Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 14:40

İnternet TV-lərin lisenziyalaşdırılması təklifi hökumətə etirazlara səbəb olub


Mütəxəssislər internetlə bağlı narahatdırlar
Gözlə

No media source currently available

0:00 0:02:17 0:00
Direct-ə keçid

İnternetdə yayımlanan TV-lərin lisenziyalaşdırılması barədə mütəxəssislərin müzakirəsi

-
«Azərbaycanda internet azaddır, ona heç bir məhdudiyyət yoxdur. Bu bir də onu göstərir ki, biz mətbuat azadlığına çox böyük diqqət veririk və mətbuat azadlığı Azərbaycanda tam şəkildə tətbiq olunur».

Bunu prezident İlham Əliyev bu ilin iyulunda hökumətin iclasında deyib.

Bu çıxışdan bir neçə ay sonra isə internetdə yayımlanan televiziyaların lisenziyalaşdırılması məsələsi ortaya çıxdı. Dekabrın 5-də nazir Əli Abbasov jurnalistlərə bildirib ki, Milli Televiziya və Radio Şurası internetdə yayımlanan TV-lərin lisenziyalaşdırılması məsələsinə baxa bilər.

«İNTERNET XARİCİ DİLLƏRDƏ PROQRAM YAYAN MƏKANA ÇEVRİLİB»

Nazirin dediyinə görə, buna ehtiyac yaranmasına səbəb internet TV-lərdə yerli yayımçıların xarici dillərdə proqramlar yaymasıdır.

Mütəxəssislər isə internet üzərindən audio və video materiallar yayımlamaq fəaliyyətini lisenziyalaşdırmaq istəyini ölkədə ifadə azadlığına yeni və ciddi təhlükə sayırlar. Media Hüququ İnstitutu bu barədə bəyanat da yayıb. İnstitutun rəhbəri Rəşid Hacılı deyir ki, lisenziyalaşdırma işini həyata keçirmək üçün ortalıqda heç bir əsas da yoxdur:

«Çox qorxulu bir təklifdir. İnternet üzərindən yayımlar hökumət nəzarətindən kənardadır deyə, orada az-çox ifadə azadlığı, xüsusilə də ictimai-siyasi mövzularda istədiyini yaymaq imkanı var. Belə bir nəzarətin qoyulması isə bu imkanların xeyli daraldılması qorxusunu yaradır».

Rəşid Hacılı
Rəşid Hacılı
«BU, YOLVERİLMƏZDİR»

Rəşid Hacılı deyir ki, ölkədə internetlin dil və məzmun problemindən daha vacib və aktual məsələ onun texniki tənzimlənməsi ilə bağlıdır. Başqa sözlə, Rəşid Hacılıya görə, hökumət hər şeydən öncə internetin hər kəs üçün çatımlı olmasını təmin etməlidir.

Media məsələləri üzrə müstəqil araşdırmaçı, hüquqşünas Ələsgər Məmmədli də internet yayımın hüquqi tənzimlənməsini yolverilməz hesab edir. O bildirir ki, lisenziyalaşdırma milli tezlik resurslarının məhdudluğundan irəli gələn fəaliyyətdir. İnternet isə milli tezlik resursu deyil deyə, onu lisenziyalaşdırmaq hüquqi baxımdan anlaşılmır:

«Hesab edirəm ki, istənilən dövlət qurumu, hakimiyyət ifadə azadlığına dözümlü olmalıdır. Bu gün internet bizdə yeganə məkandır ki, daha plüaristdir. İnterneti kənarlaşdırsaq, Azərbaycanda təkrənglilik mövcud olar. Hökumət qurumları internet üzərindən olan tənqidlərdən nəticə çıxarıb onları doğuran problemləri aradan qaldırmalıdır, nəinki tənqidlərin
Ələsgər Məmmədli
Ələsgər Məmmədli
​özünü».

«ETİRAZIMIZI BİLDİRMƏLİYİK»

«Kanal 13» internet telekanalının rəhbəri Anar Orucov isə düşünür ki, lisenziyalaşdırma məsələsinin yenidən aktuallaşmasına səbəb internetdə azad fikirlərin daha çox səslənməsidir:

«Çox aktiv şəkildə etirazımızı bildirməliyik. Beynəlxalq aləmdən də bununla bağlı bizə dəstək olmalıdır. Biz sussaq, daha çox qabağa gedə bilərlər. Bizim varlığımız belə bir narahatlıq doğurursa, deməli, nəsə iş görə bilirik. Ona görə də bu cür iş görə bilən qurumları qorumaq lazımdır».

«İnternet televiziyaların lisenziyalaşdırılması, bu fəaliyyətin standartlarının müəyyən olunması tək Azərbaycanın deyil, dünyanın müxtəlif ölkələrinin müzakirə etdiyi məsələlərdən biridir».

Əli Həsənov
Əli Həsənov
Bunu isə «APA»ya açıqlamasında Prezident Administrasiyasında İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. O bildirib ki, son qərarı vermək üçün Azərbaycan Avropa Şurasına daxil ölkələrin bu istiqamətdə hansı addımlar atacağını gözləyəcək.

Əli Həsənov onu da deyib ki, internet televiziyaların fəaliyyətinin əsas prinsip və normalarının müəyyən olunması məsələsi transmilli mahiyyət kəsb edir.

Rəsmi açıqlamaya əsasən, Azərbaycanda hazırda internetdə 20-dən çox , müstəqil mənbələr isə yalnız 4-5 internet TV-nin fəaliyyət göstərdiyini deyir.

«Freedom House» beynəlxalq hüquq müdafiə təşkilatı bu ilin əvvəlində yaydığı hesabatda Azərbaycanı internet üzrə «qismən azad» ölkələr sırasında göstərib. Hesabatda həmçinin Azərbaycanın internet məkanında inhisarçılığın olması qeyd edilir.
XS
SM
MD
LG