Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:41

A.Mütəllibov Bakıya dönsə siyasətlə məşğul olmayacağını deyir


Ayaz Mütəllibov
Ayaz Mütəllibov
Moskvada yaşayan Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov bildirir ki, sabiq prezidentlərin və onun ailə üzvlərinin təminatını nəzərdə tutan qanun qüvvəyə minəndən sonra Bakıya qayıdacaq. Bu barədə Ayaz Mütəllibov noyabrın 16-da “Media forum” saytına müsahibəsində bildirib.

Hazırda həm də Sosial Demokrat Partiyasının həmsədri olan keçmiş prezident qeyd edir ki, Azərbaycana dönüb siyasi fəaliyyətlə məşğul olmaq planı yoxdur: “Heç nə planlaşdırmıram, yalnız gözləyirəm. Onu gözləyirəm ki, mənə desinlər Azərbaycana qayıdıb vətəndə yaşa, sənə dəyib toxunan olmayacaq. Azərbaycana qayıdıb ailəmi başıma yığıb oturacam evdə. Vəssalam”.

A.Mütəllibov hesab edir ki, sabiq prezidentlər haqqında qanunun qəbul olunması Azərbaycanın demokratiya istiqamətində atdığı mühüm addımdır: “Bu, referendumda xalqın səs verib qəbul etdiyi və konstitusiyada nəzərdə tutulan məsələdir. Hesab edirəm ki, eks-prezidentlərin statusunu müəyyənləşdirən qanun olmalıdır.

Burada təkcə Ayaz Mütəllibovdan söhbət getmir və bu yalnız mənə verilən status deyil. Bu, ümumi bir qanundur və o, Azərbaycan prezidenti vəzifəsini tutmuş və gələcəkdə tutacaq hər bir şəxsə aid olacaq. Bəzi adamlar məsələnin mahiyyətindən yayınmağa, bu qanunun yalnız Ayaz Mütəllibova aid olduğuna dair fikir formalaşdırmağa çalışır, məsələni şəxsi prizmadan və qərəzli şəkildə şərh edir.

Azərbaycanda eks-prezidentlərin statusunu müəyyənləşdirən qanunun qəbul olunması demokratikləşmə istiqamətində mühüm bir addımdır. Əlbəttə, həm də mənə şamil olunduğuna görə bu qanundan razıyam. Bu qanun mənim 20 ildir çəkdiyim iztirablara son qoyur”.

“Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” konstitusiya qanunu layihəsi noyabrın 15-də Milli Məclisdə üç oxunuşda qəbul olunub. Konstitusiya qanunu olduğuna görə layihə altı aydan sonra təkrar səsverməyə çıxarılacaq.

1988-1990-cı illərdə Azərbaycan Nazirlər Sovetinin sədri olan Ayaz Mütəllibov 1990-cı ilin yanvarında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikaya rəhbərlik etməyə başlayıb. Həmin ilin mayında parlamentin qərarı ilə respublika prezidenti seçilib.

1991-ci ilin sentyabrında ümumxalq səsverməsində Azərbaycan Respublikasının ilk prezidenti olub. 1992-ci ilin martında istefa verib. Həmin il mayın 14-də parlamentin qərarı ilə kürsüsünə qaytarılıb, ancaq bir gün sonra yenidən istefaya göndərilib. Bundan sonra A.Mütəllibov ölkəni tərk edərək Rusiya paytaxtı Moskvaya yollanıb. Azərbaycanda onun haqqında cinayət işləri qaldırılıb. Keçmiş prezident özü bu ittihamları rədd edir.

20 ilə yaxın Rusiya paytaxtında yaşayan Ayaz Mütəllibov yalnız ötən yay Bakıda vəfat edən oğlunun dəfn mərasimində iştirak etmək üçün Azərbaycana dönüb. O zaman verilən rəsmi məlumata görə prezident İlham Əliyevin göstərişi ilə onun oğlunun dəfnində iştirakına şərait yaradılıb və haqqında cinayət işi olsa da həbs edilməyib. Yas mərasimindən sonra isə yenidən Moskvaya dönüb.
XS
SM
MD
LG