Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 06:31

"Qaraca qız" filmindəki "Bəy qızı Ağca" xatirələrini bölüşür


Leyli Axundovanın indi 45 yaşı var. Onu hansı fəndlə aldadaraq ağladıblar? Filmin premyerasında onun xətrinə kim dəyib?

Xoş bir təsadüf nəticəsində "Qaraca qız" filmində bəy qızı Xədicə (Ağca) roluna çəkilən Leyli Axundovanın indi 45 yaşı var. O öz həyatı haqda danışır, eləcə də filmlə bağlı xatirələrini bölüşür.


Mən həqiqətən ilandan qorxmuşdum. Üç gün qızdırma içində yatdım.

Özü də mənə Qaraca qız rolunun ifaçısı Sevildən çox - təxminən 1680 rubl verdilər.

Aydın oldu ki, bu dava mən Ağca xanımın üstündə imiş. Onlar da mənimlə tanış olmaq istəyirlərmiş...

Hətta hərdən yol polisləri mənim idarə etdiyim maşını saxlayanda belə, məni tanıyıb hörmət edirlər...



- Leyli xanım, əvvəlcə istərdik ki, özünüz, valideynləriniz, təhsiliniz haqqında qısaca məlumat verəsiniz.

- Mən Bakıda ziyalı ailəsində dünyaya gəlmişəm. Ailənin yeganə övladı olmuşam. Atam İsmət Axundov tanınmış rəssam, anam Ləman ixtisasca kimyaçı olsa da işləməyib. Bakıdakı 134 nömrəli məktəbdə orta təhsil almışam. Asəf Zeynallı adına Musiqi Məktəbinin fortepiano sinfini bitirmişəm. Ailə həyatı qurduqdan sonra Moskvada Xalq İncəsənət Universitetinin rəssamlıq fakültəsini də bitirmişəm. Bakıdakı 23 nömrəli musiqi məktəbində dərs demişəm. Hazırda düz 11 ildir ki, Bakı

"Çəkiliş başa çatandan sonra Tutunu mənə göstərdilər və "ağlama, o sağdır, biz kino təbii alınsın deyə, belə etmişik" dedilər. Məni aldatdıqlarına görə küsdüm, üç gün çəkilişə getmədim. Amma "əgər belə etməsəydik, həmin səhnə inandırıcı alınmazdı" deyə məni dilə tutub inandırdılar".

Xoreoqrafiya Məktəbində fortepianodan dərs deyirəm. İki övladım və iki nəvəm var.

- Necə oldu ki, sizi "Qaraca qız" filminə çəkdilər?

- Öncə deyim ki, zəngin mədəniyyətə malik Azərbaycan öz filmləri ilə də öyünə bilər. Azərbaycanda çoxlu sayda film istehsal olunub. Bu filmlərin arasında uşaq kinosu da əsas yerlərdən birini tutur. Həmin uğurlu uşaq filmlərindən biri də "Qaraca qız" filmidir. 1966-cı ildə istehsal olunmuş bu film Süleyman Sani Axundovun eyniadlı hekayəsi əsasında ekranlaşdırılıb. Tutu (Sevil Zeynalova) adlı xeyirxah və cəsarətli yetim bir qızın faciəli talieyindən bəhs edən bu film Şamaxıda, Çuxuryurd kəndində çəkilib. Filmin ssenari müəllifi və quruluşçu rejissoru Şamil Mahmudbəyov, rejissoru isə Arif Nərimanbəyov olub.

O ki qaldı mənim filmə çəkilməyimə, deyim ki, onda mənim 9 yaşım var idi. İkinci sinifdə oxuyurdum. Bir gün dərsdən sonra valideynlərim məni Sahil bağına gəzməyə aparmışdılar. Birdən bir kişi atama yaxınlaşaraq dedi ki, biz "Qaraca qız" adlı bir film çəkirik. Qızınız oradakı Xədicə obrazına çox uyğun gəlir. Atam mənim filmə çəkilməyimə tərəddüd etdiyindən o, atamın harada işlədiyi ilə maraqlandı və kibrit qutusunun üstünə ev telefonumuzun nömrəsini yazdı. Sən demə, həmin adam "Qaraca qız" filminin quruluşçu rejissoru Ş.Mahmudbəyovun köməkçisi Rəşid müəllim imiş. Aradan bir neçə gün keçdi. Təsadüfdən televizoru açanda belə bir elan eşitdik: "Qaraca qız" filmində Xədicə roluna çəkilmək üçün seçilmiş qızın ev telefonu yazılan kağız itdiyi üçün valideynlərindən kinostudiyaya gəlməsini xahiş edirik". Bu elanı atam eşitsə də, əhəmiyyət vermədi... Biz ailəliklə istirahət üçün Kislovodskiyə getdik.

Bir müddət keçəndən sonra rəhmətlik dayım Ramiz bizə teleqram göndərdi: "Çox xahiş etdilər ki, sən Leylini də götürüb Bakıya dönəsən...". Sən demə, rejissor köməkçisi kibrit qurutusunu itirsə də, yaddaşının köməyi ilə atamın iş ünvanını əldə edibmiş. Atama Mədəniyyət Nazirliyi adından məktub göndərilmişdi ki, artıq çəkilişlər başlanıb, qız mütləq filmə çəkilməlidir. Beləliklə də istirahətimizi yarımçıq qoyub Bakıya qayıtdıq.

Atam qəlbən istəməsə də, məni kinostudiyaya apardı. Şamil müəllim məni görən kimi dedi ki, bax, bu əsl Xədicədir...

Bir həftə sonra biz Çuxuryurd kəndinə getdik. Burada düz 18 gün məşq etdik. Çəkilişə Moskvadan konsertmeyster Yelena Aleksandrovna və "Rodmen" teatrının aktyorları dəvət olunmuşdular. Onlar əsl qaraçı idilər. Oradakı ayı və ilan da Moskvadan gətirilmişdi.

- Çəkiliş prosesini, xüsusi ilə Xədicəni ilan vuran səhnəni necə xatırlayırsınız?

- Həmin filmdə Xədicəni ilan vuran səhnə kinostudiyanın köhnə binasında - "Hökumət evi"nin yanındakı bağda çəkilmişdi. Onu da deyim ki, bütün çəkilişlər zamanı
valideynlərim yanımda olurdular. O kadrın çəkilişi vaxtı isə, rejissor onları bir bəhanə ilə həmin yerdən uzaqlaşdıra bildi. Təbii ki, anam bilsəydi, heç cür razı olmayacaqdı.

Həmin kadrların çəkilişi başlayanda ilanı ayağımın altına atdılar. Yaman qorxdum. İlan da dərhal sürüşüb aradan çıxdı. Amma kadr Şamil müəllimin xoşuna gəlmədi. Səhnəni yenidən çəkmək qərarına gəldilər. Mən isə Allaha yalvarırdım ki, kaş çəkməyəydilər. Yenidən çəkilişə az qalmış gördük ki, qutunun ağzı yaxşı bağlanmadığından ilan yoxa çıxıb. Buna görə də çəkiliş olmadı. Rejissor bərk hirslənmişdi, mənim isə sevincimin hədd-hüdudu yox idi. İlanın itməsinə görə rejissor Zooparka 200 rubl cərimə ödədi. Mən həqiqətən ilandan qorxmuşdum. Üç gün qızdırma içində yatdım. Anam isə
aldadıldığına görə möhkəm hirslənmişdi.

Rejissor isə məcbur olub əvvəlcə çəkdiyi kadrlardan istifadə etdi.

- Qaraca qızın ölüm səhnəsi çəkiləndə həqiqətən ağlayırdınız, yoxsa, hansısa bir priyomdan istifadə etmişdilər?

- Mən həqiqətən ağlayırdım. Özü də ürəkdən ağlayırdım. Məni ağlatmaq üçün bir bəhanə fikirləşiblər. Anam mənim təbiətimə bələd olduğu üçün bilirdi ki, məni ağlatmaq asan olmayacaq. Beləliklə də qərara gəldilər ki, Qaraca qızı - Tutunu gizlədib mənə göstərməsinlər. Kimdən də soruşdum, xəstədir dedilər. Nə isə, mən onu üç-dörd gün görmədim.

Bir gün isə mənim əlimdən tutub bir təpənin üstünə gətirdilər. Piri baba çox qəmgin halda bir qəbrin yanında əyləşib dərin fikrə dalmışdı. Mənə dedilər ki, bax bu Qaraca qızın qəbridir, o ölüb. Bu bəd, gözləmədiyim xəbərdən özümü saxlaya bilmədim, başladım ağlamağa. Piri baba da, rejissor da, operator da ağlayırdı. Çəkiliş qrupu məni sakitləşdirə bilmirdi. Sən demə, biz ora gəldiyimiz andan çəkiliş gedirmiş. Çəkiliş başa çatandan sonra Tutunu mənə göstərdilər və "ağlama, o sağdır, biz kino təbii alınsın deyə, belə etmişik" dedilər. Məni aldatdıqlarına görə küsdüm, üç gün çəkilişə getmədim. Amma "əgər belə etməsəydik, həmin səhnə inandırıcı alınmazdı" deyə məni dilə tutub inandırdılar.

- Filmdə çəkildiyinizə görə sizə məvacib verdilərmi?



- Əlbəttə, verdilər. Özü də mənə Qaraca qız rolunun ifaçısı Sevildən çox - təxminən 1680 rubl verdilər.

- Bəs, Sevilə niyə az pul verdilər?

- Ona görə ki, Qaraca qız - Tutu roluna 2 nəfər çəkilmişdi.

- Sevillə indi əlaqə saxlayırsınızmı?

- Çox az əlaqəmiz olur. Ona görə ki, iş, ailə qayğısı, nəvələr... Amma bilirəm ki, Sevilin də iki övladı var. Özü isə indi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində çalışır.

- "Qaraca qız" filminin ilk premyerası hansı kinoteatrda oldu?

- Filmin ilk premyerası "Nizami" kinoteatrında oldu. Həmin gün mənim sevincimin hədd-hüdudu yox idi. Amma "Vətən" kinoteatrında keçirilən premyera məni yaman ağlatdı. Film sona yetəndə məndən əvvəlki sırada əyləşmiş bir uşaq: "O ifritəyə görə Qaraca qız öldü" deyib dərindən köks ötürdü. Özümü anamın qucağına ataraq ağlamağa başladım... "Axı, mən pis deyiləm". Anam məni sakitləşdirərək dedi ki, o səni demir, kinodakı Xədicəni deyir.

- "Qaraca qız" filmində Xədicə roluna çəkilməyinizin gələcək həyatınızda nə kimi müsbət rolu oldu?

- Doğrusunu deyim ki, bu rolda elə bil mən öz həyatımı oynayırdım. Çünki mən də ailədə xüsusi tərbiyə almışam, Xədicə də. Həmçinin Xədicə də öz yaşıdlarından fərqlənir, mən də. Ərköyün, şıltaq olmağım da ki, öz yerində. Ailənin yeganə övladı olduğum üçün hər cür qayğı ilə təmin olunmuşdum.

O ki qaldı kinonun mənim həyatımdakı əhəmiyyətinə, həqiqətən böyük rolu olub. O kino məni tanıtdırıb, məşhur edib. Bu gün də böyükdən kiçiyə bütün Azərbaycan ailəsi Sevili də, məni də tanıyır, sevir. Hətta hərdən yol polisləri mənim idarə etdiyim maşınımı saxlayanda belə, məni tanıyıb hörmət edirlər.

- Rəhmətlik atanız sizə kinoya çəkilməyə icazə vermirdi, bəs filmə baxandan sonra onda hansı hisslər yaşanırdı?

- Həqiqətən atam filmə baxandan sonra mənimlə qürur duyurdu, fərəhlənirdi.

- Film ekranlara çıxandan sonra rejissorlardan yeni filmlərə çəkilmək barədə təkliflər aldınızmı?

- Xədicə obrazı mənim kinoda ilk və son rolum oldu. Film ekranlara çıxandan sonra mən Moskvanın, Ukraynanın bir çox kinostudiyalarından saysız təkliflər alsam da, atam razılıq vermədi. Sonralar "Nizami" kinosunun çəkilişlərinə dəvət aldım. Onda da həyat yoldaşım etiraz etdi. Bəlkə də aktrisa olsaydım, həyatda daha çox uğur qazana bilərdim...

- Filmə baxanda hansı hissləri keçirirsiniz?

- Mən hər dəfə "Qaraca qız" filminə baxanda ağlayıram...

- Siz 134 nömrəli məktəbin şagirdi idiniz. "Qaraca qız" filmindən sonra sizə münasibət necə idi?

- Doğrusu, günbəgün rəfiqələrimin sayı artırdı. Hamı mənimlə yaxınlıq etmək istəyirdi. Əlbəttə, paxıllıq edənlər də var idi.

- O məktəb illərində baş vermiş maraqlı bir hadisəni xatırlayırsınızmı?

- Məktəb illərində olan maraqlı hadisələri danışmaqla qurtarmaz. Amma mən filmə çəkiləndən sonra 132 nömrəli məktəbin oğlanları mənim dalımca gəlirdilər. Bizim məktəbin oğlanları isə bunu qəbul etmirdilər.

Bir gün eşitdim ki, bizim 134 nömrəli məktəbin oğlanları ilə 132 nömrəli məktəbin oğlanları arasında dava gedir. Döyən kim, döyülən kim... Məsələyə məktəb rəhbərləri qarışdılar... Aydın oldu ki, bu dava mən Ağca xanımın üstündə imiş. Onlar da mənimlə tanış olmaq istəyirlərmiş...


Söhbətləşdi: Ədalət DAŞDƏMİRLİ
”Azərbaycan müəllimi"
modern.az
XS
SM
MD
LG