Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 03:26

Niyazi Mehdi ülgüc üstü ilə yeriyən ibadətdən nə yazdı?


Niyazi Mehdinin yeni kitabı
Niyazi Mehdinin yeni kitabı
«O» –filosof və kulturoloq alim Niyazi Mehdinin yeni kitabı belə adlanır və həmən ardınca kitabın 2-ci adı – «İbadət düşüncələri» gəlir... «İz»in budəfəki qonağı Niyazi Mehdidir.

--Niyazi bəy, belə bir kitabı – «İbadət düşüncələri»ni yazmaq haradan ağlınıza gəldi?

-- Kitabın çapı Şahbaz Xuduoğlunun sözündən sonra ağlıma gəldi. Mən də bütün normal adamlar kimi gündəlik tuturam. O gündəlikdə düşüncələrimi yazıram. Gündəliklərdə həm elmi düşüncələrim var, həm də təəssüratlarım və s. Dinlə bağlı, Allahla bağlı mənə maraqlı görünən fikirlərimi gündəlikdə qeyd edirəm.

HƏLƏ Kİ, BAŞIMA BELƏ BİR İŞ GƏLMƏYİB

-- Kitabda yazılıb ki, ülgüc üstündə yeriyən ibadət düşüncələri--bilirsiniz də bizdə dini kəsim çox da tolerant deyil. Həm də dinlə bağlı aktiv dini fəaliyyəti olmayan adamın yazmasına çox qısqanc yanaşırlar. Bu Sizi çəkindirməyib?

--Bəxtimdən, Nəriman Qasımoğlundan fərqli olaraq, siz dediyiniz adamların mənə qarşı xüsusi aqressivliyi olmayıb. Onun üçün də bioqrafiyam məni bu məsələdə xüsusi həssas olmağa sürükləmir. Hələ ki, başıma belə bir iş gəlməyib. Gəlsə də, cavablarını vermək əzmindəyəm. Amma dediyiniz məsələ ciddi məsələdir. Dini kəsimdə olan adamların çoxunda gerçəyin monopoliyasının—təkəlçiliyin onlarda olması iddiası var. Bu, hədislərə də ziddir, Qurana da.

KİTABDA ŞÜBHƏLƏRİMİ YAZMIŞAM

-- Axı, dindarlarda belə bir baxış var—deyirlər ki, ya inanırsan, ya inanmırsan. İnanırsan, ya inanmırsan—artıq mübahisəyə yer qoymur...

--Tamamilə düzdür. Gündəliyimdə müəyyən yerlər var ki, özümün müəyyən məqamlarda Allaha, Allahın varlığına şübhələrimi yazmışam. Bu kitabda kifayət qədər səmimi olmağa çalışmışam. Ona görə ki, bir çox adamlar mənəvi söhbətlərdə deyirlər ki, mənim mənəviyyatda çox böyük uğurlarım var və ondan çıxış edərək ideala yaxın bir adam kimi görünməyə çalışırlar. Mən isə istəyirəm ki, səmimi şəkildə öz şübhələrimi göstərim. Bu, bir. İkincisi də ki, ciddi teoloqlar, ciddi filosoflar bilirlər ki, inam məsələsi permanent, yəni davamlı şəkildə deyil. İnam punktir şəkildə gedir. Ona görə də, mənim kitabımda inamın punktir vəziyyəti var. Şübhələr məndə yaranır, şübhələrimə cavab tapıram və yeni şübhələr yaranır. Məsələn, ilk dəfə bu düşüncə mənə məxsusdur—hesab edirəm ki, Allah-təala özü insanı elə yapıb ki, insanın dini şüurunu elə qurub ki, onda vaxtaşırı şübhə yaranır, Allahdan qopmaq yaranır, sonra isə Allaha tapınmaq mərhələsi gəlir.

QIL KÖRPÜSÜNDƏ BÜDRƏMƏK...

--Niyazi bəy, «ülgüc üstündə yeriyən ibadət» deyimində bayaq dediyiniz xof nəzərə alınıb?

--Əslinə baxsan, ülgüc ifadəsi Qıl körpüsünə yaxın bir şeydir. Yəqin ki, Qıl körpüsüylə bağlı ülgüc metaforası işlənib. Ülgüc üstündə büdrəyəndə yaralanma təhlükəsi var—Qıl körpüsündə büdrəmək isə cəhənnəmə düşmək deməkdir. O şübhələrdə cəhənnəmi yox, təhlükəni göstərmək üçün ülgüc sözünü işlətmişəm, yəni riskli yeriş, düşüncə yerişi...

Niyazi Mehdi
Niyazi Mehdi
--Burada «ülgüc üstündə yerimək» deyəndə --axı müdriklər kimi də yeriyə bilərsən— sən adi insandan fərqlənirsən. O ibadət düşüncələrinin gücü, dərinliyi səni elə ələ alır ki, sən məhz ülgüc üstündə yeridiyinin fərqinə varmırsan... Bu məna çıxmaz yəni?

--Bu cür də yozmaq olar. Amma mən bunu nəzərdə tutmamışam. Lap qırxayaq kimi--yəni ayaqlarına fikir verməyəndə yeriyir, amma hansı ayağını birinci atsın, hansını ikinci fikirləşəndə yeriyə bilmir. Ülgücün üstünə çıxan da ülgücü görməyəndə, ucalıqlara çıxan da aşağıları görməyəndə rahat olur. Siz deyən kimi də yozmaq olar. Dediyim kimi, mən bunu nəzərdə tutmamışam.

QLAMURLUĞA QARŞI PİNTİ AZƏRBAYCAN TÜRKCƏSİ...

--Niyazi bəy, bu kitabla Sizin başqa kitablarınız arasında müəyyən bağlar var yəqin... Kimsə deyə bilər ki, son 10 ildə Niyazi Mehdinin gör neçə kitabı çıxıb?! Bəs ibadət düşüncələrini niyə əvvəllər yox, indi yazıb?

--Mən adamlara məsləhət görərdim ki, gündəlik yazsınlar. Mən də, gündəliyi özüm üçün, uşaqlarım üçün yazırdım. Sonra ağlıma gəldi ki, bunları internetə qoyum. Şahbaz Xuduoğlu gündəlikləri oxuyandan sonra çap təklifini etdi. İdeya belə yarandı. Əslinə baxsan, boynuma alım ki, mən bunun üstündə xüsusi kitab kimi işləməmişəm. Hətta bir az pintilik də var. Hərçənd mən hesab edirəm ki, qlamurluğa qarşı olan pinti Azərbaycan türkcəsi, fəlsəfi dili o qədər də ziyanlı deyil və bəlkə də yeni perspektivlər açır.

ALLAHIM! SƏN MƏN DEDİYİM KİMİ OLMA!

--AzadlıqRadiosunun saytında gedən bloq yazılarında da zaman-zaman dini mövzulara toxunursunuz. O mövzulara xeyli şərh yazılır. Bu şərhlərin kitabın yazılmasında rolu var?

--O şərhlərin çoxu, yenə də adam deməyə məcbur olur, yazıqlar olsun ki, imanlı adamın hiddətiylə imansıza qarşı yazılmış şərhlərdir. Onların 99 faizində hiddətdən başqa ağıl payı yoxdur ki, adamı düşündürsün və onu təsirləndirsin. Bunun özü də bir göstəricidir ki, özünü imanlı sayanların çoxunun necə psixolojisi var. Vaynhed adlı bir ingilis filosofu var, o deyirdi ki, din insanları sanki bir olan Allahın ətrafında birləşdirmək məqsədi güdür. Amma əslinə baxsan, çox böyük bölücülüyə səbəb olur. Bu, dinin paradoksudur. Adətən hansı dinin? O zaman ki, insan Allaha inanır, sevgisi var, amma adi şüurun daşıyıcısıdır. Və bu kitabda mən Allaha deyirəm ki, sən mən dediyim kimi olma, mən sən dediyin kimi olum... Dində var ki, Allah insanları özünəoxşar yaradıb. Şəkil mənasında yox, yəni insanın ruhu var, ağlı var, iradəsi var və s. Amma Azərbaycan üçün də bu xarakterikdir—adamların çoxu başlarının içində olan Allahın görkünü, şəklini özlərinə uyğun yapırlar və belə adamlar da həmin şərhləri yazırlar...

BİLİKCƏ MƏNƏ YAXIN, YAŞCA UZAQ OXUCU ÜÇÜN YAZMIŞAM

-- Sizin oxucunuz kimdir? Bu kitabı real olaraq kimə ünvanlamısınız? O ünvanladığınız insanların içərisində bu kəsim nə qədər yer tutur?

«Niyazi Mehdi Demokratiyaya qarşı» dinləmələri, aprel 2010
«Niyazi Mehdi Demokratiyaya qarşı» dinləmələri, aprel 2010
--Mən o kitabı böyük auditoriya üçün yazmamışam. Bircə «Fəlsəfə tarixində fəlsəfə» kitabım tələbələr üçün, düşünmək istəyən oxucular üçündür. Mənim kitabımın oxucuları təxminən, bilik səviyyəsinə görə mənə yaxın olan, amma gəncliyinə görə məndən bəlkə də bir az uzaq olan adamlar üçündür ki, bunlar da əhatəli deyil.

--Amma kitabın özündə bir söz var ki, bu kitab dini və dünyəvi intellektuallara hesablanıb?!

--Deməli, dini intellektual olmayanlardan umacağım yoxdur. Dünyəvi olub intellektual olmayanlardan da...Orada da demişəm ki, elitar qrupa ünvanlanıb.

--İstəyən bu kitabı necə ala bilər? Oxucunun cibinə nə dərəcədə uyğundur?

--Kitab 4 manat 50 qəpikdir. Çox kasıb adam üçün bahadır, amma babat maaş alan üçün baha deyil. «Əli və Nino» Mağazalar şəbəkəsində satışdadır. Bir də, «Qanun» Nəşrlər Evi öz məhsullarını bir çox kitab dükanlarına verir—onlardan da almaq olar.

--Bu kitabın ictimai rəyə təsiri baxımından nə faydası ola bilər?

--Onunla bağlı çox böyük ümidlərim yoxdur. Bilirəm ki, bizim haqqında danışdığımız intellektual olmayan, dini məsələləri fəlsəfi və s. ruhda düşünməyən adamlarda hiddət doğuracaq. Amma nəzərə alın ki, Azərbaycanda kitablarla bağlı müzakirə mədəniyyəti, əhvalı elə də böyük deyil. Bizdə çox təəssüf ki, skandaldan sonra belə müzakirələr olur. Bir də gördün kimsə skandal saldı, onda ola bilər ki müzakirə olsun...

NƏ YAXŞI SİZ VARSINIZ!

–Niyazi bəy, AzadlıqRadiosuna qulaq asanlara ünvanlanan özəl bir sözünüz var?

--Onlara yaltaqlanmaq istəyərdim ki, nə yaxşı siz AzadlıqRadiosuna qulaq asırsınız! Nə yaxşı siz varsınız!
XS
SM
MD
LG