Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:44

Aytən Nəsibbəyli. Nağıl


Bir uşaq düşün
Anasız
Daha ana laylası eşitməmiş
Anasını laylalara gömmüş
Yetim bir uşaq düşün.
Bəlkə neçə dəfə
əlindən tutub
qaçmısan da onunla
xəyalında
dünyanın
bilmirəm, hardasa var olduğu söylənilən
olmazların olduğu
limansız,
sahilsiz
o itmiş şəhərinə.
Röyalar sehriylə
Bir nağıl yaşamısan
Bəlkə də uydurmusan
Hə, uydurmusan
Uşaq vaxtı
Nənənin sənə
Uydurub söylədiyi
O gülməli nağıllar kimi.
“Sonda padşah
Gözəl kəndli qızını alır.
Kasıb
Amma ağıllı kəndli
Padşah olur.”
Nə yaxşıydı uşaq olmaq
Uşaq olub özünü
Nağıl qəhrəmanı bilmək.
Qırx otaqlı saray və sən.
Və oyanmaq
Və son
Nağılsız
Üç almasız
Sehrsiz bir
Son.
Sənin sonun !
XS
SM
MD
LG