Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:34

Rusiyada yeni seçki «müşahidəçisi»


Arxiv foto.
Arxiv foto.

-Rusiyada seçki pozuntuları artıq heç kəsi təəccübləndirmir: laqeydlik, bunun ardınca da cəzasızlıq müşahidə olunur.

Amma dekabrın 4-də keçiriləcək parlament seçkisi ərəfəsində hakim «Vahid Rusiya» partiyası əsl seçkidə texnoloji inqilab adlana biləcək bir fenomenlə üz-üzə qalıb: daha pozuntuları gizlətmək olmur, hərənin cibində bir telefon var, hər şeyi şəkib internetə yterləşdirərək hakim partiya təmsilçilərini pərt edirlər.

Bu yaxınlarda İjevsk şəhər meri Denis V. Agashin də həmin pərt olanlar sırasına qoşulub.

Mer şəhərdəki veteranları başına yığıb deyir ki, əgər baş nazir Vladimir Putinin rəhbərlik etdiyi «Vahid Rusiya» partiyasına daha çox səs verilməsə, veteranlara verilən maliyyə kəsilə bilər: «Belə olan halda, aydındır ki, o insanlar heç kəsə gərəkli deyil».

Kimsə də merin bu hədələrini telefonu ilə yazıb və YouTube-da yerləşdirib.
BU VİDEO ƏMƏLLİ-BAŞLI REZONANS YARATDI

və merin vəzifədən azad edilməsi çağırışlarına səbəb oldu. Keçən həftə məhkəmə hökmü ilə o, seçki pozuntusuna yol verdiyi üçün günahkar elan edildi və cərimələndi.
Onun rəqibləri isə daha sərt intizam tədbirləri görülməsini tələb edirlər.
Bu, Rusiyada seçki cinayətlərinə qarşı kiçik bir qələbə idi ki, yeni bir seçki monitorinqinin yayılma potensialına yol açdı: smartfonlar, rəqəmli səsyazma qurğuları və kameralarla silahlanmış sadə vətəndaşlar.
Belə bir fəaliyyət Vahid Rusiya üçün əlverişsiz bir vəziyyətdə ortaya çıxıb.
Bloqqerlərin Vahid Rusiya üçün müəyyənləşdirdiyi «Dələduzlar və oğrular partiyası» şüarı internet dünyasında o qədər məşhurdur ki, artıq Google-da partiyanın adını axtarışa verəndə həmin şüar da ən çox axtarılan söz kimi ekrana çıxır.
PUTİN FİTƏ BASILIB
Sərhədləri aşan virtual tənqid artıq real dünyanı öz ağuşuna alıb. Keçən həftə bir idman yarışında rusiyalı qalibi təbrik üçün meydana çıxan Putin milli televiziya ilə canlı yayım gedərkən fitə basıldı. Bu olayın montaj edilməmiş görüntüsü bloqosfreada tezliklə populyarlaşdı.


«Qolos» müstəqil seçki monitorinq qrupunun rəhbəri Grigory Melkonyants bunu deyir: «Bu cür videoların sayəsində vətəndaşlar görürlər ki, onlar hakimiyyətə necəsə təsir göstərə bilirlər. Bu, hakimiyyəti təzyiq altında saxlamaq üçün bir alətə çevrilir».
Melkonyants deyir ki, o, bu cür video və ya digər media vasitələrilə seçki pozuntularının xülasəsini hazırlayıb. «Qolos»-un internet saytına vətəndaşlar hər hansı şikayətlərini yollaya bilirlər. 2000 müraciətdən təxminən 100-ü video-sübutdur, qalanları isə audio və fotolardır.
«VAHİD RUSİYA» TƏKLƏNİR?
Videolardan birində Murmanskda seçki məmurları "Vahid Rusiya" üçün səs verən hər adama 50 dollar pul vəd etdiyi görünür. Digərində "Vahid Rusiya"nın plakatlarını əlində tutan bir qrup gəncin müxalifətin seçki kampaniyasına müdaxilə etdiyinə şahid oluruq.
Novokuznetskin meri videolardan birində yerli iş adamları qarşısında çıxış edərkən deyir ki, «öz işçilərinizlə elə işləyin ki, Vahid Rusiyaya uğurlu nəticə üçün zəmanət əldə edək». Keçmiş seçkilərdə də işçilərin müdirlər tərəfindən seçkidə təzyiqə məruz qalmasına dair şikayətlər eşidilmişdi.
Son günlər internetdə ən çox müzakirə olunan videolardan biri isə Krasnoyarskdan olan 15 yaşlı Matvei K. Tsivinyukla bağlıdır. O, məktəblərinin dəhlizində Vahid Rusiyanın posterini çırandan sonra direktorun yanına çağırılır. Şagird direktorla söhbətini gizlincə yazır.

LENİNİN BİOQRAFİYASI...

Şagird Vahid Rusiyanın bu cür siyasi kampaniyasını qanunsuz adlandırır, o deyir ki, məktəbdə niyə başqa siyasi partiyaların təşviqat materialları yoxdur və birtərəfli təbliğat aparılır. Buna cavab olaraq Aleksandra Pronina kimi təqdim edilən direktor isə qəzəblənib özündən çıxır:
«Sən bir neçə plakatı artıq dağıtmısan. Sən bir də belə etsən, polis çağıracağam. Leninin bioqrafiyasını get oxu. O, məktəbliykən rəhbərliyin sözünə baxmayanda məktəbdən qovmuşdular».


Bu video-söhbət elə məşhurlaşdı ki, bəzi KİV-lər onu müzakirəyə çıxardı. Yerli qubernator müavini buna cavab olaraq «Ria-Novosti»-yə bildirib ki, məktəb direktorunun bu hərəkəti «lazımsız» idi. O eyni zamanda şagirdin də etirazını tənqid etdi.
Bu videonun yayılmasından bir neçə gün sonra məktəbdə seçkiyə gedən hər bir siyasi partiyanın posteri asıldı.
Təzyiq altında olan Vahid Rusiya Partiyası da öz seçki kampaniyasını seçki pozuntularını tənqid etməklə başlayıb, amma onlar rəqiblərini hədəf götürərək.
Hakimiyyət tərəfdarı olan «Naşi» gənclər qrupu söz verib ki, seçki vaxtı üzləşdikləri bütün pozuntu və təxribatları rəsmi orqanlara çatdıracaqlar. Bu barədə onların saytında yerləşdirilən bəyanatda qeyd olunur:
«Biz icazə vermərik ki, təxribatçılar «Vahid Rusiya»ya xalqın dəstəyini şübhə altına alsınlar», «Naşi» rəhbəri Maria Kislitsyna bəyanatda deyir.
«Vahid Rusiya» özü də bir veb səhifə yaradıb ki, istifadəçilər seçki pozuntularına dair şikayətlərini yollaya bilsinlər.
Burda artıq şikayətlərə rast gəlmək olar. Məsələn, Kommunist Partiyası bəzi şəhərlərdə nəzərdə tutulmuş sahələrdən kənarda təşviqat materialları yerləşdirməkdə ittiham edilir. Digər partiyalar isə səsvermə müqabilində saat, ətir, kartof, sabun təklif etməkdə günahlandırılır.
Saytda seçkiyə qatılan bütün partiyaların əleyhinə şikayətlər qəbul olunur – bircə "Vahid Rusiya" istisnadır.
XS
SM
MD
LG