Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:40

Jalə. O il


O il...

II Qismətin bioqrafiyasında məktəbə getdiyi ili gördüm…

sən məktəbə gedən il
yadındamı nələr olmuşdu?
il utana-utana,
qızara-qızara
başlamışdı..

Daşaltıda daş atda qalmışdı
daş kimi oğlanlar..
Xocalı adını tarixə yazmışdı..

körpələrin Allaha dikilən gözləri donmuşdu
“axı niyə?” sualı ilə..
bu onların ilk..
…son üsyanı olmuşdu…

yadındamı nələr olmuşdu…?

“ayyy Laçın” inildəməyə,
“Şuşaam” hönkürməyə başlamışdıq
dayanmadan…

sonra
həmin yay
bütün Ağdərəni almışdıq..

bacılığım S. ilə evdən qaçıb
müharibəyə getmək planı tökmüşdük..
amma
bir gün gəldi ki, qorxuram,
anam məni öldürər…
mən də: “məni də…” demişdim…

həə, dostum,
sən məktəbə gedən il
biz anamızdan qorxurduq,
müharibədən deyil…

o yay bircə adama inanırdıq – Şəmistana,
o yay bütün evlərdə
qələbə televizorları vardı…
sən o vaxt baxardınmı televizora?

bizim qəsəbənin yanından
tanklar keçərdi üzü qələbəyə…
S. anasının gözündən yayınıb
hava öpüşləri göndərərdi eyvandan
PDM-lərin üstündə köynəksiz oturmuş
qapqara oğlanlara…
müharibədən əvvəl sarı oğlanları sevərdi o…

Çingiz ölmüşdü həmin yay həm də,
yüzlərlə uşağı jurnalist olmağa həvəsləndirib…

heç yadımdan çıxmaz,
həmin il ilk sevgi məktubumu almışdım,
“səni ürə-kdən sevirəm” yazmışdı biri
“bisavad” deyib inanmamışdım…
düz yazanların
həm də düz danışdığına əmindim
sən məktəbə gedən il…

əllər üstündə bir prezident gəlmişdi
bir il sonra əllər üstündə də
onu kəndinə aparacaqdılar,
səni əlindən tutub ikiyə…

beləə..

demək,
dünyanı öyrənməyə
həmin o
sevgi və qan,
böyük zamanlar və kiçik an
ilində
başlayıbmışsan…

Çoxmu qalıb hələ?
XS
SM
MD
LG