hökuməti narahat etməli deyil:

«Sənin müxalifət, vətəndaş cəmiyyətinin fəalları, vəkillər ilə bağlı problemin, narahatlığın yoxdursa, sənin həbsxanalarında siyasi baxışlarına görə saxlanan insanlar yoxdursa, narahat olmalı deyilsən. Ştrasserə, o cümlədən Hammerberqə deyə bilərsən ki, buyurun, istənilən vaxt gəlin. Məncə, Azərbaycan hökumətinin əsas problemi məhz özünə arxayın olmaması, məhz bu sahədə çox ciddi problemlərin olması ilə bağlıdır…».

«AZƏRBAYCANDA 20-DƏK SİYASİ MƏHBUS VAR»

İntiqam Əliyev deyir ki, Azərbaycan hökumətinin siyasi məhbuslar üzrə məruzəçilərin Azərbaycana gəlib, yerində siyasi məhbusların problemlərini araşdırması üçün xoş məram nümayiş etdirəcəyini düşünmür:

«Hazırda Azərbaycanda 20-yə yaxın siyasi məhbus, vicdan məhbusu sayılacaq insan var. Baxmayaraq ki, onlar müxtəlif əsaslarla - kiminin cibinə narkotik atılıb, kimini əsgərliyə getməməsi adı ilə, başqa birisini polisə müqavimət adı ilə tutublar - bunların mahiyyətində onların siyasi baxışları dayanır. Həmin o məruzəçilərin Azərbaycana gəlməsi, burda normal araşdırma aparması, həbsxanalarda siyasi məhbuslarla görüşməsi, müstəqil vətəndaş cəmiyyətinin üzvləri ilə görüşməsinə yaxın vaxtlarda şərait yaradılmasına mən çox ciddi şübhə ilə yanaşıram. Çünki o adamlar bura gəlsələr, kəskin bir hesabat ortaya çıxacaq…».

İntiqam Əliyev deyir ki, Azərbaycan hökuməti bəzi reallıqları bildiyindən vətəndaşları bir çox haqlardan məhrum edir:

«Azərbaycan hökuməti bilir ki, onun sosial bazası yoxdur. Bilir ki, azad seçki keçirsə, insanlar ona səs verməyəcək. Bilir ki, insanlara toplaşmaq üçün imkan versə, mülkləri sökülən minlərlə insan, 150 manat əməkhaqqı alan müəllim ordusu, o cümlədən pensiyaçılar etiraz etmək üçün küçələrə çıxacaqlar. Hökumət bunları bilir və insanlara o haqqı vermir».

Verilişi tam olaraq buradan dinləyin:
XS
SM
MD
LG