Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 05:43

QİSMƏT. Paul Auster: İldırımdan qaçış


Paul Auster
Paul Auster
"Oxu zalı"nda başladığımız "Postmodernizm" layihəsi çərçivəsində Qismətin dünyanın ən məşhur postmodernist yazarları barədə yazıları...


QİSMƏT

POL OSTER: İLDIRIMDAN QAÇIŞ

“Hər şey özü özünü məhv elədi, geriyə, sadəcə, qırıntılar qaldı. Bundan sonra görüləcək yeganə iş qırıntılarla oynamaqdı. Qırıntılarla oynamaq – bax, bu, postmoderndir”

(Bodriyar)

1.

Mənə dedilər ki, onun son romanını Ədəbiyyat Muzeyinin altındakı kitab evində tapa bilərsən.

Gecə narahat yatmışdım deyə çox halsız idim, canımda nəsə tənbəllik hissi vardı, amma ərinmədim, durub getdim o kitab evinə.

Yolda bir-iki dosta da zəng vurdum ki, şəhərə tərəf gəlirəm, balaca işim var, bəlkə görüşək, oturub bir çay içək.

Kitab evində satıcıdan onun son romanını soruşdum, çox keçmədi ki, tapıb

Həmin romanlar sıradan bir tapmacaya, müəmmaya doğru oxucunu addım-addım aparan bildiyimiz klassik detektivlərdən deyil. Pol Oster burda sadəcə detektiv əsərlərin formasından istifadə edir, bunun əsasında öz şəxsi postmodern üslubunu yaradır və bu üsulla ekzistensial problemlərə, fərdlərin, şəxsiyyətlərin eyniliyi və müxtəlifliyi barədə məsələlərə toxunur.

gətirdilər. Kitabı alıb yollandım “Araz” kafesinə. Xoş-beşdən sonra dostlardan biri yeni nə aldığımı, nə oxuduğumu soruşdu və cavabımı gözləmədən, bayaq aldıqlarımdan birini - Pol Osterin son romanını əlinə götürüb vərəqləməyə, sonra da arxa üzündəki tanıtım yazısını oxumağa başladı.

O, yazını oxuyanacan mən bir az Osterin romanları haqqında danışdım. Dostum indi də kitabın üzündəki fotoya baxdı və birdən zarafatla dedi: “Bu nə fotodur kitabın üstündə? Masada eynək. Sənin haqqında yazmayıb ki romanı?“

Gülüb dedim ki, yəqin arvadına, ya da qızına ithaf edib, adətən elə olur, birinci səhifəyə bax görək. Dostum gülə-gülə kitabın birinci səhifəsini açdı və birdən rəngi ağardı. Bir mənə baxdı, bir kitabın ilk səhifəsinə. Qorxmuş halda “Ola bilməz” - dedi.

Cəld kitabı əlindən qapıb oxudum.Yazılmışdı: “Qismət Rüstəmova ithaf olunur”. Necə yəni “Qismət Rüstəmova...?” Nə qələmlə yazılıb, nə də karandaşla, elə beləcə də çap olunub. Udqundum, canımdan üşütmə keçdi, bir də baxdım kitaba. Yox, dəqiqdi, bomboş ağ səhifənin yuxarı sağ küncündə yazılmışdı ki, kitab mənə ithaf olunub. Elə bil məni ildırım vurdu. Görən dünyada mənimlə eyni adda, eyni soyadda olan və üstəlik, Osterin də tanıdığı özgə biri varmı?...

2.

...Romanları bu cür gözlənilməzliklərlə, inanılmaz hadisələrlə zəngin olan, yaşayan ən məşhur amerikalı romançı Pol Oster 3 fevral 1947-ci ildə ABŞ-da - Nyu Cersidə dünyaya gəlib. Babası Amerikaya gələn ilk yəhudi mühacirlərdən olub. Atası Samyuel Osterin Cersi-sitidə bir neçə evi vardı. Anası Kuini Oster onun atasından 13 yaş kiçik idi. Bioqrafiyasından məlum olur ki, Polun uşaqlığı elə də parlaq keçməyib.

Onların ailəsi orta təbəqəyə məxsus həyat tərzi keçirib və demək olmaz ki, xoşbəxt olublar. 1959-cu ildə onun valideynləri şəhərin prestijli rayonlarından birində ev alırlar və görünür, bu illərdə onların ailə vəziyyəti stabil imiş. Elə təxminən bu zamanlarda Polun dayısı, tərçüməçi Allen Mandelbaum Avropa səfərinə getdiyi üçün öz kitablarını onların evində qoyur.

Elə bu illərdə Polun yenicə kitablara sevgisi yaranmışdı deyə, o, bu yeşiklərin
“tərkibi”ni məmnuniyyətlə öyrənməyə başlayır. Sonralar dayısı onun ilk müəllimi və yazmağa başladığı şeirlərin ilk tənqidçisi olur. Oster orta təhsilini Meplvudda alıb. Yay aylarında o, ofisiant işləyir, ya da o biri dayısının dükanın satıcı işləyirdi. Polun məktəbi bitirməli olduğu il valideynləri boşanır.

O, anası və kiçik bacısıyla Vikvaik rayonuna köçür. Bundan öncə isə onun həyatında bəlkə də Polu yazıçılığa aparan ilk zədə, sonradan bütün romanlarında təsadüflərə, gözlənilməzliklərə qarşı tərəddüdünə səbəb olacaq bir olay baş verir. Dostları ilə istirahət üçün getdikləri bir kampda qəfildən fırtına qopur və onlar münasib bir yerə sığınmağa çalışarkən, yaxınlığa ildırım düşür. İldırım Polun dostlarından birinin ölümünə səbəb olur. Gözləri önündə yanıb göyərən dostunun cəsədi onun yaddaşında dərin şırım açır və ömrü boyu Pol Osterin hafizəsindən silinmir.

Məktəbi bitirəndən sonra Pol Avropa səyahətinə çıxır; İtaliyaya, İspaniyaya, Fransaya və Coysa hörmət əlaməti kimi İrlandiyaya səyahət edir. Geriyə qayıdandan sonra Pol Kolumbiya universitetində ingilis, fransız və italyan ədəbiyyatı üzrə təhsilini davam etdirir. Kolumbiya universitetində magistr dərəcəsi alır. Universiteti bitirəndən sonra bir il neft tankerində işləyir. 1971-74-cü illər arasında Fransada yaşayır.

Nyu Yorka qayıtdıqdan sonra dörd nazik kitabda şeirlərini çap etdirir və özünün məşhur deyimiylə “bu şeirləri şairlərdən başqa heç kim oxumur”. Pol Osterin həyatının dönüş nöqtəsi 1979-cu ilə təsadüf edir. Həmin il onun problemli bir evliliyi, balaca bir oğlu vardı və maddi vəziyyəti çox pis idi.

Bir ilin içində o həm arvadından ayrılır, həm də bunun ardınca atası dünyasını dəyişir. Maddi və mənəvi təlatümlər içində olan Polun atasının ölümü çox qəribə şəkildə ona həm də şans gətirmiş olur. Sonradan bu hadisəni əksər romanlarının mövzusunu çevirən Osterə atasından miras kimi çoxlu pul qalır və həmin andan etibarən o bütün ömrünü yazıya həsr etmək qərarına gəlir. Artıq maddi problemləri olmayan Pol bir-birinin ardınca romanlar yazmağa başlayır.

Ənənəvi roman mövzularından kənara çıxan, fantaziyanın sərhədlərini aşan kitabları ilə qısa zamanda məşhurlaşan Oster, ilk dövrlərdə Pol Benjamin imzasıyla bir detektiv əsər də çap etdirib. Həmin əsər sonralar Pol Osterin məşhur avtobioqrafik romanı “Hand to mouth”un (“Cibində siçan oynayan”) əlavəsi kimi çap edilib.

1982-ci ildə Pol Oster “XX əsr fransız poeziyası” adlı bir antologiya tərtib edir və bu antologiyada müxtəlif illərdə fransız dilindən ingilis dilinə çevirdiyi Joan Miro, Jak Düpen, Jan Pol Sartr, Stefan Mallarme, İosif Juber, Jan Jesno və Moris Blanşonun şeirləri yer alır.

1986-90-ci illər arasında Pol Oster Priston Universitetində yazıçılıq sənətindən mühazirələr oxuyub.

Pol Oster təkcə roman yox, film ssenariləri də yazır, hətta rejissorluq təcrübəsi də var. Onun ssenarisi əsasında “Tüstü” (1995), “Lulu körpüdə” filmləri çəkilib. “Tüstü” filmində, Ueyn Uangla birgə, filmin rejissoru kimi də çalışıb.

Antimilitarist kimi tanınan romançı, One Ring Zero-nun bəstələdiyi KİNG GEORGE BLUES-da Corc Buşun siyasətini tənqid edən mahnı mətninin müəllifidir.

2006-cı ildə Pol Oster əvvəllər Günter Qrassın, Artur Millerin və Mario Vargas Lyosanın da layiq görüldüyü “Prince of Asturias” mükafatını alıb.

3.

Pol Osteri məşhurlaşdıran onun 80-ci illərdə çap etdirdiyi və ingiliscə yazılmış
Paul Auster, Salman Rushdie və Shimon Peres
Paul Auster, Salman Rushdie və Shimon Peres
“100 ən yaxşı kitab”dan biri hesab edilən “Nyu-York trilogiyası” romanı olur. Bu trilogiyaya “Şüşə şəhər” ( 1985), “ Ruhlar”( 1986) və “ Kilidli otaq”( 1986) romanları daxildir. Bu romanlar detektiv fəndlərdən istifadə edilərək yazılmış postmodern tipli, eksperimental əsərlərdi.

Həmin romanlar sıradan bir tapmacaya, müəmmaya doğru oxucunu addım-addım aparan bildiyimiz klassik detektivlərdən deyil. Pol Oster burda sadəcə detektiv əsərlərin formasından istifadə edir, bunun əsasında öz şəxsi postmodern üslubunu yaradır və bu üsulla ekzistensial problemlərə, fərdlərin, şəxsiyyətlərin eyniliyi və müxtəlifliyi barədə məsələlərə toxunur. Sonrakı bütün romanlarından keçən qızıl xətt bu trilogiyada var: öz şəxsiyyətini, onun mənasını anlamağa çalışmaq.

Dostoyevski Peterburqu, Coys Dublini, Pamuk İstanbulu necə öz ədəbi dünyasının mərkəzi edirsə, Oster də Nyu Yorku - Bruklini o cür yazır. Müsahibələrində Amerikaya olduqca maraqlı rakursdan baxan Osterin yaradıcılığından keçən qızıl xətt, təkcə onun məşhur trilogiyasında ümumiləşməyib, həm də onun bir neçə müsahibəsi var ki, bu müsahibələrdə o, bütün yaradıcılığı xarakterizə edib. Rus jurnalisti Sergey Taskla söhbətindən bəzi məqamlar xeyli maraqlıdır:

"– Müsahibələrinizin birində deyirsiniz, Amerika yer üzündə yeganə ölkədir ki, təxəyyül məhsuludur. Bəlkə bu fikrinizi izah edəsiniz?

– Amerika ideya kimi yaranıb. Başqa ölkələr öz kökləri, ənənələri, keçmişləri üzərində bərqərardır, Amerika isə həmişə gələcəklə bağlıdır. Bu ölkənin idealları onun üçün hər şeydən öndə gəlir, o bütün dünyaya hakim olmaq istəyir, amma ironiya burasındadır ki, özü heç vaxt bu ideallara sadiq olmur. Biz uzun müddər hinduları incitmişik, onları qul vəziyyətində saxlamışıq. Sonra Vətəndaş müharibəsi zamanı bir milyona yaxın adam burda, öz evimizdə həlak oldu. Amerika həmişə qanlı və ikiüzlü olub, amma bununla bərabər, qeyri-adi dərəcədə idealizmini saxlayıb. Buna görə də amerikalı olmaq çətindir. Burda yaşamaq üçün həmişə müəyyən bir tarazlıq tapmaq lazımdır”.

Bu hissədə deyilən “ikiüzlülük” Osterin bütün romanlarının ana xətti, “tarazlıq cəhdi” qəhrəmanlarının başlıca arzusudur. Onun qəhrəmanları həmişə cilddən-cildə girir, tez-tez adları dəyişir, bir neçə adam olurlar, ikiləşmək nədir, üçləşirlər, beşləşirlər.

Pol Osterin, mənim oxuduğum, bütün romanlarında onun qəhrəmanları güzgü kimi çiliklənib həm öz həyatlarına, həm də başqalarının ömrünə dağılıblar. Təbii ki, burda mən qəhrəman sözündən fikrimin ifadəsi üçün, şərti olaraq istifadə edirəm. Onun romanlarında qəhrəman yoxdur, səyahəti sevən, intellektli, hər şeyi şansa buraxan adamlar var. Bu adamların heç biri nə istədiyini bilmir - onlar postmodern dünyanın sakinləridir.

4.

Postmodern romançılığa gələn yolu üç mərhələdə ümumiləşdirmək olar:

1) Mərkəzdə tanrının olduğu və həqiqətin ancaq tanrı vasitəsilə təsbit edildiyi düşüncə forması.

2) Antroposentrist, yəni insan-mərkəzçi olan və insanı ən yüksək norma kimi qəbul edən düşüncə forması

3) Mərkəzsiz düşüncə forması.

Paul Auster (solda) və John Ashbery Brooklyn Kitab Festivalında, 2010
Paul Auster (solda) və John Ashbery Brooklyn Kitab Festivalında, 2010
Bu bəndlərdən birincisi modern öncəsi (buna pre-modern də deyilir), ikincisi modern, üçüncü isə postmodern dönəmi xarakterizə edir. Pol Osterdə mərkəzi nöqtə yoxdur.

Daha doğrusu, onun qəhrəmanları sanki diqqət mərkəzinə düşən kimi ya yerlərini dəyişirlər, ya da adlarını, libaslarını. Onun romanları parçaları müxtəlif yerlərə dağılmış hadisələrdən, insan hisslərindən ibarət pazldır.

Bu pazlın hissələrini birləşdirmək həmişə oxucuya qalır və beləliklə o, oyuna cəlb olunur, sonda isə anlayır ki, bu hissələri birləşdirmək əslində mümkün deyil. Roman elə bil özünü çağdaş insana, onun ömrünə oxşatmağa çalışır. Osterin bütün qəhrəmanları əsas bir cəhəti ilə XXI əsrin sakinlərinə, texnogen eranın insanlarına bəznəyir: Bir adam yox, bir neçə adam olmaq.

Pol Osterin məşhur trilogiyasının ilk romanı “Şüşə şəhər”də bu bölünmə qəribə şəkildə göstərilib. Bir gecə romanın baş qəhrəmanı Daniyel Kuinin telefonuna zəng gəlir və dəstəyi götürəndə “Cənab Pol Oster lazımdır“ – sözlərini eşidir. Zəng vuran adamın yazıçı Pol Osteri yox, detektiv Pol Osteri istəməsi oxucunu labirintə çəkən ilk addımdır. Burda müəllif Oster qarşımıza təkcə təhkiyəçi kimi deyil, həm də personaj kimi çıxır.

Kuin birinci telefon söhbətində zəng vurana özünün Oster olmadığını söyləsə də, növbəti zəngdə özünü “detektiv Pol Oster” kimi təqdim edir. Romanın onuncu bölümündə Kuin detektivlik bürosu sahibi Osteri tapıb ona başına gələnləri danışmaq, niyə onun kimliyinə büründüyünü açıqlamaq istəyir.

Kuin Osterin evini tapır və çay içib söhbətləşəndə məlum olur ki, bu Pol Oster əslində detektiv yox, yazıçıdır. Ailəsini Kuinlə tanış eləyən Osterin həyat yoldaşının adının İris olması da ironik bir fənddir. Çünki reallıqda Pol Osterin həyat yoldaşının adı Siridir və Oster burda sözü tərsinə çevirib (Pol Osterin yoldaşı Siri Hustvedt də romançıdır).

5.

Osterin romanlarında çoxlu aforistik ifadələr olur. Onların arasında elələri var ki, bölünmə, ikiləşmə, parçalanma və çıxılmazlığı çox gözəl ifadə edir. Yəni, Oster təkcə romanlarının ümumi strukturu ilə yox, bəzən romanlarındakı bir cümlənin içində belə öz konsepsiyasına sadiq qalır.

1) Önəmli olan - dərdlərdən uzaq durmağı bacarmaq yox, başınız dərdə girəndə bunun öhdəsindən gəlməkdir.

2) Möcüzələrin olacağına özümüzü inandırmaq üçün, görünür, hamımız qeyri-mümkün şeylərə inanırıq.

3) Şəhər həyatı budur: hər hansı bir problemin həllini bildiyini düşünməyə başlayanda, artıq o problemin mənasının qalmadığını anlayırsan.

4) Qorxu yaxşı şeydir. O bizi riskli olmağa, özümüzü ötüb keçməyə istiqamətləndirir. Özünü tam rahat hiss edən yazıçı dəyərli əsər yarada bilməz.

5) Əslində olduğumuz yerdə yox, uydurma bir situasiyadayıq. Təbiətimizdəki hansısa zəiflik ucbatından müəyyən bir vəziyyəti ehtimal edir, özümüzü onun içinə yerləşdiririk və buna görə də özümüzü eyni anda iki vəziyyət içində görürük. Bu durumdan qurtulmaq isə ikiqat çətin olur.

6) Hissələr bir aradaykən, bütöv ikən sözlərimizin onları ifadə edəcəyinə arxayındıq. Amma onlar yavaş-yavaş ayrıldı, səpələnib dağıldı, kəlmələrsə olduğu kimi qaldı, özlərini bu yeni həqiqətə uyğunlaşdıra bilmədilər. Buna görə də
Paul Auster ailəsi ilə
Paul Auster ailəsi ilə
gördüyümüz hər şey haqqında danışmağa başlayan kimi səhv edirik, təsvir etməyə çalışdığımız şeyin mahiyyətini qarışdırırıq.

7) Həyatı gözyaşlarınla mükafatlandırmaqdansa, gülüşünlə cəzalandır.

8) İnsanın ən böyük xətası sevmək yox, sevilməyə layiq olmayan birindən sevgi ummaqdır.

9) “Sənin üçün ölərəm” deyən sevgilidən soruşmaq lazımdır ki, “ sən mənim üçün öləcəksənsə, mən kimin üçün yaşayacağam?”

10) Qadınlar əvvəl kişiləri dəyişdirmək üçün çalışirlar, sonra kişilər dəyişəndə deyirlər: çox dəyişmisən, səni tanıya bilmirəm!

11) Xəyallarının arxasınca qaç, onlar axır bir gün mütləq yorulacaq.
Bu maraqlı aforizmlərin siyahısını çox uzatmaq olar, amma yəqin ki, elə bu da yetərlidir.

6.

Pol Osterin əsərləri içində ən siyasi məzmunlusu “Qaranlıqdakı adam” romanıdır. Roman Nyu-Yorka qonşu olan Vermont əyalətində qızı Miriam və nəvəsi Katya ilə yaşayan 72 yaşlı resenzist Avqust Brillin heç cür yuxuya gedə bilmədiyi bir gecənin təsviri ilə başlayır.

Brill xatirələrindən ibarət bir kitab yazmaq istəyir, lakin həmin xatirələr Avqusta əzab verir. Brill xəyalında Ouen Brik adında bir qəhrəman yaradır. Onun qəhrəmanı Ouen uşaqları doğum günlərində əyləndirən bir sənətçidir, Flora adlı bir qadınla evlidir.

Gözəl günlərin birində Oun yuxudan oyananda görür ki, o dərin bir quyunun içindədir. Xatırlamağa çalışır ki, o bura necə düşüb və bunları düşünərkən atışma səsləri eşidir. Sonra birdən kimsə quyuya bir ip atır və Oueni yuxarı çıxması üçün səsləyir.

Quyudan çıxanda o qarşısında əsgər uniformasında bir çavuş görür, özünü təqdim edən çavuş deyir ki, xam əsgərlər orduya götürüləndə sınaq üçün quyuya atılır. Ouen çavuşdan öyrənir ki, onun da rütbəsi var – onbaşı. Çavuş ona xəbər verir ki, Amerikada 4 ildən bəri vətəndaş savaşı gedir. Savaşın bitməsi isə Ouenin əlindədir. Ouen əvvəlcə bütün bunları bir zarafat kimi başa düşsə də, sonradan görür ki, nə qədər inanılmaz da olsa, bunlar doğrudur. Çavuş deyir ki, savaşın bitməsi üçün o, Blake, Black, ya da Block adlı bir yazıçını öldürməlidir. Çünki bu müharibənin ssenarisini həmin adam yazır və o adam ölməsə, müharibə bitən deyil.

Əsər bu iki paralel xəttlə - həm Brillin real dünyada Oueni yaratması, həm də Ouenin başına gələnlər şəklində davam edir. Bundan əlavə Ouenin özü də əsərin içində iki dünyada yaşayır, həm real dünya, həm də quyudan çıxarkən gördüyü və başa düşə bilmədiyi ikinci bir dünya – vətəndaş müharibəsi nəticəsində süquta uğramağın bir addımlığında olan Amerika.

Oster romanda xatirə motivinə xüsusi yer verib. Əslində bütün roman Brillin keçmişi unutmağa və düşünməməyə çalışması üstündə qurulub. Brill həm hər şeyi xatırlamaq, həm də xatırlaya-xatırlaya unutmaq istəyir.

Xatirələrdən qurtulmaq üçün beynində real dünyaya paralel bir dünya yaradır, amma bu paralel dünyanın özündə belə rahatlıq yoxdur, çünki həmin dünyada savaş gedir. Amerika özü özüylə vuruşur. Səbəbkarsa elə Brill kimi bir yazıçıdır.
Ouenin içinə düşüb başını itirdiyi dünyadakı savaşı yaradan Brill (həm də Oster) sanki ABŞ-ın İraqdakı savaşını ustalqıla Amerikanın özünə köçürür.

Amerikalıların özləriylə vuruşmasını müxtəlif səhnələrlə detallaşdıran Oster, məsələn, belə bir təcvir verir: Ouen yolda, tanımadığı bir adamdan getməli olduğu bir ünvanı soruşur və həmin adam bunun müqabilində ondan külli miqdarda pul istəyir. Oster merkantilləşmiş amerikan cəmiyyətini bu cür məqamlarla da tənqid obyektinə çevirir.

Romanda Brillin ailə münasibətləri də geniş şəkildə təsvir edilib. Ailənin nələrdən zərər gördüyünü, nəyə görə dağılmağa üz qoyduğunu Oster ən incə detallarınacan işləyib. Ailə fərdləri, heç bir günahı olmasa belə, ailənin digər fərdlərinin başıboşluğundan pis vəziyyətə düşə bilər. Burda isə Oster artıq dövlət modelinə paralel olaraq ailə modelini qoyur və sanki demək istəyir ki, ailə kiçik dövlətdi və necə ki, ailədə bir fərdin məsuliyyətsizliyi böyük fəsadlar törədir, dövlətdə də kiminsə xırda bir səhvi milyonların həyatına zərbə vurur.

7.

Pol Osterin bütün romanlarının qəhrəmanları gəzərgi, səyyah, macəraçı adamlardı. Buna görə də onun romanları pikaresk roman növünə aid edirlər. Nədir pikaresk?

Adəm-Həvva əhvalatından başlayaraq, demək olar ki, insanın dünyadakı varlığı böyük bir səyahəti xatırladır. Cənnətdən qovulub həm özlərinin, həm də hamımızın yer üzündəki yaşam macərasına start verən Adəmlə Həvvadan bu yana hamı yolçu, hər şey yoldur. Pikaresk də təxminən bu düşüncədən doğan roman növüdür.

Bu roman növü XVI əsrdə İspaniyada yaranıb. İçində çobanların həyatından bəhs edən romanla (bukolika) cəngavər romanını (şevalye) birləşdirib, dövrün sinfi ziddiyyətlərini tənqid edən roman növü kimi yaranan pikaresk romanların bilinən ilk nümunəsi “Lazarillo de Tormes”di (1554). Bu əsərin müəllifi bilinmir.
Pikaresk roman növü əsasən 3 ispan romanının çapından sonra məşhurlaşmağa başlayıb. Bunlar Mateo Alemanın “Guzman de Alfarache” (1559), Servantesin “Don Kixot” (1605) və Françisko de Quevedonun “El buscon” (1662) romanlarıdır. Bu əsərlər pikaresk roman növünün bütün xüsusiyyətlərini özündə cəmləyib: epizodiklik, birinci şəxsin dilindən olan təhkiyə, sosial tənqid, səyahət, sahib-köməkçi münasibətləri, marginal sosial statusla yanaşı, pikaronun (macərapərəstin) ana-atasının yoxluğu (ya da valideynlərinin varlığından dəqiq xəbəri olmaması), qəzaların, şansın və gözlənilmədən gələn mirasın, sərvətin həyatındakı rolu, özündənrazılıq, tez-tez çarəsiz vəziyyətlərə düşmək, yemək və mövcudluq uğrunda çabalamaq.

Bu əsas xüsusiyyətlərdən başqa pikaresk romanlarda ikinci dərəcəli də özəlliklər var ki, bunlar bəzən dəyişir.

Birincisi, bu romanlarda hadisələr dini baxış bucağından uzaq olurlar və
cəmiyyətin ehtimal etdiyi, eləcə də tətbiq elədiyi əksər şeylərə tənqidi yanaşırlar. Bu cür yanaşmanın səbəbi həqiqətin görüntüdən nə qədər fərqli olduğunu göstərməkdir.

İkincisi, pikaresk qəhrəmanlar qurtuluş üçün, həyatda qalmaq üçün bəzən qanunları pozur və sosial dəyərlərə qarşı çıxırlar. Bu bəzən onarın başqa bir obraza bürünməkləri, başqalarını aldatmaq üçün hiyləyə əl atmaları ilə bağlıdır.
Modern romanlardan sonra ədəbiyyatda geniş yayılan postmodern romanlar pikareskdə özlərinə rahat yer edə biliblər. Sürgün, evsizlik, mühacirlik duyğuları postmodernə yad deyil.

8. Pol Osterin 1989-cu ildə çap olunmuş “Ay sarayı” romanı Marko S.Foqqun həyatından bəhs edir. Foqq atasını heç görməyib, anasını isə 11 yaşında bir avtomobil qəzasında itirib və onu dayısı böyüdüb. Roman bu cümlə ilə başlayır: “İnsanların aya ilk ayaq basdıqları il idi“.

Oster elə ilk cümləndəncə, insanların bugünə qədər etdikləri ən uzun və ən həyəcanlı səyahətə işarə etməklə romanın pikaresk mexanizmini işə salır. Kolumbiya universitetində oxuyan (eynilə Pol Oster kimi), dayısı öldükdən sonra isə həyatı gözlənilməz şəkildə dəyişən Marko, keçmişini bilməyən, gələcəyi haqqında isə düşünməyən bir gəncdir. Foqqa dayısından qalan pul tükənəndə o, başlayır dayısının kitablarını satmağa.

Oster burda pikaroların həyat qarşısında zəif olsalar da, heç nəyi dərd eləməyən, işləri ümumi axara buraxan xarakterlərini bir cümlə ilə ifadə edir: “Viktor dayımın son kitablarını satandan sonra, bir müddət hətta xoşbəxt oldum deyə bilərəm“. Marko pul qazanmaq üçün işləməyə, həyatda qalmaq üçün vuruşmağa etiraz edir. Evi əlindən çıxandan sonra köhnə dostu Zimmerlə əlaqə saxlamaq istəyir, lakin məlum olur ki, dostu başqa evə köçüb.

O gün Zimmerin köhnə evindəki adamlarla tanış olur və onların məclisinə dəvət edilir. Orda Kitti Vu adlı çinli bir qızla tanış olur və sonrakı günlərdə Markonun Sentral parkdakı ac, yersiz-yurdsuz yaşadığı dönəm başlayır.

Əvvəlcə ona çox da çətin gəlməyən küçə həyatı, günlər ötdükcə ağır gəlməyə başlayır və aclıqdan ölmək üzrə olanda təsadüfən Zimmer və Kitti Vu onu küçədə tapırlar. Foqq Zimmerin evinə köçür və orda onun sağlığı yavaş-yavaş bərpa olur. Bu mənada Markonun həyat tərzi təxminən Robinzon Kruzonu xatırladır. Əgər Defonun qəhrəmanı adada bu cür yaşayırdısa, Osterin qəhrəmanı cəmiyyətin içində elə yaşayır.

Foqq dostuna yük olmamaq üçün əvvəlcə bir tərcümə işi tapır, sonra isə yaşlı, kor və əlil arabasına məhkum bir adama kitab oxumaq kimi qəribə bir işə girir. Tomas Effinq adlı bu yaşlı kişi Foqqdan yalnız ona kitab oxumasını və ətrafında gördüklərini ona danışmasını istəyir.

Sonra Foqq Effinqin əsl məqsədini öyrənir: Ona öz ölüm yazısını, nekroloqunu yazdırmaq. Effinq ona həyatının əsas məqamlarını danışmağa başladıqca, həqiqətlər bir-bir üzə çıxmağa başlayır. Məlum olur ki, o, əslində Culian Barber adlı bir rəssamdır. Birni adlı bir topoqraf və Skorsbi adlı bir bələdçi ilə Yutaha araşdırma aparmaq, təbiət rəsmlər çəkmək üçün getdikləri bir gün Skorsbi onları tərk edir və Birni qayalıqlardan yıxılıb ölür.

Effinq tənha qalır. Bu hadisədən sonra Effinq əvvəllər bir münzəvinin yaşadığı mağaraya sığınır və bir müddər burda yaşayır. Sonra Effinq Markoya mağarının sahibləri olan üç quldur geri dönəndə onları öldürüb, pullarını ələ keçirdiyini və bu pullarla Culian yerinə Tomas adıyla San Fransiskoya qayıtdığını danışır. Effinqin mağara əhvalatı da yadımıza bir çox digər əhvalatı salır.

Mağara metaforası peyğəmbərlərin, övliyaların həmişə keçdiyi mərhələlərdən biridir. İnisiasiya, yəni qəhrəmanın çətinliklərdən keçərək böyüməsinin əsas mərhələlərindən biri mağara dönəmidir. Adicə Odisseyin Siklopun mağarasındakı dönəmini, yaxud Nitsşenin Zərdüşt peyğəmbərini, Tolstoyun Sergi atasını xatırlayın.

Bu, böyümə, yenidən doğulma prosesidir. Sanki Oster demək istəyir ki, Effinq köhnə kimliyini mağarada qoyub ağzını bağlayır və yeni kimliklə yeni həyata başlayır.

Effinqlə Foqqu tanış edəndən sonra Oster həm də pikaresk romanlara xas elementlərdən birini işə salır: Sahib-köməkçi münasibətləri (Don Kixotu və Sanço Pansanı xatırlayın).

Romanda Marko S.Foqq adı da bir çox şeyə işarədir. Marko əlbəttə ki, səyyah Marko Poloya, S. - Stenli sözünün qısaltmasıdır və bu Livinqstondan sonra Afrikaya səyahət edən amerikalı jurnalistin adıdır. Foqq isə dünyanı 3 aydan qısa vaxtda dövr edən Jül Vernin məşhur qəhrəmanı Fils Foqqa işarədir.
Bir ara Fransaya getdiyini, savaş başlayanda təkrar Amerikaya qayıtdığını, zəngin bir həyat yaşayarkən birdən-birə heç vaxt üzünü görmədiyi Solomon Barber adlı oğlunun olmasından xəbər tutur, oğlunun professor olduğunu öyrənir. Solomon Barberin adı Markonun adı kimi ironikdir. “Barber” bərbər deməkdir və adının bu cür olmasına baxmayaraq, Solomon keçəl kimi təqdim edilir.

Effinqin ölümündən sonra Marko Solomona bir məktub yazır və onunla görüşür. İlk görüşlərində məlum olur ki, Barber Foqqun anası Emilini neçə illər öncədən tanıyır. Bir az sonra isə məlum olur ki, Solomon Foqqun atasıdır. Barber bu həqiqəti Foqqa xəstəxanada ölüm yatağında olanda danışır, beləliklə Markonun bu qarışıq, rəngarəng, gözlənilməz gedişlərlə dolu həyatı barəsində hər şeyi öyrənmiş oluruq.

9.

Bizdə qədim inanc var. Yeni doğulan körpə xəstələnirsə, ona, nənələrin diliylə desək, gavur adı (adətən bu, rus adı olur, əvvəllər isə hətta erməni də olub) qoyurlar ki, “xəstəlik, cin- şəyatin o uşağın canından, ruhundan gen dolansın”. Oster də yeni yaratdığı bütün qəhrəmanlarının adını tez-tez dəyişməklə, onları daim bir yerdən başqa yerə aparmaqla, elə bil bu qədim inancı təkrarlayır.

Onun daim səyahətdə olan qəhrəmanları sanki haqqında Osterin də danışmadığı, susduğu naməlum bir qüvvədən - əcəldən, taledən, fələkdən qorxur, gizlənmək üçün həmişə bir yerdən başqa yerə gedirlər.

Bütün qəhrəmanlarını bir addan başqa ada, bir cilddən başqa cildə, bir kimlikdən başqa kimliyə keçirən Oster, yəqin ki, təkcə postmodernizmin mərkəzsizlik prinsipinə sadiq qalmaq üçün belə etmir. Kim bilir, bəlkə də Oster qorxur ki, birdən onun qəhrəmanlarını ildırım vurar.

Həmçinin oxu
QİSMƏT. Nabokovun mühacirət oyunları
Cavanşir Yusifli. Postmodernist KİMDİR? (2-ci yazı)
XS
SM
MD
LG