Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:00

Sayman Aruzdan İran Azərbaycanı haqda yeni roman!


Sayman Aruz


YÜZ İL İNQİLAB

(Yeni romandan parça)

Hələ on yaşıma çatmamışdım. Atam köhnə solçulardan idi. Onun dediyinə görə, adamı uşaqlıqdan əziyyət çəkib-işləməyə öyrətməlidilər.

Ona görə də onun mağazasında işləyirdim. Boş vaxtlarımı şəhərin ən şuluq meydanı, “Jandarmeri” meydanında kitab satmaqla məşğul olardım. Atam mənə qırmızı rəngli kiçik bir əlarabası düzəltmişdi.

Arabanın qabaq hissəsində yazılmışdı: “səyyar kitabxana”. Hər gün arabanı min müsibətlə sürüb özümü “Jandarmeri” meydanına çatdırıb, kitabları yerə düzərdim. Uşaqlığıma baxmayaraq kitabları yaxşı tanıyırdım.

Şəhərin ən gizlin və siyasi kitabları, demək olar ki, məndən alınardı. Onları kiçik bir qutuya yığıb üstündə oturardım. Istəyən olan zaman isə cəld durub kitabı götürər və yenidən qutunun ağzını bağlayardım.

Öz müştərilərimi tanıyırdım. Qıraq adama kitab verməzdim. Demirəm tanış adam göndərmiş olardı, yoxsa risk edib o kitabları satmazdım.

- Marksın “Kapital”ı var?

Bu, Həjirin səsi idi. O zaman 16 -17 yaşı olardı. Kürd idi. Bunu ləhcəsindən və geyindiyi paltardan da çox rahat bilmək olardı.

Hər cürə müştərim var idi. Müxtəlif səviyyələrdə olan oxucular mənə müraciət edirdi. Dini kitabların alıcılarından tut siyası və kriminal-polisi kitabların alıcısına qədər. Uşaqlıq günlərim İran inqilabı dövründə olduğu üçün muştərilərimin çoxu dini kitabları almağa üstünlük verirdilər.

Yadıma gəlir ki, hardasa 20-25 yaşında bir oğlan gəlib həmişə İmam Xomeyninin şəkilini məndən alardı. Mən, demək olar ki, məhz onun üçün gedib İmamın şəkilini tapıb gətirib satışa qoyardım.

Hətta İmamın ölən günü həmin oğlanı gördüm ki, küçənin ortasında zarıldayaraq ağlayırdı.

Az qalırdı özünü öldürsün. Ortancıl dayım İmamdan bir neçə ay sonra müharibədə şəhid oldu. 23 yaşındaydı.

Məni hər görəndə aparıb istədiyimi alardı. Onun o mehriban qiyafəsini unutduğum gün olmayıb.

Müharibədən zəhləm gedirdi. Nəyisə itirməklə nəyəsə çatmağı bəyənmirdim. Ayrılıq ölüm deyil, amma ölüm həm ölümdür, həm də ayrılıq.

Həmişə özümdən soruşardım: “axı niyə Türk oxucuları İmamın* şəkilini və risaləsini* almağa gəlirlər, amma bunlar qadağan olunmuş kitabların alıcısıdılar?” Qabaqlar bizim məhəllədə yaşayırdılar, ona görə də ona inanırdım.

- Var.

- Neçədi?

- 150 tümən.

- Əlli tümənim çatmır!

- Canın sağ olsun. Sora gətirərsən!

Ən siyasi kitabları alardı. Yaşının azlığına baxmayaraq bu kitabları çox rahatlıqla oxuyub-başa düşə bilirdi. Kürd millətçisi idi. Kürdüstanın müxtariyyəti üçün çalışırdı. Atası “peşmərgə” deyilən bir qurupun üzvü olduğu üçün tutuqlanıb-asılmışdı. Özünü atasının yolunun davamçısı bilirdi. Mən onda çox uşaq idim. Hələ bu şeyləri başa düşmürdüm. Mənə atasından və arzularından danışmışdı. Mən ona “müharibə ilə nəyəsə çatmaq olmaz” sözünü deyəndə, o cavab verərdi:

- Müharibə azadlığa aparıb çatdırmasa da, azad insan yarada bilər!

Bu sözün mənasını atamdan soruşmuşdum. Atamın fikricə: “müharibə hansısa bir yerə aparıb-çatdıra bilər, amma hər hansı bir azadlığın yolu müharibədən keçirsə, o yolun sonu elə diktatoraya gəlib çıxacaq. Yəni kimlərsə də səndən qurtulmaq üçün səninlə müharibə aparacaqlar. Güclü olmaqla müharibənin fərqi var!”

Doğrusu, atamı haqlı bilirdim. Nəsə ürəyimdə “Həjir düz eləmir” deyirdi. Məncə nə qədər ki, əlindəki ağacla iti döyməmisən, o ağacın nə qədər təhlükəli olduğunu bilmədiyi üçün səndən qorxacaq. Amma döyəndən sonra o ağacın nə qədər ağrıdacağını bilib səndən qorxmayacaq!

Saat heç səhər 05:00 olmazdı. Həyətimizin qapısı çox şiddətlə döyülürdü. Hamımız yuxudan diksinib həyətə qaçdıq. Qapını mən açdım. Çox təəccübləndim. Həjirin anası idi. Çox gərgin görünürdü. Bütün bədəni əsirdi. Tələsdiyindən çadrasını başayaq örtmüşdü. Dedi:

- Atan evdə?

Səsində qorxu və kədərin qarışığı olan bir hiss var idi.

- Hə...burdadı...indi gələr...ataaa!

- Gəldiiim. Kimdi?

- Həjirin anası.

- Kim?

Atam sanki bu sözü eşidəndə bir az şok oldu. Gecənin bu vaxtı, Həjirin anası!

- Salam əleyküm. Bə qapıda niyə? Buyurun içəriyə. Nə olub gecənin bu vaxtı buraya gəlibsiz?

Atam əliylə şalvarını düzəldə-düzəldə danışırdı. O qədər tələsmişdi ki, şalvarının kəmərini bağlamağa vaxtı olmamışdı.

- Həjiri tutublar... qorxdum evimizi axtaralar... kitabları buraya gətirdim...

Qadın başı ilə biraz o tərəfdə olan qutuya işarə eliyib sızıldıya-sızıldıya davam elədi:

- Ərimi də belənçi şeylərə görə öldürdülər...bu kitabları sənin oğlundan alıb... özü bunu dedi.

Atam bir kitablara baxdı, bir mənə.

- Yaxşı narahat olmayın...çəkilin oyana...icazə verin...

Və gedib qutunu götürüb içəriyə gətirdi. Qoydu həyət qapısının arxasına. Sonra da Həjirin anasından soruşdu:

- Indi nə olacaq? Haçan tutublar?

Qadın gözünün yaşını astaca sildi. Tam məlum idi ki, çalışır səsi titrəməsin.

- Axşam üstü mənə xəbərin verdilər. Xiyabandan tutub aparıblar. Siz onun atasının
başına gələni bilirsiz. Qorxuram o da...

Davam eliyə bilmədi. Ürəyinin döyüntüsünü sinəsinin üstündən görmək olurdu. Meyit kimi ağarmışdı. Atam onun bu vəziyyətini görüb mənə dedi ki, ona su gətirim. Qadın suyu içib-durub getdi. Biz qaldıq və bir qutu yasaq kitab. Həmin gecə o kitabları həyətimizdəki kiçik bağçada quyladıq. Mən sonralar da həmin bağçaya bir müqəddəs yer kimi baxırdım.

Elə bilirdim orada nəsə olacaq, nəsə qeyri-adi bir şey göyərəcək. Atam həmişə deyərdi: “kitabın quylandığı yerdən inqilab göyərər!” mən ondan inqilabın nə olduğunu soruşanda cavab verərdi: “Oğlum, inqilab millətin dirçəlişə doğru üsyanının son həddidir! Amma bu həmişə də millətin könlücə olmur. Yüz il inqilab etdik, üsyan etdik, amma xalqın inqilabını xalqdan alıb onun öz başına çaldılar. Bunun səbəblərini sənin kimi uşaqlar böyüyüb-araşdırmalıdılar.”

Bir neçə ay sonra bildik ki, Həjir asılacaq. Gözləyirdilər onun 18 yaşı tamam olsun və sonra assınlar. Onun cürmü ölkənin bütövlüyünə qarşı silahlı mübarizə aparmaq idi. O asılan günü heç unutmaram. Məktəbdəydik.

Məktəbin bütün uşaqlarını həyətdə bir sıraya yığıb dedilər ki, bir məhbusun məktubunu sizə oxuyacağıq. Guya Həjir tövbənamə yazıb göndərmişdi. Bizlər isə onu eşidib-dərs almalıydıq. Məktubu məktəbin direktoru oxudu. Indi də qulağımdadı. Həjir səhv elədiyini etiraf etmişdi.

Bütün məktub boyu peşmançılıq hiss ilə dolu cümlələr idi. Mən Həjiri yaxından tanıyırdım. Bu cümlələr onun deyildi. Yalnız bir neçə cümlə o məktubun içində diqqətimi çəkdi, bildim ki yalnız bu söz onun sözüdü: “Ata, ən yaxın zamanda sənə qovuşacam! Anamın təkliyinə and olsun əlimdən gələni elədim!” Həjirin o məsum gözləri gözümün önundə canlandı. Inqilabçıdan çox bir sülhsevər filosof kimi danışardı. Yaman kövrəlmişdim.

Direktor məktubu oxuya-oxuya ətrafımdaki uşaqları görürdüm ki, sıxıla-sıxıla ağlayırlar. Demək olar hamı ağlayırdı. “Uşaqlar, mən azadlıq üçün döyüşdüm və indi də zindanda ölüm günümü gözləyirəm. Mən indi bilirəm ki, insan oxuduğu kitablar qədər azaddı, ideologiyasının böyüklüyü qədər böyükdü. Mən bu gün dar ağacından asılacam, amma kitablar və ideologiyalar həmişə olacaqlar.”

O gün nə qədər ağladığımı bir allah bilir. Sel kimi gözümdən yaş gedirdi. Onun o yaralı və mənalı məktubu hamını ağlatmışdı. Ən dəhşətlisi odur ki, məktubu oxuyandan sonra bizi avtobuslara yığıb onun və iki başqa adamın asılma mərasiminə baxmağa apardılar. Sulduzun “Serahi” deyilən bir yerində, daha doğrusu şəhərdən bir az qıraqda, açıq bir meydanda asılacaydı. Çox adam o edamın baxmağına gəlmişdi.

Edam mərasimində dəfələrcə olmuşdum. O cəmiyyəti görəndə özümlə fikirləşirdi ki, “ axı niyə insanların ölümünə baxmağa hamı gəlir, amma ehtiyac olanda biri də tapılmır?!” Meydanın ortasında üç dar ağacı düzətmişdilər. Elə bil dünən idi. O üç nəfəri gətirəndə bütün cəmiyyət vəlvələyə gəldi. Bir çoxları onların asılmağından sevinirdi. Axı dolayı yolnan baxanda, onları İranın parçalanmasına deyil, Azərbaycanın ərazisinə iddialı adamlar kimi düzəldiblər.

Ona görə də cəmiyyət Həjiri və dostlarını hoya basırdı. Həjir sakit görünürdü, amma dostlarının biri demək olar ki, asılmaqdan öncə ölmüşdü. Ikincisi isə tükləri biz-biz durmuşdu. Məlum idi ki, ölüm qorxusundan ölüm halına düşüb! Üzü mənə tanış gəldi. Bir az da diqqətlə baxdım. Aha! Yadıma düşdü, bir neçə ay qabaq Sulduzun kürdlər məhəlləsi deyilən bir yerində dondurma yeməyə getmişdim. Axşam vaxtları idi, bir neçə kürd də oturmuşdular “paludə” deyilən bir desert yeyirdilər.

Fikrim uşaqlıq aləmində gəzirdi. Ancaq o kişilər qabağımdaki mizdə oturmuşdular – deyə gözüm onlara sataşırdı. Kürdlərə məxsus olan və olduqca gen bir paltar geyinmişdilər. Paltarın altındaki silahları hiss olunurdu. Deserti yeyib pulu vermədən getmək istədilər. Mağaza sahibi onlara etiraz edib “pulumu verin” dedi. Onlar isə çox rahatlıqla silahlarını çıxarıb mağazanı gülləyə bağladılar.

Dedilər:”Bu da pulun” və çıxıb-getdilər. O gün çox qorxmuşdum. Belənçi şeylərə görə kürdlər məhəlləsinə lazım olmayanda getməzdik. Bu hadisələri Həjirə deyəndə, o həmişə özünə filosof qiyafəsi tutub deyərdi: ”Biz kürd millətinin azadlığı uğrunda döyüşürük, silahi isə yalnız düşmənə tuşlayarıq. O silahlı kürdlər bizdən deyillər, İranın satqınlarıdılar.”

Onları təpiklə də olsa, dara tərəf aparıb ipi boyunlarına saldılar. Məhkəmənin hökmünu oxuyub və göyə qaldırdılar. Həjir azadlığı və ideologiyaları ilə birlikdə öldü. Cəmiyyəti fişqa səsi götürmüşdü. Bir nəfər dedi: “Üç kürd azaldı!”. Dostu isə cavabında dedi: “O qədər çoxdular ki, yüz-yüz assan da bitməzlər.” Haqlı idi. Kürdlərdə bir neçə arvad alıb, sonra isə hərəsindən bir neçə uşaq olması adı bir hal idi.

Ona görə də sayları olduqca sürətlə çoxalırdı. Kürdlər “hər ailədən bir uşaq vətənə qurban verilməlidir” şuari ilə uşaq doğardılar. Polislərin biri mikrofonun arxasına keçib cəmiyyətə xitab elədi: “Ay camaat, kimin nə kəffarəsi* var tullasın!”. Hərə əlini cibinə salıb dəmir puldan-zaddan çıxarıb Həjirgil tərəf tulladı. Mən də o zamanın pulu iki tümən çıxarıb tulladım. Çox təsadüfi şəkildə pul gedib düz Həjirin üzünə dəydi. Mən indi də bunun sirrində qalmışam: “Mənim pulum necə oldu ki, onun üzünə dəydi. Axı mən o qədər də sürətli atmamışdım!”

Evə qayıdanda, atama gün ərzində olanları təriflədim. O kişilərin sözünü də təkrarladım. Atam əlini başıma çəkib dedi: “ Oğlum, Həjir bizim millətimizin düşməni idi. Amma ziyalı və ağıllı bir düşmən idi. Hörmətin saxla... yadında olsun ki, diktator Türk və Kürdə eyni gözlə baxır!”. Atama pulu onun üzünə çırpdığımı deyə bilmədim. Həjirin hörmətini edam günü saxlaya bilməsəm də, kitabları bağçada və sözlərini isə beynimdə saxlamışam!

***

Ən sevdiyimiz işlərdən biri, gedib Cabbar və Bağdagülə baxmaq idi. Cabbar və Bağdagül ər-arvad idilər.

Şəhərin tanınmış dəliləri. Cabbar vaxtiylə xan olubmuş. Özünün neçə parça kəndi və hektarlarla əkin sahələri olub. Eşitdiyimə görə uşaqları da olub, amma hökumət Cabbarın torpaqlarını alandan və onu dəli elədikdən sonra həm arvadı və həm də uşaqları onu tərk etmişdilər.

Bağdagül elə anadan gəlmə ağlı naqis olub. Cabbar tək olmasın - deyə onları evləndirmişdilər. Bu iş həm allaha xoş gedirdi, həm də Cabbara! Hər axşam gəlib küçəmizin başında dayanıb bağıra-bağıra hökməti söyməyə başlayardılar. Cabbar söyərdi, Bağdagül isə başını tovlayıb, Cabbarın sözlərini “həyə, həyə” deyərək təid eliyərdi. Cabbar sol əli ilə çöqənini və sağ əli ilə də Bağdagülün əlindən yapışardı. Mən o səhnəni görüb Raziyənin əlindən yapışardım:

- Raziyə?

- Hə

- Mən Cabbar olsaydım, sən mənnən evlənərdin?

Təəccüb və sual dolu baxışlarla üzümə baxıb-deyərdi:

- Hə... amma səndə məni heç vaxt tək qoyma... yaxşı?

Elə bil dünyanı mənə verirdilər.Əlini uşaqlıq aləmində sıxıb Cabbarla Bağdagülə göz tikərdim.

Fəlsəfənin və hikmətin nə olduğunu bilirəm. Hətta bir çox şeylərin barəsində bir romanlıq fəlsəfə uydura bilərəm. Amma çox hadisələr var ki, onların nə hikməti və nə fəlsəfəsini başa düşə bilmirəm. Bəlkə heç başa düşmək də lazım deyil. Mən mühitin məhsulu olaraq, yarı dindar və yarı materialist olduğum üçün şəraitlə heç vaxt tam razılaşa bilmirdim.

Raziyənin gözləri bağlı idi. Əllərini isə arxadan bağlayıb oturacaqda oturtmuşdular. Xanım Feyzi əl-qolunu ölçə-ölçə danışırdı. Məlum idi ki, onu hədələyir. Raziyə sakit
görünürdü.

- Salam!

- Salam Seyid.

- Nəyəsə etiraf edib?

- Yox Seyid. Gönü qalındı. Amma eybi yox. Dilə gələcək gec-tez...

Raziyə döyunca döyülmüşdü. Bunu onun qanamış və qızarmış üzündən bilmək olardı.Özüm bilərəkdən bir az gec gəldim ki, onu döyməyəm və döyülməyini görməyəm. Otağın dibindəki mizin üstündə işgəncə alətləri var idi. Anlıma soyuq tər oturdu. Ürəyimdə bu qəhbə Feyzini söyürdüm.

Şah dövründə tanınmış fahişə idi. Kafelərdə ən səviyyəsiz mahnıları oxuyub, keflilərin gucağında böyümüşdü.

Bir çox adamları bədbaxt eliyib, ailələrini dağıtmışdı. Deyirlər hətta vaxtilə qadın alveriylə də məşğul olardı. Inqilabdan sonra isə tövbə eləyib adamları günahkar olduqlarına etiraf etdirməklə məşğul olub. Keçmişini unuda bilərsən, amma başqasına bunu unutdura bilməzsən. Ona görə də bu qadının düşmənləri olduqca çox idi. Eşitdiyimə görə, inqilabın represiya dövründə öz ərini solçu olduğu üçün İranın milli təhlükəsizlik orqanlarına satmışdı.

O dövrdə kim bir nəfəri dövlətə satsaydı, ona həm iş verərdilər, həm də özünü hər hansı bir günahına görə güllələməzdilər. Bir çox solçular bu yol ilə öz canlarını götürüb Avropaya qaçmışdılar. Feyzinin ərini güllələmişdilər. Yenə də eşitdiyimə görə əri çox savadlı bir insan olmuşdu. Elə inqilabın əsasını qoyan insanlardan biri idi. “İnqilab öz balasının başını yeyər” sözü, bu ailəyə tam uyğun idi.

Məncə inqilab yalnız öz balasının başını yeməz, bəlkə həmi də özünə ögey balalar da seçər. Xalqın içindən olan, amma millətə heç bir aidiyyatı olmayan ögeyləri. Xanım Feyzi indi elə İslamdan və Allahdan danışır ki, bilməyən elə bilər imam balasıdı. Fahişənin içdiyi and, tülkünün yuxusuna bənzəyər. Nə dərin olar, nə də inandırıcı.

Bir neçə addım qabağa getdim. Raziyənin başının üstünə çatdım. Bir an gözüm qaraldı. Gucaqlamaq istədim. Etiraf eləmək istədim ki, Raziyə günah səndə deyil məndədi, amma balalarım gözümün qabağına gəldi. Hacının o murdar süfəti həmişə gözümün qabağındaydı. İyləmək istədim Raziyəni. Uşaqlıqda çox bu işi görmüşdüm. Onun bədəninin həmişə özünəməxsus iyi olardı. O iyin heyranıydım. Amma mənlə onun arasında olan fasilə o iyi hiss etməyimə qoymadı.

- Seyid, neynirsiz?

- Heç.. heç...

Fahişə Feyzi şübhələnə bilərdi. Axı onun kimilərin burnu yaxşı işləyər. Elə iyi çəkməkdən ötrü buraya tullamışdılar onu. Dərindən bir nəfəs alıb Raziyəyə dedim:

- Raziyə xanım! Sənin böyüdüyün məhəlləni yaxşı tanıyıram. Atanı da yaxşı tanıyıram.
Çox mədəni bir ailədə böyümüsən. Özün ali təhsilli bir xanımsan. Istədiyimizi elə. Biz özümüz də istəmirik sənə hörmətsizlik eliyək.

Raziyənin danışmağa halı yox idi. Başı sinəsinin üstünə düşmüşdü. Başını dik tutmaya çalışdı.

- Məni və ailəmi tanıyırsansa bilirsən ki, mənim heç bir günahım yoxdu.
Səsinə qurban olum Raziyə! Elə sızıldaya-sızıldaya bu sözü dedi ki, ürəyim parçalandı.
Xanım Feyzi gedib mizin üstündən kəlbətini gətirib mənə dedi:

- Yaxşı ki gəldiz, Seyid. Bir-iki dırnağı çəkilsə huşu başına gələr.

Və kəlbətini mənə tərəf uzatdı. Əslində mənim şərəfimi sınağa çəkdi. Bilmirəm alın yazıdı, yoxsa öz elədiklərimdi başıma gəlir. Ata-babalarımız adı özləri qazanardı və alın yazıların da özləri yazardılar.

Əlim əsirdi. Çalışırdım xanım Feyzi bunu hiss etməsin amma bilirdim ki, o bunu hiss edəcək. Kəlbətini əlimə aldım. Kəlbətin əlimdə kələfçəyə dönmüşdü sankı, qurumuşdum. Xanım Feyzi Raziyənin ayaqlarını oturacağa bağladı və başbarmağını iki barmağıyla ayırıb mənə dedi:

- Yallah Seyid! Gəl bu bülbülü oxutduraq!

Həyətimizdəki gilas ağacına həmişə bülbüllər qonardılar. Bir dəfə onların birini daşla yerə salmışdım. Elə bu işimə görə də Raziyə bir həftə mənimlə danışmadı.

Raziyəyə tərəf hərəkət elədim. Kəlbətini əlimdə elə sıxmışdım ki, az qala ətimə girəcəydi. Bir tərəfdən uşaqlıq sevgilim Raziyə və şərəfim, başqa tərəfdən isə işim və ailəm. Özüm bilirdim ki, sonunda hansınısa seçməliyəm.

- Baş barmağından başla Seyid!

Dilimin altında söyə-söyə kəlbətini Raziyənin başbarmağına tərəf apardım. Gərək kəlbətinlə dırnağından yapışıb var gücümlə çəkib çıxarardım.birinci dəfəm deyildi, amma bu tamamiylə fərqli bir şey idi. Kəlbətinlə dırnağından yapışdım. Raziyəyə baxdım. Nəfəs-nəfəs vururdu. Dilinin altında nəsə deyirdi, amma başa düşmürdüm nə deyir. Ürəyim qan ağlayırdı. Əclaf idim. Olmasaydım, burda neynirdim. Bir əlimlə Raziyənin ayağından yapışdım və gözümü yumub çəkdim. Raziyə ürəkdən Ana - deyərək çığırdı. Dırnağın yerindən qan axırdı. Bir dırnağa baxdım, bir xanım Feyziyə. Feyzinin üzündə bir razılıq əlaməti var idi. Raziyə ağlayıb sızıldayırdı. Yadıma gəldi ki, uşaqlıqda anası onu döydüyünə görə acığımdan evlərinin şüşələrini daşa bağlamışdım. Indi biri lazim idi məni daşa bağlasın. Xanım Feyzinin bağırtısıyla özümə gəldim:

- Hə...? ağrısı var? Hələ bu harasıdı, bütün barmaqlarını çəkəcəyik. Danış görüm...danış...

Raziyənin saçlarından yapışmışdı və silkələyərək onu hədələyirdi. Raziyə özünə bürünmək istəyirdi amma əl-qolu bağlı olduğundan çox dəhşətli şəkildə zarıldayırdı.

- Mənim günahım yoxdu...axı mən neynəmişəm belə eliyirsiiiiz?

- Pan Türklərə gedib qoşulubsan. Hələ deyirsən neynəmişəm? Olar kafərdilər baaa.
Sənin kimi qəhbələrdən çox gəlib bura gedib. Hələ darıxma...!

Içim ağlayırdı. Raziyənin bu gününü görməməliydim. Bu Feyzi fahişədə lap yırtıcı heyvan kimi onun üstünə düşmüşdü. Raziyə qırıx-qırıx dedi:

- Axı Türk nədi... pan nədi? Mən... mən Türkəm amma... pan deyiləm. Bəs siz...bəs siz nəsiz? Türk deyilsiz?

Türküydük! Bu sözlə Feyzinin yaralı yerinə toxundu. Raziyə hələ bilmirdi ki, satılmış insanın milliyyəti olmaz. Millət anlamını insanın ruhu daşıyar, cismi yox. Bunu kitablardan oxumuşdum.

- Görürsən? Görürsən Seyid? Hələ bizə dərs öyrədir bu qəhbə! Gəl Seyid, gəl ikinci barmağını çək adam olsun!

İkinci barmağını çəkəndə Raziyə huşdan getdi. Artıq dözə bilmədim....
XS
SM
MD
LG