Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:41

Rus casusları Almaniyanı təəccübləndiriblər


Foto: Arxiv
Foto: Arxiv
«Hadisə lap casus filmlərində olduğu kimi cərəyan edir, özü də ən ucqar əyalətdə. Kim deyə bilərdi?! Saxta Avstriya pasportları, qısadalğalı ötürücülər. Casuslar isə deyəsən Latın Amerikasındandırlar, sadəcə Rusiya kəşfiyyatına işləyirlər. Dişinə kimi silahlanmış, maskalı xüsusi təyinatlı dəstənin aksiyası bu əyalət şəhərinin – Marburqun sakinlərini bir azca qorxudub da...».

Bir qədər əvvəl Almaniyanın Marburq şəhərində yaxalanan Rusiya casuslarının həbsini «Frankerberq Landtsatunq» qəzeti belə təsvir edir.

Casus ər-arvadın həbsini Almaniya mətbuatı təmkinlə müzakirə etməyə çalışır. «Bu, «Berlin divarı» yıxılandan bəri ifşa edilmiş ən ciddi casusluq hadisəsi olsa da...». Münhendə dərc olunan «Fokus» jurnalı belə yazır.

Elə Hamburqda çıxan «Şpigel» jurnalı da bu qənaətdədir və ümid edir ki, baş verənlər Almaniya ilə Rusiyanın dayanıqlı, möhkəm münasibətlərinə xələl gətirməyəcək.

KQB-DƏN QALMA CASUSLAR

Hər iki jurnal yazır ki, Marburqda həbs edilən cütlüyün ötən il Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin ABŞ-da ifşa edilmiş əməkdaşı Anna Çapmanla əlaqəsi olub.
Almaniya kəşfiyyat orqanlarının məlumatına görə, ərlə arvad bura hələ 1988-ci ildə gəlib, o zamankı KQB-nin (Dövlət Təhlükəsizlik Komitəsinin) tapşırığı ilə. Cütlüyün saxta sənəd əldə etməsinə isə Avstriyanın bir dövlət qulluqçusu kömək edib.

Xüsusi təyinatlı dəstə casuslardan birini qısa dalğa ilə şifrələnmiş məlumat ötürərkən yaxalayıb.

Cütlüyün Anna Çapmanla əlaqəsi olub
Cütlüyün Anna Çapmanla əlaqəsi olub
Cütlüklə bağlı məlumatın isə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsindən (MKİ) daxil olduğu bildirilir.

Berlinin «Taqesşpigel» qəzeti «KQB-dən salam» başlıqlı məqalədə yazır: «Hər şey «soyuq müharibə» dövründəki kimi görünür. Xoş təsir bağışlayan ərlə arvad Almaniya əyalətində ikili həyat yaşayır, bir səhər xüsusi təyinatlı dəstə qapını kəsdirənə kimi».

NUH ƏYYAMINDAN QALMA APARATLAR

Almaniyalı ekspertlər isə təəccüb içindədirlər: cütlük hələ də qısadalğalı qəbuledici ilə işləyirmiş. Ekspertlərə görə, bu aparatlar çoxdan tarixin arxivinə atılıb.

ÇİN VƏ RUS AGENTLƏRİ VƏ ALMANİYA SƏNAYESİNƏ DƏYƏN ZİYAN

«Doğrudanmı, ABŞ-dakı kimi Almaniyada da şaxələnmiş Rusiya casus şəbəkəsi var?». Sualı Münhendə çıxan «Zyuddoyçe Tsaytunq» qoyur.

Bavariya radiosu isə «Moskvanın sevgi bəyanı» sarkastik başlığı ilə Rusiyanın Almaniyadakı casus şəbəkəsinə bir saatlıq veriliş həsr edib.

Radionun məlumatına görə, sənaye casusluğu Almaniyaya ildə 50 milyard avro ziyan vurur.

Məlumatda o da deyilir ki, Almaniyada ümumən 30 min Rusiya və Çin casusu var. Qəzetlərsə iddia edirlər ki, Rusiya agentləri Avropa Birliyinin başqa ölkələri ilə müqayisədə məhz Almaniyada daha fəaldırlar.

Marburq burqomistri isə deyib: «Buna bənzər hadisəni biz yadımıza sala bilmərik…».
XS
SM
MD
LG