Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 00:32

Türkanda sahibkarla polis arasında karxana davası


Türkanda sahibkarla polis arasında karxana davası
Gözlə

No media source currently available

0:00 0:01:06 0:00
Direct-ə keçid

Sahibkarın iddiasına görə ondan 50 min manat tələb edilir, həm də əlavə edirlər ki, indi 50 min manat verməsə, sonra 200 min ödəməli olacaq.


Bakıda Türkan qəsəbəsindəki bir daş karxanasının sahibi AzadlıqRadiosuna müraciət edərək özlərini polis əməkdaşları kimi təqdim edən bir qrup adamın onlara basqın etdiyini bildirir.

Karxananın sahibi Vüqar Əliyevin qardaşı Zülfüqar Əliyev bildirir ki, oktyabrın 6-da Xəzər rayon Polis İdarəsi rəisinin sürücüsü bir neçə şəxslə karxanaya gələrək buradan çıxmalarını tələb edib.

POLİS HƏM DƏ SAHİBKAR İMİŞ?

Bir gün sonra isə, özünü Xəzər rayon Polis İdarəsinin əməkdaşı kimi təqdim edən Elman Süleymanov qardaşı və digər dörd nəfərlə birlikdə karxanaya basqın edib:

​“2006-cı ildən Abşeron rayon Icra Hakimiyyəti başçısının sərəncamı ilə karxananı işlədirik. Qonşu karxananın sahibi bu yerin onun atasına məxsus olduğunu iddia edib əlimizdən almaq istəyir. İndi də üstümüzə polisləri göndərir.

Mülki geyimdə idilər. Elman Süleymanov mənə sahibkar olduğuna dair sənəd göstərib dedi ki, guya bu yer onunkudur. Gah, vəsiqə göstərib deyirdi polisəm, gah da Ali Məhkəmədə işlədiyini bildirirdi. Necə olur ki, polis öz adına sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq barədə sənəd ala bilir?”

İNDİ 50 MİN, YOXSA, SONRA 200 MİN MANAT OLACAQ!?

Zülfüqar Əliyevin sözlərinə görə, Elman Süleymanov onlara karxanada qalmaq istəyirlərsə, 50 min manat verməli olacaqlarını bildirib. O, prezidentin ətrafındakı adamların qohumu olduğunu və istədiyini edəcəyini də əlavə edib:

“Elman Süleymanov dedi ki, işləmək istəyirsənsə, 50 min ver. Yoxsa, sənədi əlindən alandan sonra səni “quruzit” eləyib, 200 min alacağıq. Haqsızlıqla bağlı deputatımız Mehriban Əliyevaya müraciət edəcəyimizi bildirəndə dedi ki, Azərbaycanda mənim qabağıma heç kim çıxa bilməz”.

İTTİHAM OLUNANLAR DANIŞMAQ İSTƏMİR

Məsələyə münasibət öyrənmək üçün qonşu karxananın sahibi Daşqın adlı
sahibi ilə də əlaqə saxladıq. Ancaq o, AzadlıqRadiosuna danışmaq istəmədiyini bildirdi.

Xəzər rayon polis idarəsindən mayor Alışan Nəsirov idarə rəisinin sürücüsü haqda danışa bilməyəcəyini dedi. Alışan Nəsirov daha sonra bildirdi ki, müraciət olunarsa, Süleymanov qardaşları ilə bağlı məsələni araşdıracaqlar:
“Bizdə Elman Süleymanov adlı şəxs işləmir. Karxana sahibləri müraciət etsinlər, məsələni araşdırarıq”.

Elman Süleymanov isə AzadlıqRadiosuna polis əməkdaşı olduğunu təsdiq etsə də, hansı idarədə işlədiyi haqda məlumat vermədi:

  • - Danışan Elman Süleymanovdur.
  • - Elman müəllim, Siz polis əməkdaşısınız?
  • - Hə, polisəm.
  • - Hansı idarədə işləyirsiz?
  • - Onun sizə nə aidiyyəti var?
  • - Vüqar Əliyev iddia edir ki, onun daş karxanasına basqın etmisiniz. Onun şikayətinə görə əlaqə saxlamışıq…
  • - Zəng eləyin Əliyev Vüqara. Başqa sualınız var?

VƏKİL SORUŞUR: POLİSİN KARXANADA NƏ İŞİ VAR?

Vəkil Aslan İsmayılov isə deyir ki, bildirdi ki, daxili işlər orqanı işçisinin sahibkarlıqla məşğul olması qanunsuzluqdur:

“Bu, Azərbaycan reallığıdır. Qolu güclü hakimiyyət təmsilçiləri, yaxud onların yaxınları istədiyi adamların mülkünü əlindən ala bilirlər. Məhkəmələr, prokurorluq, polis isə buna reaksiya vermir.

Əslində, polisin bu məsələyə heç bir aidiyyəti yoxdur. Əgər, sahibkar həmin yeri qanunsuz da tutsa, sahibkarın oradan çıxarlmasına dair məhkəmə qərarı olsa da polis yenə müdaxilə edə bilməz. Bunun üçün Ədliyyə Nazirliyinin tərkibində məhkəməqərarlarının icrası idarəsi var. Həmin idarənin işçiləri gəlib sahibkarı oradan çıxara bilərlər”.

DAXİLİ İŞLƏR NAZİRLİYİ ŞİKAYƏT GÖZLƏYİR

Elə Daxili İşlər Nazirliyindən də AzadlıqRadiosuna bildirdilər ki, araşdırmaya zərərçəkənlərin müraciətindən sonra başlana bilər.

Vüqar və Zülfüqar Əliyev qardaşları hələ polisə müraciət etməsələr də, oktyabrın 9-da onları Xəzər rayon Polis İdarəsinnin 1 saylı bölməsinə izahat verməyə çağırıblar. Qardaşların AzadlıqRadiosuna bildirdiyinə görə, oktyabrın 8-də həmin idarənin nümayəndələri onların karxanasında olub və izahat verənə qədər işi dayandırmağı tələb ediblər.

Oktyabrın 10-da isə Zülfüqar Əliyev bölməyə gedərək izahat yazıb. Onun dediyinə görə bölmədə daş karxanasına basqınla bağlı hadisə rəsmiləşdirilib.
XS
SM
MD
LG