Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:35

«Cizgi kinosuna yeni nəfəs, yeni qüvvələr lazımdır»


Yusif Şeyxov
Yusif Şeyxov
«CİZGİ KİNOSUNDA KADR BOŞLUĞU YARANIB»

Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına Mədəniyyət və Turizm Nazirliyinin kino şöbəsinin sektor müdiri Yusif Şeyxov söylədi.

Onun sözlərinə görə, bu sahədə nəsillər arasında ardıcıllıq pozulub: «Cizgi kinosuna yeni nəfəs, yeni qüvvələr, yeni adlar lazımdır».

MÜSABİQƏNİ BU MƏQSƏDLƏ KEÇİRİRİK

Yusif Şeyxov təmsil etdiyi qurumun bu məqsədlə yeni müsabiqə elan etdiyini də bildirdi: «İndiyədək kinonun müxtəlif sahələrinə aid müsabiqələr keçirmişik. Bundan əvvəl cizgi filmi ssenariləri müsabiqəsi oldu. İndi bir dəqiqəlik cizgi filmləri müsabiqəsi təşkil etmişik. Müsabiqə vasitəsilə yeni qüvvələri üzə çıxarmaq istəyirik».

ÖLKƏDƏ ANİMASİYANI BİLƏN ADAMLAR VAR

Yeni müsabiqənin sentyabrdan elan olunduğunu, dekabrın ortalarına qədər davam edəcəyini söyləyən sektor müdiri ölkədə animasiya ilə məşğul olan adamların olduğuna da diqqət çəkdi: «Onların işlərini «Youtub»da da görmək olur, TV kanallarda da. Fikir versəniz, kiçik reklam çarxlarında da bəzən animasiyadan istifadə olunur. Demək, bunu bilən adamlar var. Müsabiqə vasitəsi ilə onları cizgi kinosuna cəlb etmək istəyirik».

QADINLAR DA VAR

Yusif Şeyxov müsabiqəyə qatılanların müxtəlif yaş qrupundan olduğunu da vurğuladı: «Cavanı da var, nisbətən yaşlısı da. Hətta aralarında qadınlar da var».

MÖVZU MƏHDUDİYYƏTİ YOXDUR

Müsahibimiz müsabiqəyə qatılanlara mövzu məhdudiyyəti qoyulmadığını da bildirdi: «Yeganə şərt odur ki, bir dəqiqə ərzində tamamlanmış fikir animasiya üsulu ilə lentə alınsın».

BİR DƏQİQƏ AZ DEYİLMİ?

Yusif Şeyxov bu sualı belə cavabladı: «Bu, qəbul olunmuş formadır. Bir dəqiqəlik sənədli filmlər də olur, bədii filmlər də, cizgi filmləri də. Hətta bir dəqiqəlik beynəlxalq film festivalları da olur».

QALİBLƏR NƏ VAXT BİLİNƏCƏK?

Nazirlik rəsmisi qaliblərin ilin sonunda açıqlanacağını söylədi: «Mükafatlar maddi formada olmayacaq. Hərçənd hər hansı bir mərhələdə maddiyyat da ola bilər. Ən əsası, qaliblərə gələn il 5 dəqiqəlik (11 yer) və 10 dəqiqəlik (1 yer) cizgi filmi çəkmək imkanı veriləcək».

Yusif Şeyxov cizgi filmlərinin nəyin hesabına çəkiləcəyini də aydınlıq gətirdi: «Filmlər dövlətin sifarişi ilə çəkiləcək».
XS
SM
MD
LG